İtmiş xəzinənin kaşifi - Fuat Sezgin


Fuat Sezgin illər əvvəl Bitlis şəhərindən İstanbula mühəndis olmaq xəyalı ilə gəlmişdi. Ancaq qədərin onunla bağlı başqa planları var idi. İstanbulda alman alim Helmut Ritterin bir konfransında iştirak etdikdən sonra o, mühəndis olmaqdan daşınacaq, qədərin ona təyin etdiyi yolla gedərək İslam elm tarixçisi kimi dünyada tanınacaqdı. Beləcə, bəlkə də gələcəkdə inşaat və tikinti sahələri Fuat Sezgin adlı bir mühəndisdən məhrum qalacaqdı. Ancaq böyük bir mədəniyyətə sahib müsəlmanlar onları əsrlər boyu davam edən ölüm yuxusundan qalxmağa çağıran (həm də elmin dili ilə) unudulmaz bir müəzzinə qovuşacaqdı.
İstanbul Universitetində İslam elmləri və şərqşünaslıq sahəsində dərs deyən alman alim Helmut Ritterin konfransda dilə gətirdiyi sözlər o dövrdə bir çoxlarının, həmçinin Fuat Sezginin heç eşitmədiyi məsələlər idi. Alman alim geniş dəlil və sübutlarla Avropa mədəniyyətinin İslam mədəniyyətinin bir davamı və övladı olduğunu söyləyirdi.

Almaniya illəri...
Fuat Sezgin elm yolçuluğuna öz ölkəsində başlamış olsa da, 1960-cı ildə Türkiyədə dövlət çevrilişi baş vermiş, iqtidara gələn hökumət universitetlərdə işləyən 147 akademiki "zərərli professor" adı ilə işdən çıxarmışdı. Bu siyahıda Fuat Sezginin də adı var idi. O, qardaşı "müxalif" partiyadan (Demokrat Partiya) olduğu üçün yeni hökumət tərəfindən qara siyahıya salınmışdı. Beləliklə, Fuat Sezgin itmiş xəzinə olan min illik İslam mədəniyyətini yenidən kəşf etmək və onu dünyaya tanıtmaq işini vətəndən uzaq məmləkətdə, Almaniyanın Frankfurt Universitetində davam etdirməli olacaqdı.
35 yaşında ölkəsini tərk etmək məcburiyyətində qalan Fuat Sezgin nə az, nə çox, düz 50 il Almaniyanı özünə ikinci vətən seçmiş, bütün həyatını İslam mədəniyyətinə, İslam elm tarixinə həsr etmiş, elmi tədqiqatlarını burada aparmışdı. Beləcə, o, alman dilini İslam elm tarixi sahəsində bir qaynaq və mənbə dili halına gətirmişdi. Fuat Sezgin öz ifadəsi ilə 400 000 (dörd yüz min) əlyazma əsəri tədqiq edərək tarixin qaranlıq rəflərində qalmış minlərlə müsəlman elm adamının həyatı və əsərini gün üzünə çıxarmışdı.

17 cildlik məşhur əsəri
Fuat Sezgin araşdırmalarının nəticəsini alman dilində qələmə aldığı 17 cildlik şah əsəri "Geschichte des arabischen Schrifttums" (Ərəb dilində yazılmş mətnlərin tarixi) qısa adı ilə "GAS"-da bir araya gətirdi. Fuat Sezginin 50 illik elmi tədqiqatlarının bəhrəsi olan bu nəhəng əsərə adından yola çıxaraq yalnız ərəb millətinə aid olan mətnləri gün üzünə çıxarmaq kimi baxmaq olmaz. Çünki İslam aləmində və ümumiyyətlə o günkü dünyada elmin dili ərəb dili olmuş, yazılan elmi əsərlər də bu dildə qələmə alınmışdır. Dolayısı ilə Fuat Sezginin 17 cildlik nəhəng əsərində haqqında bəhs etdiyi alimlərin çoxu ərəb deyil, müsəlman olan digər millətlərin mənsubu idi.
17 cildlik bu əsəri sözün həqiqi mənasında hərtərəfli bir tədqiqat və nəşr layihəsinin məhsulu hesab etmək olar. Fuat Sezgin bu əsərini qələmə alanda Avropadan, Cənubi Afrikaya, oradan Orta Şərq və Hindistana qədər dünyanın altmış ölkəsindəki kitabxanaları gəzmiş, buradakı 400 000-dən çox əlyazma əsəri tədqiq etmişdir. Hətta, o bu işdə o qədər usta hala gəlmişdi ki, bir əlyazma əsəri əlinə alanda hansı dövrə aid olduğunu dərhal anlayırdı. Bütün bunlar 17 cildlik "Geschichte des Arabischen Schrifttums - GAS" (Ərəb dilində yazılmş mətnlərin tarixi) əsərinin böyük bir araşdırmanın məhsulu olduğunu göstərir.

