"Enneaqram. Özünü kəşf et" – Kitab afişası


Dünyanı cənginə alan pandemiya və onun gətirdiyi dəyişikliklərlə bağlı olaraq insanların həyat rejimləri, maraq dairələri, fəaliyyətləri də dəyişməyə başladı. Özü ilə daha çox vaxt keçirməyə məcbur qalan insan özünə qayıtmaq, özünü daha yaxından tanımaq imkanı qazandı. Bu, onun oxuduğu kitablara da təsir göstərdi. Dolayısı ilə son vaxtlar psixologiya, özünüdərk, özünüinkişafla bağlı kitablara da maraq artdı. Yunis Əmrə deyir: 
İlim ilim bilmektir
İlim kendin bilmektir
Sen kendin bilmezsin
Ya nice okumaktır

Haqqında danışacağım kitab da bizə özümüzü bilməyə, başa düşməyə, daha yaxından tanımağa kömək edəcək. Tədqiqatçı, yazıçı İsmail Acarkanın "Enneaqram. Özünü kəşf et" kitabı "Libra kitab" nəşriyyatı tərəfindən oxuculara təqdim olunmuşdur. Əvvəlcə onu deyim ki, kitabın dili çox sadə, anlaşıqlıdır, çətin elmi terminlər, dolaşıq cümlələr, qəliz izahlar yoxdur. 
Enneaqram "9 nöqtə" anlamına gələn 9 temperament tipini özündə birləşdirən sistemdir. Enneaqram insanın anadangəlmə psixoloji "nüvə"sini öyrənir. Müəllif bu kitabında 9 tipi təhlil etmiş, hər birinin üstünlükləri, ruh halları, stresli və sağlam vaxtlarındakı davranışları haqqında məlumat vermiş, tez-tez işlətdikləri cümlələr, etdikləri səhvlər, onlarla münasibətdə məsləhətlər vermiş və sonda hər tipin məşhur simalarını sadalamışdır. 
Temperament tipini bilməyin təhsil, ailə, iş, valideyn-övlad münasibətlərində bizə nələri qazandıracağını öyrəndikdə kitab məni cəlb etməyə, maraqlandırmağa başladı. Öz tipimi müəyyənləşdirdikdən sonra isə əlimdən yerə qoya bilmədim. 
Temperamentin mövcudluğu göstərir ki, əslində uşaqlar dünyaya gələndə "ağ kağız" olmurlar. Bəzi xüsusiyyətlər onların mayasında əvvəlcədən mövcud olur. "... insan temperamentin nüvəsi, başqa sözlə, çəyirdəyi ilə dünyaya gəlir. Bu nüvə şəxsiyyətin özünü təşkil edir. Bunu çəyirdək və ağac arasındakı əlaqə ilə müqayisə edə bilərik". Bu nə deməkdir? 
Bu o deməkdir ki, şəxsiyyətin özündə olan bəzi əsas xüsusiyyətlər var ki, onlar nə cinsiyyətdən, nə ailə mühitindən, nə də təhsildən asılıdır. Çəyirdəkdə ağacın növü var olduğu kimi, məsələn, emosionallıq, liderlik, mülayimlik, həssaslıq, öyrənməyə maraq və s. də uşaq dünyaya gəlməmişdən artıq onun, necə deyərlər, canında olur. Digər amillər bu xarakterik cəhətləri yaratmır, sadəcə olaraq formalaşdırır. 
Eyni zamanda müəllif bildirir ki, kişilər soyuqqanlı, davakar, qadınlar həssas və emosional olur, adam ata-anasından nə görürsə, onu götürür, zorakılıq görən zorakılıq göstərir və s. kimi fikirlər də yanlışdır. Məsələn, 4-cü tipə aid olan kişilər 9-cu tipə aid olan qadınlardan qat-qat həssas, emosional və romantik olurlar. 
Hər tipin əsas xarakterik xüsusiyyətləri kitabda belə ümumiləşdirilir. 
Tip 1: Düzgünlük, səhvsizlik sevən, mükəmməlçi tip. 
Tip 2: Dəyər, sevgi və diqqət axtaran emosional tip. 
Tip 3: Hamıdan öndə olmağı sevən lider tip. 
Tip 4: Orijinal, estetik, nəzakətli, həssas tip. 
Tip 5: Elmi, öyrənməyi sevən, müşahidəçi, məntiqli tip. 
Tip 6: Hər şeylə maraqlanan, heç kəsə güvənməyən şübhəçi tip. 
Tip 7: Yenilik, həyəcan axtaran dilli-dilavər, şən tip. 
Tip 8: Cəsur, sərt, dözümlü, dominant tip. 
Tip 9: Dinclik, sakitlik axtaran mülayim, sülhsevər tip. 
