Türkiyədəki yanğınlarda istifadə olunan amfibiya təyyarəsi – Qiyməti və xüsusiyyətləri


Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən yanğınların söndürülməsində Azərbaycanın yansöndürmə və xilasetmə briqadaları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasına məxsus yanğınsöndürmə vasitələrindən istifadə olunur. Bu vasitələrdən ən əhəmiyyətlisi isə şübhəsiz, hal-hazırda da qardaş ölkədə yanğınların söndürülməsində aktiv istifadə olunan “BE-200” tipli amfibiya təyyarəsidir.
Yeniavaz.com
sözügedən təyyarənin qiyməti və xüsusiyyətləri haqqında bəzi məlumatları təqdim edir:
Rusiyanın “Beriev” şirkəti tərəfindən istehsal edilən “BE-200” yanğınsöndürmə, axtarış-xilasetmə, dəniz patrulu, yük və sərnişin daşınmasında istifadə üçün nəzərdə tutulub. Təyyarə 12 ton su və ya 72 sərnişin tutumuna malikdir.
“BE-200” suda sabitliyi təmin edə bilən xüsusi dizaynlı gövdəyə malikdir. Gövdə alüminium ərintidən hazırlanıb və korroziyadan qoruyan materialla örtülüb. Təyyarənin uzunluğu 31,43 , hündürlüyü 8,9, qanadlarının uzunluğu isə 32,78 metrdir.
Təyyarə əsasən irimiqyaslı yanğınların söndürülməsində istifadə olunur. Birbaşa su hövzəsi üzərinə enə bilən bu təyyarə 18-20 saniyə ərzində bortuna 12 ton, aerodrom şəraitində isə 15 dəqiqəyə 9 ton su götürərək 1 keçiddə geniş yanğın ərazisini əhatə edir.
“Beriev BE-200” amfibiya təyyarəsinin qiyməti, sifariş edilən xüsusiyyətlərə görə 45-70 milyon ABŞ dolları aralığında dəyişir.
Fövqəladə Hallar Nazirliyi Türkiyəyə göndərilən texnikaların siyahısından bu təyyarəni göstərməsə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdaoğan Azərbaycanın dəstək məqsədilə belə bir təyyarə göndərəcəyini anons etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top