Təkbaşına bir universitet
Fuat Sezgin İslam elm tarixini araşdıranlar üçün əvəzolunmaz bir mənbə olan bu əsərini qələmə almağa 1966-cı ildə Frankfurt Universitetində başlamışdır. İlk cildi 1967-ci ildə nəşr edilən bu əsərin son cildi 2015-ci ildə tamamlanmışdır. 17 cildlik və 50 illik elmi fəaliyyətin bəhrəsi olan bu əsər 8820 səhifədən ibarətdir. Fuat Sezgin belə bir əsər ortaya qoymaqla əslində böyük bir araşdırma heyətinin, ya da bir universitetin görə biləcəyi işin öhdəsindən təkbaşına gəlmişdir. Buna görə ona tək adamlıq universitet demək yanlış olmaz. Bu vacib əsər Türkiyədə onun adına qurulan bir vəqf (Prof. Dr. Fuat Sezgin İslam Bilim Tarihi Araştırmaları Vakfı) tərəfindən Alman dilindən Türkiyə türkçəsinə tərcümə edilmişdir. Qeyd edək ki, 2019-cu il Türkiyədə Prof. Dr. Fuat Sezgin ili elan edilmişdir.

Almaniya və Türkiyədə qurulan muzeylər
Fuat Sezgin bu əsərindəki bəzi dəqiq və konkret məlumatları əyani formada göstərmək üçün müsəlman alimləri tərəfindən ərsəyə gətirilmiş 800-dən çox texnoloji alət və qurğunu əsərdəki təsvirlərə əsasən yenidən emal etdirmişdir. Bunların nümunələrini 1983-cü ildə Almaniyada qurduğu muzeydə nümayiş etdirmiş, eyni muzeyin oxşarının 2008-ci ildə İstanbulda açılmasına nail olmuşdur.
Fuat Sezgini tanımaq üçün onun səyləri nəticəsində İstanbulda Gülhanə Parkında açılan "İslam elmləri və tarixi muzeyi"ni ziyarət etmək, oradakı hər əsərin yanında yazılmış məlumatları oxumaq çox vacibdir. Muzeydəki 800 əsər ikimərtəbəli binada hər kəsin rahatlıqla araşdıra biləcəyi bir məkanda sərgilənir. Burada hər elm sahəsinə məxsus alətlər ayrı-ayrılıqda izah və açıqlamalar verilərək nümayiş etdirilir. Muzeyi ziyarət edənlər müsəlmanların dünya elminə nə qədər böyük və dərin bir töhfə verdiklərini əyani bir şəkildə anlaya bilərlər. Fuat Sezginin Almaniyadakı 50 illik elmi fəaliyyəti nəticəsində ərsəyə gələn bu muzey şərq xalqlarında əmələ gələn özünəinamsızlıq və natamamlıq hissini aradan qaldıra biləcək səviyyədədir. İrqindən və ölkəsindən asılı olmayaraq bu muzeyi gəzən hər bir müsəlmanın gördükləri ilə qürurlanmaması mümkün deyil. Fuat Sezgini təkcə bu aspektdən tanımış olmaq insanın düşüncə dünyasında yeni üfüqlər açır.
O, apardığı araşdırmalarda əldə etdiyi nəticələri çoxsaylı konfranslarda insanlara təqdim etmişdir. Əsərləri bütün dünyada bu sahədə əvəzedilməz mənbə halına gəlmişdir. Araşdırmalarına görə həm İslam dünyasının, həm də Almaniyanın ən prestijli elm mükafatlarına layiq görülmüşdür.
Fuat Sezgin bununla kifayətlənməmiş, müsəlman elm adamlarının qələmə aldığı 1400 cildə yaxın nadir əlyazma əsərləri həm redaktə, həm də faksimilə edərək həmin əlyazma əsərləri heç bir dəyişiklik etmədən yenidən nəşr etdirmişdir.