Müəllif bildirir ki, heç bir tip biri digərindən üstün, aşağı, yaxşı, ya da pis deyil. Hər bir tipin müsbət və mənfi cəhətləri var. 
Məsələn, 5-ci tipin tək qalıb düşünməyi, müşahidə etməyi, sevməsi onu alim edə bildiyi kimi, eyni zamanda antisosial, insanlara biganə, özündənrazı da edə bilər. Və yaxud da, 4-cü tipin orijinallıq, fərqlilik axtarışında olması onu yaradıcı, incəsənət adamı edə bildiyi kimi, onun fərqli olmaq istəyi özünü tapa bilməməklə və ya özünə qapanmaqla da nəticələnə bilər. 
Enneaqram modelinə əsasən uşaqları nəzərdən keçirmək də maraqlı olacaq. Hər kəsin öz övladının hansı tipə aid olduğunu müəyyənləşdirməsi onlarla fiziki və mənəvi münasibətdə, təlim-tərbiyə prosesində valideynlər üçün çox faydalı olacaq. Kitabda əyləncə, yenilik axtarışında olan 7-ci tip uşaqları təsvir edərkən tanış mənzərə ilə qarşılaşdım. Səbirsizlik, tez bezmə, diqqət dağınıqlığı, geniş fantaziya, macəra ovçusu, hərəkətlilik... Bəzən düşünürük ki, uşaqlar nəyisə bilərəkdən edir, bizi dinləmirlər. Bu kitab sizin fikirlərinizi dəyişəcək. Fərqli uşaq tiplərini oxuduqca övladlarınızla ideal münasibət qurmağın ipuclarına, sirlərinə yiyələnəcəksiniz. 
Eyni zamanda "Enneaqram və Münasibətlər" başlığında isə ikili münasibətlərdə tiplər bir-birilərinə qarşı nələrə diqqət etmələri, nələrdən çəkinmələri, ideal münasibət anlayışları haqqında geniş məlumat var. 
Məsələn, 6-cı tipin heç kəsə güvənmədiyi üçün hər şeyi yoxlamaq xüsusiyyəti, 9-cu tipin sərbəstlik, rahatlıq istəyi ilə uyğun gəlmir. O baxımdan burada temperament tipinə əsasən həyat yoldaşlarının xüsusiyyətləri nəzərə alınır və onlarla necə davranmaq barədə təlimatlar verilir. 
Bəs iş həyatında tiplərin zəif və güclü cəhətləri və ya yol verə biləcəkləri səhvlər nələrdir? Onu da oxuyaraq işinizdə qazandığınız uğur və uğursuzluqların səbəbini öyrənəcəksiniz. Məsələn, işlərini planlaşdırmaq 1-ci tipin güclü cəhəti olduğu halda, 9-cu qrupun zəif cəhətidir. Ona görə də, 9-cu tipə işlərini düzgün planlaşdırmaq, tənbəllik etməmək, bu günün işini sabaha qoymamaq məsləhət görülür. 
Müəllif İsmail Acarkan tiplərə əsasən məşhur insanları da qruplaşdırır. Elmi, məntiqi, həmçinin, güclü müşahidə qabiliyyətini əks etdirən 5-ci tipin məşhur simaları bunlardır: Bill Qeyts, Albert Eynşteyn, Fridrix Nitsşe, Çarlz Darvin, Frederik Şopen, Mark Zukerberq və s. 
Orijinallığı, estetikanı, nəzakəti özündə ehtiva edən 4-cü tipin məşhur simaları isə bunlardır: Edqar Po, Albert Kamyu, Koko Şanel, Van Qoq, Elif Şafak, Cemal Süreya, Tarkan, Sezen Aksu, Candan Erçetin, Yıldız Tilbə və s. Adlardan da göründüyü kimi müəllif dünya ilə yanaşı Türkiyənin də məşhur simalarını qruplaşdırmışdır. Bu baxımdan hansı məşhurun tipinə aid olduğunuzu öyrənmək də sizə maraqlı olacaq. 
Kitabda diqqətimi çəkən, xoşuma gələn nüanslardan biri də, hər tipə, hər başlığa uyğun yerində işlənən aforizmlərdir. Həssaslığı, romantikliyi ilə seçilən 4-cü tipi xarakterizə edərkən müəllif Cemal Süreyadan belə bir sitat gətirmişdir: 
"Kaş ki həmişə uşaq qalaydıq, ən ağır yaramız da dizimizdəki cızıqlar olaydı". 
Qarşınızda həm sizə, həm də ətrafınıza faydalı olacaq dolu-dolu bir kitab var. Ondan böyüdücü kimi istifadə edin və özünüzə, ətrafınıza daha yaxından baxın. 

Qeyd: "Enneaqram. Özünü kəşf et" kitabını Mənbə Kitab evindən əldə edə bilərsiniz.

Tükəzban Məmmədli,
Fraza jurnalı

DİGƏR XƏBƏRLƏR

Top