Valideynləri olsa da "yetim" böyüyən uşaqlar…


Ehtiyaclar, ümumi estetik görünüş və s. kimi amillər nəzərə alınmadan bir bina inşa ediləndə ilkin plansızlıq ucbatından həmin tikilinin bir pazl oyunu kimi gələcəkdə dəfələrlə sökülüb yenidən tikilməsi qaçınılmaz olur. Eynilə bunun kimi hədəf və qayədən yoxsun və məhz keçib-gedən arzu, həvəs və ehtiraslar üzərində qurulan ailənin də bir gələcək vəd etməsi mümkün deyil. Bu minvalla nikah və evliliyə gedən yolda nəfsani həvəs və arzular kənara qoyularaq məntiqin, sağlam düşüncənin hakim olması lazımdır. Hədəf və qayədən yoxsun qurulan ailənin davamlı olaraq cəmiyyətə avara, sərsəri şəxslər qazandırması isə qaçınılmaz bir nəticədir.
Mübahisələrin və sürtüşmələrin kəsilmədiyi bir ailədə qadın və kişi əsla bir vəhdət təşkil edə, bir evi bölüşə bilməz və eyni evdə fərqli dünyaların insanı olaraq qalarlar. Belə bir toqquşma və mübarizə mühitində böyüyən uşaqlar da bir əşya kimi bəzən bir, bəzən də digər tərəfə yuvarlanaraq iki cəbhə arasında gedib gələcək, hissiz, duyğusuz vəziyyətə düşəcək, cəmiyyətə və ailəyə düşman hala gələcəklər. Bütün bunlar göz önünə alınanda qadın və kişi evliliyə qədəm qoyarkən bu məsələləri düşünməli, lazım gələrsə təcrübəli insanlarla məsləhətləşməli və seçimlərinin səbəblərini çox yaxşı müəyyənləşdirməlidirlər. Evlilik həm dünya, həm də axirət xoşbəxtliyinin çox vacib bir təməlidir. Belə bir ciddi məsələdə səhv etmək isə həm dünya, həm də axirət xoşbəxtliyindən məhrum qalmaqdır.
Uca dinimiz İslam bir tərəfdən evliliyi məşru bir əməl olaraq görür və bunu təşviq edir, digər tərəfdən də evlilikdə sağlam bir qayə və hədəfin olmasını istəyir. Evlilik həyatına qədəm basarkən burada əsas hədəf və qayə Cənab Allahın (c.c) və Həzrət Peyğəmbərimizin (s.ə.s) göstərdiyi yolda bir nəsil yetişdirmək olmalıdır.
İdeal ailədə valideynlər uşaq tərbiyəsində özlərini bir mütəxəssis kimi yetişdirməli, bunun üçün gərəkli bilgilərə sahib olmalıdırlar. Bu minvalla müəyyən bir səviyyədə uşaq tərbiyəsi ilə bağlı psixoloji və pedaqoji biliklərə yiyələnməlidirlər. Valideynlər əvvəla gözəl bir nəsil, yaxşı bir övlad yetişdirməklə bağlı mütləq bir qənaətə və söz birliyinə gəlməlidirlər. Uşaq tərbiyə etmək bacarıq və qabiliyyəti olmayan, əgər olsa da uşaq tərbiyəsi ilə bağlı heç bir məsuliyyət hissi daşımayan bir ana və onların heç bir problemi ilə maraqlanmayan atanın nəzarətindəki uşaqlar, valideynləri olsa da yetimdirlər.
Bəzən elə olur ki, evdə həm kişi, həm də qadın işləyir. Bu vəziyyətdə uşaqlara yaxın qohum-əqrabadan kimsə baxmalı olur, ya da baxçaya, körpələr evinə göndərilirlər. Bəli, bir evdə həm kişi, həm də qadın işləyəndə uşaqlar müəyyən dərəcədə təkliklə üzləşir, yalnızlığa məruz qalırlar. Bu kimi hallarda valideynlər adətən özlərinə belə təsəlli verirlər: “Orada çox mərhəmətli və savadlı müəllimlər, tərbiyəçilər var. Orada uşaqlara bizdən daha yaxşı baxırlar”. Ancaq bu zaman unudulur ki, bütün bunlardan başqa uşağın valideynlərdən istədiyi başqa şeylər var.
