Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxunun nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Bu gün ölümü ilə əbədilik qazanan qəhrəmanlarımızdan Əzəmi Hüseynov və Nurlan Məmişovun doğum günüdür.
Əzəmi 3 bacının bir qardaşı idi. O, son mesajında da anasına, bacılarına, həyat yoldaşına ümidlər vermişdi. Arzularından da danışmışdı. Əslən şuşalı idilər. Ən böyük arzusu Şuşa alınanda bayrağımızı Şuşaya asmaq və sonra da evlərini ziyarət etmək idi. Bu gün onları hamı ağlayırdı, şəhid analarının fəryadı yeri-göyü sarsıdırdı.
Yeniavaz.com xəbər verir ki, şəhidin mövludunda Mingəçevir İcra Hakimiyyətinin nümayəndələri Sahib Əliyev, Seymur Hidayətov, şəhidin doğmaları, əsgər yoldaşları, şəhid valideyinləri, şəhidin oxuduğu MDU-nun müəllim-tələbə kollektivi də iştirak ediblər. Şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edən Sahib Əliyev şəhər rəhbərliyinin adından şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Qeyd edək ki, Əzəmi 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə, 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetinində (MDU) təhsil alıb.
Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarıda müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Çavuş Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Məmişov Nurlan 44 günlük Vətən Müharibəsində şəhidliyə ucalan qəhrəman igidlərimizdən biridir. Nurlan 29.08.2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. Talış-Suqovuşan istiqamətində döyüş yolu keçib. 08.09.2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Esmira Hidayətova, Mingəçevir