Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.
***16:38
Bakıdakı Şəhidlər Xiyabanında naməlum qəbirlər açılır.
Yeniavaz.com-un Modern.az-a istinadən məlumatına görə, artıq bir neçə məzar açılıb. Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov faktı təsdiqləyib.
S.Həsənov bildirib ki, qəbirlərin açılması Səbail rayon Prokurorluğunun qərarı ilə həyata keçirilir: “Buna səbəb naməlum qəbirlərin kimliklərinin müəyyən olunmasıdır”.