Polisi döyən deputat toxunulmazlığını və mandatını itirəcək? - QAYDA


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Eldəniz Səlimov iyul ayının 29-da Xaçmaz rayonundakı ictimai iaşə obyektlərindən birində polisi döyüb. Faktı artıq Daxili İşlər Nazirliyi təsdiqləyib və materialların araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərildiyi bildirilib. Bəs deputatlar hansı hallarda toxunulmazlıqlarını və mandatlarını itirirlər?
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 22-ci maddəsinə əsasən Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi qaydası aşağıdakı kimidir:
“Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Milli Məclisin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilə bilər. Bu barədə təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxır.
Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına (bundan sonra – İntizam komissiyası) göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.
Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması məsələsi müzakirə edilə bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər və bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir”.
Milli Məclisinin Daxili Nizamnaməsinin 23-cü maddəsinə əsasən isə Milli Məclisin deputatlığından məhrumetmə ilə əlaqədar məsələyə Milli Məclisdə baxılması qaydası aşağıdakı kimidir:
“Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində göstərilən əsaslar olduqda, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında məsələni İntizam komissiyasına göndərir. İntizam komissiyası bu məsələyə mandatından məhrum edilməsi nəzərdə tutulan deputatın iştirakı ilə 2 həftə müddətində baxıb müvafiq rəy qəbul edərək Milli Məclisin Sədrinə təqdim edir. Pozuntu halları rəydə öz təsdiqini tapdıqda, Milli Məclisin Sədri İntizam komissiyasının Milli Məclisin deputatının mandatından məhrum edilməsi barədə rəyini Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir. 
Milli Məclisin deputatı Milli Məclisin iclasında mandatından imtina etdikdə və həmin imtina Milli Məclisin iclasının stenoqramına daxil edildikdə, Milli Məclisin deputatı bu imtinasını geri götürə bilməz. Bu halda Milli Məclisin Sədri iclasın stenoqramını və ya stenoqramdan çıxarışı Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına göndərir”.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin birinci bəndinin 4-cü, 6-cı və 7-ci yarımbəndlərində qeyd olunan hallar bunlardır:
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.
Qeyd edək ki, Milli Məclisin İntizam komissiyası sədrinin müavini Fəzail Ağamalı deputat Eldəniz Səlimov tərəfindən qanun pozuntusuna yol verildiyinə görə məsələnin İntizam komissiyasının gündəliyinə salınacağını və baxılacağını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top