Uşaq bağçasında uşağın paltarını yuya, yeməklərini vaxtında yedizdirə, istədikləri zaman onları çıxarıb parkda gəzdirə və ya əyləncə parklarına apara bilərlər. Ancaq bunu edənlər heç vaxt uşağın anası və ya atası ola bilməz, uşağa ən çox ehtiyacı olan şəfqəti verə bilməzlər. Şəfqət, uşağın anasının üzündən oxuduğu, sinəsinə başını qoyanda tapdığı, atasının qucağında hiss etdiyi duyğudur. Uşaq bu duyğuları valideynlərindən ala bilməyəndə onu başqa yerdən tapması mümkün deyil.
Gəlin uşaq bağçalarına və ya uşaq baxıcısına verilmiş uşaqları hələlik bir yana qoyaraq ixtisas təlimi və şəyirdlik üçün usta yanına verilən uşaqları nəzərdən keçirək. Əgər usta mərhəmətdən uzaq və sərt təbiətli bir tipdirsə, uşaq da onun yanında bu ab-havaya vərdiş edərək sərt və amansız bir şəxs kimi böyüyəcək. Bir sözlə, sərt təbiətli insanların yanına şəyird kimi verilən məsum və mülayim ruhlu uşaqlar bir müddət sonra yanında yetişdiyi ustası kimi sərt olmağa başlayır, Bu aspektdən məsələyə baxsaq, dünyaya gələn kimi başqa qucaqlara təslim edilən uşaqların, o başqa nəzər və baxışlar altında nələr yaşayacaqlarını anlamaq hər halda çətin olmaz.
Əslində qadın dediyimiz o incə ruhlu varlıq Uca Yaradan (c.c) tərəfindən elə ülvi duyğularla təchiz edilmişdir ki, bu baxımdan o hər zaman kişidən bir neçə addım öndədir. Bu baxımdan qadınlar, analar, şəfqət qəhrəmanlarıdır. Uşaqlarını qorumaqla bağlı kişilər heç vaxt qadınlarla yarışa, onlarla rəqabət apara bilməzlər. Bu vəziyyət sadəcə insanlara xas deyil. Misal üçün toyuğun bütün sərmayəsi öz həyatı olsa da, balasını itin ağzından qurtarmaq üçün özünü qurban verməkdən çəkinməz. Bütün canlılara balalarına qarşı Cənab Allah (c.c) tərəfindən verilən bu mərhəmət hissi analar üçün elə böyük bir sərmayədir ki, bunu onların əlindən alıb əvəzində onlara nə versəniz də Cənab Allahın (c.c) verdiyi ilə müqayisədə çox kiçik qalacaq.
Bəzən övladımız üçün hədiyyələr alır və onları sevindirməyə çalışırıq. Hətta həcc ziyarətinə gedəndə Kəbədə, ya da Həzrət Peyğəmbərimizin (s.ə.s.) məscidində, Onun (s.ə.s) qəbrinin yanında olanda övladlarımız üçün Uca Allahaha (c.c) dualar edirik. Bir sözlə övladlarımızı hər daim və harda olsaq da xatırlayıb yad edirik. Müqəddəs ziyarətlər, ən vacib ibadətlər belə bizə övladlarımızı xatırlayıb onları yad etməkdən yayındıra bilmir. Əslində övladlarımızı xatırlamağın, onları sevməyin, onları ən yaxşı yad etməyin yolu, onlara İslam əxlaqını, Peyğəmbər (s.ə.s) tərbiyəsini verməkdən keçir. Çünki axirətdə sonsuz sevinclərinə səbəb olacaq belə bir hədiyyə ilə müqayisə ediləcək başqa bir hədiyyə tapmaq mümkün deyil.

Fraza jurnalı,
Halim Mustafa

DİGƏR XƏBƏRLƏR

Top