Elmi tədqiqatlarındakı əsas məqsəd
Fuat Sezgin bir konfransda çıxış edərkən həyatını həsr etdiyi İslam elm tarixi ilə bağlı elmi fəaliyyətinin əsas məqsədini bu şəkildə izah etmişdi: "Mənim mənsub olduğum bir elm və mədəniyyət dünyası var. Biz kökü olmayan alaq otu deyil, əksinə dərin və möhkəm köklərə sahib bir mədəniyyətin övladlarıyıq. Ancaq əsrlər boyu bu mədəniyyətə layiq olduğu diqqət və qayğının göstərilmədiyini, haqqının yeyildiyini, nailiyyətlərinin başqalarının adına yazıldığını gördüm. İslam mədəniyyətinin bu göz qamaşdıran elmi mirasını, dünya elminə verdiyi çox mühüm töhfələri, bunun fərqində olmayan dünyaya tanıtmağı özümə bir qayə və məqsəd seçdim. Digər və əsas məqsədim isə İslam aləminin itirmiş olduğu özünəinamını, insanlıq tarixindəki yerini müsəlmanlara xatırlatmaq, onları bu inamsızlıqdan qurtarmaqdır".

Gəldiyi qənaət...
Fuat Sezgin başqa bir çıxışında belə deyirdi: "Ömrümün 60 ildən çox hissəsini bu elmi əsərlərə həsr edərkən anladım ki, müəyyən iqtisadi və geosiyasi şərtlər daxilində, müəyyən bir dövrdən sonra ortaya çıxan bugünkü Avropa mədəniyyəti İslam mədəniyyətinin davamından ibarətdir. Bu mənada bəzi adətlərini kənara qoysaq, Avropa mədəniyyətini bizə uzaq və yad bir ünsür olaraq görməməliyik. Avropa mədəniyyəti İslam mədəniyyətinin bir övladıdır. Biz bu övladı düşmən hesab etməməli, əksinə onu sevməli, onun xətalarını görərək islah etməyə çaılşmalı və özümüzə buradan yeni bir model çıxarmalıyıq".
Fuat Sezginə görə, monqolların İslam dünyasına hücumları, şəhərləri, elm mərkəzlərini yerlə yeksan etmələri, həmçinin, əsrlər boyu davam edən səlib yürüşləri kimi xarici amillər İslam dünyasında öz yolunda gedən elmi inkişaf və intibah dövrünə ağır zərbələr vurmuşdur. Buna əlavə olaraq elmə və alimə verilən dəyər və himayənin azalması, kitabların məhv edilməsi, alimlər və elm mərkəzləri arasında davam edən əlaqənin kəsilməsi, İslam dünyasının bir tərəfindəki çox mühüm elmi kəşflərin digər tərəfinə çox gec nəql olunması və s. kimi səbəblər də burada rol oynayırdı.
Fuat Sezginə görə bugünkü İslam dünyasının dünənki parlaq dövrlərindən çox geridə qalması, din olaraq İslamdan qaynaqlanan məsələ deyil. Düzdür, dini düzgün başa düşmədikdə, din geridə qalmaq üçün bir vasitə ola bilər. Ancaq Fuat Sezgin apardığı araşdırmalar nəticəsində problemin dindən deyil, müsəlmanların dini başa düşməməsindən qaynaqlandığını ifadə edir. Çünki vaxtilə Avropada intibah və renessansın əsasını qoyanlar, buna zəmin hazırlayanlar müsəlmanlar idilər. Əslində, müsəlmanların sahib olduqları din dəyişməyib. Dəyişiklik müsəlmanların dinə baxışında, dini anlayış şəklində meydana gəlib.

Elm fərqli mədəniyyətlərin ortaq malıdır...
Fuat Sezginə görə, bugünkü dünyada elm və texnologiya sahəsində əldə edilən nailiyyətləri müəyyən bir ölkəyə, ya da müəyyən bir millətə aid etmək olmaz. Sahib olduğumuz elm və texnologiya fərqli tarixi dövrlər içərisində fərqli mədəniyyətlərin ağıl və biliyə verdikləri əhəmiyyət nəticəsində inkişaf edərək günümüzə qədər gəlib çatan bir yekundan ibarətdir.
Bir ömrə ən çox nə qədər elmi əsər, araşdırma və tədqiqat sığdırmaq olar deyə soruşsaq, Fuad Sezginin həyatını, 94 illik ömründəki elmi fəaliyyətini göstərsək, hər halda yetərli olar. Fuat Sezgin belə deyirdi: "Bütün hüceyrələrimin istirahət etməyə ehtiyacı olduğunu hiss edirəm. Ancaq hər dəfə bunu hiss edəndə İslam dünyasının mövcud vəziyyəti gözümün önünə gəlir. Bu zaman istirahət etməyə haqqımın olmadığına özümü inandırıram. Mən qəbirdə dincələcəyəm".

Fraza jurnalı

Nazim Mustafayev

 

DİGƏR XƏBƏRLƏR

Top