Atəşkəsin pozulduğu ərazidəki Zod qızıl mədəninin iqtisadi əhəmiyyəti – RƏQƏMLƏR


Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi yaydığı rəsmi məlumatlarda Ermənistan Silahlı Qüvvələrinin son bir neçə gündür Ermənistan-Azərbaycan sərhəddinin Kəlbəcər istiqamətində atəşkəs rejimini pozduğunu açıqlayır. Hətta Ermənistanın törətdiyi təxribatlar nəticəsində şəhid olan və yaralanan hərbi qulluqçularımız var. "GeoProMining Gold" şirkəti “Armenpress”ə verdiyi açıqlamada bu gün, yəni iyul ayının 28-də Kəlbəcər istiqamətində atəşkəsin pozulmasına görə Zod qəsəbəsindəki qızıl mədənində işin dayandırıldığını və 150 işçinin təxliyə edildiyini bildirib. Bəs Zod qəsəbəsindəki sözügedən qızıl mədəninin iqtisadi əhəmiyyəti nədən ibarətdir?
Yeniavaz.com
xəbər verir ki, Zod qızıl mədəni Ermənistan iqtisadiyyatında böyük paya sahib olub. Açıqlanan rəsmi məlumatlardan belə görünür ki, 2019-cu ildə Zod qızıl yatağını istismar edən Rusiyanın "GeoProMining Gold" şirkəti Ermənistanın ən böyük 4-cü vergi ödəyicisi olub. Belə ki, həmin il "GeoProMining Gold" şirkəti dövlət büdcəsinə 16 milyard dram (32 milyon dollar) vergi ödəyib. Ötən ilin oktyabr ayında açıqlanan məlumata görə, Zod qızıl mədənində 1654 nəfər işçi işləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2020-ci il noyabr ayının 10-da imzaladığı birgə bəyanatın icrasına əsasən  ötən il noyabr ayının 25-də Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonundan tamamilə çıxarılıb və ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib. Bununla da, Zod qızıl mədəninin Kəlbəcər rayonu ərazisində yerləşən təxminən dörddə-üç hissəsi Azərbaycanın nəzarətinə keçib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən il dekabr ayının 2-də Zod qızıl yatağının görüntülərini də yayıb:

Yuxarıda qeyd edilən rəqəmlərdən də göründüyü kimi, mədən ərazisinin dörddə-üç hissəsinin Azərbaycanın nəzarətinə keçməsi Ermənistan iqtisadiyyatı üçün böyük itki olacaq.
Onu da bildirək ki, Zod qızıl mədəni 1976-cı ildən istismar olunur. Mədən əsasən qızıl və gümüş ehtiyatlarına malikdir. Ermənistan tərəfinin açıqladığı sonuncu məlumatda qeyd olunur ki, Zod qızıl mədəninin yenidən qiymətləndirilmiş ehtiyatları 31 min 141 ton filizdir ki, bunun da 133,5 tonu qızıl və 175,6 tonu gümüşdür. Zod qızıl mədəni 2018-ci ildə 162 milyon dollara İsveçrəyə 4 min 518 kiloqram qızıl ixrac edib.  
Açıqlana rəqəmlər həm də onu göstərir ki, Azərbaycan Zod qızıl mədəninin istismarından milyardlarla dollar gəlir ədə edəcək.
SSRİ-nin süqutundan qısa müddət sonra – 1996-cı ildən etibarən Ermənistan Zod qızıl mədənini qanunsuz şəkildə istismar edir. 1996 –cı ildən sonra qızıl mədənini “Hayoski” Dövlət Müəssisəsi ilə “Global Gold” şirkəti birgə istismar edib. Daha sonra “Global Gold” şirkəti öz payını Kanadanın “First Dynasty Mines” şirkətinə satıb. 2002-ci ildə Zod qızıl mədəninin tək sahibi Hindistanlı iş adamı Anil Agarval olub. Daha sonra Hindistanlı iş adamı mədəni Rusiyanın “GeoProMining Gold Company” şirkətinə satıb.

DİGƏR XƏBƏRLƏR

Top