Həcc ibadəti ilə bağlı "güc yetirmə" nə mənaya gəlir?


Bir insana həcc ibadətinin fərz olması üçün onun müsəlman, ağıl sahibi və yetkinlik yaşına çatmış, həmçinin həcc yolçuluğuna çıxmaq üçün fiziki baxımdan sağlam bədənə və bu səfər üçün maddi gücə sahib olması lazımdır. Həcc yolçuluğuna çıxmaq üçün fiziki baxımdan sağlam bədənə və maddi imkana sahib olmağa termin olaraq “güc yetirmə” (istitaat) deyilir.“Güc yetirmə” (istitaat) həccə gedəcək şəxsin, gedib qayıdana qədər sosial səviyyəsinə uyğun olaraq, özünün və məsul olduğu insanların dolanışığını təmin etmək üçün kifayət qədər maddi gücə malik olması deməkdir. Bu şərtlərlə yanaşı həcc ibadətini yerinə yetirmək üçün həcc vaxtının və ya həcc mövsümünün də (hicri təqvimlə zilhiccə ayının 9-10-cu günləri) gəlmiş olması lazımdır.
Bütün bu şərtlərə sahib olduqdan sonra növbəti həcc mövsümünə çatmadan dünyasını dəyişən şəxs, yuxarıda göstərilən şərtləri daşımış olsa da həcc borcu olmadan ölmüş sayılır. Həcc ibadəti mahiyyətcə Kəbə və ətrafındakı məlum yerləri və yenə məlum günlərdə ziyarət etməkdən ibarət olduğu üçün insanın fiziki və maddi gücə sahib olması (istitaat) bu ibadətin əsas şərti sayılmışdır. İslam dini bu baxımdan müsəlmanların güc yetirə bilməyəcəkləri mükəlləfiyyətlərdən onları məsul tutmamış və yalnız hər iki cəhətdən, yəni həm fiziki, həm də maddi baxımdan güc sahibi olanlara bu ibadəti fərz buyurmuşdur.

Səhhətli olmaq
İmam Əbu Hənifə və İmam Malik kimi alimlər fiziki olaraq sağlam və səhhətli olmağı həccin şərti hesab edirlər. Buna görə də həcc ibadətini yerinə yetirmək üçün fiziki gücə sahib olmayanlar bu ibadətdən məsul deyillər, həmçinin özlərinin yerinə başqa bir şəxsi vəkil olaraq göndərmələrinə də ehtiyac yoxdur.
Hənəfi məzhəbinə mənsub Əbu Yusuf və İmam Muhəmməd (Əbu Hənifənin iki məşhur tələbəsi), İmam Şafii və İmam Hənbələ görə, maddi imkanlara sahib, ancaq feilən həcc ibadətini yerinə yetirmək üçün fiziki gücü yerində olmayan, xəstəliyi, ya da fiziki qüsuru olan şəxslər öz yerlərinə vəkil göndərməli və ya bunu vəsiyyət etməlidirlər. Feilən həcc ibadətini yerinə yetirməyə əngəl olan xəstəliklərə əlillik, korluq, həcc ibadətinə tab gətirə bilməyəcək qədər xəstəlik və ya yaşlılıq göstərilə bilər.

Yol təhlükəsizliyi
İslam alimlərinə görə, yol təhlükəsizliyinin olması həcc ibadətinin şərtlərindən biridir. Bu o mənaya gəlir ki, əgər həcc yolçuluğunda can və mal təhlükəsizliyi yoxdursa, hətta zəvvarlar yol təhlükəsizliyini özləri təmin etməkdən acizdirlərsə, bu məsələ yuxarıda qeyd edilən “güc yetirmə” daha doğrusu “güc yetirə bilməmə” halına gəlir ki, bu zaman da feilən həcc ibadətini yerinə yetirmək mümkün olmaz.

Keçici bir əngəlin olması
Yuxarıda sadalanan digər şərtlər yerində olsa belə həbs həyatı, ya da ölkə xaricinə çıxa bilməmək kimi hallar həcc mövsümündə baş vermişsə, bu zaman həcc ibadətini yetirə yetirmək öhdəliyi aradan qalxır.

Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top