
ABŞ və müttəfiqlərinə məxsus qoşunların Əfqanıstandan çıxmasından sonra “Taliban” hərəkatı sürətlə ölkə ərazisini ələ keçirməyə başlayıb.
Yeniavaz.com xarici KİV-lərdə yer alan məlumatlara istinadən bildirir ki, “Taliban” hərəkatı ölkənin 421 rayonunun təxminən üçdə birində nəzarəti ələ keçirib. Son hücumlarından sonra ölkənin Tacikistanla sərhədi “Taliban”ın əlinə keçib və 1000-dən çox Əfqanıstan ordusunun hərbçisi Tacikistana qaçmaq məcburiyyətində qalıb.
Dünyanın aparıcı hərbi portallarından olan “oryxspioenkop.com”un analitikləri yayılan foto və video görüntülər əsasında “Taliban”ın əlinə keçən, ya da məhv edilən Əfqanıstan ordusuna məxsus hərbi texnikanın siyahısını hazırlayıblar.
Hərbi analitiklər belə hesab edirlər ki, təkcə iyun ayında “Taliban” ABŞ-ın Əfqanıstan ordusuna verdiyi 303 zirehli avtomobili qənimət olaraq ələ keçirib, 41 zirehli avtomobil isə məhv edilib.
İyun ayında “Taliban” tərəfindən ələ keçirilən və məhv edilən hərbi texnikanın siyahısı aşağıdakı kimi olub:
Hərbi texnika | Məhv edilib | Ələ keçirilib |
Zirehli avtomobillər | 41 | 303 |
“Ford” “pikap”ları | 21 | 256 |
Hərbi yük avtomobili | 6 | 133 |
Artilleriya qurğusu | - | 33 |
Piyadaların döyüş maşını (M1117) | 4 | 23 |
Helikopter | 4 | - |
Hava hücumundan müdafiə sistemi | - | 3 |
T-55 və T-62 tankları | - | 2 |