Bu gün Həsən bəy Zərdabinin doğum günüdür


Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi 1837-ci ilin 28 iyununda keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub.
Həsən bəy ilk təhsilini Zərdab kəndində, mədrəsədə alıb. O, burada ərəb və fars dillərini öyrənib. 1852-ci ildə Şamaxıda açılan rus dilli dünyəvi məktəbə gedib, 1861- ci ildə oranı əla qiymətlərlə bitirib. Daha sonra dövlət təqüdü ilə Moskva Universitetinin Fizika-Riyaziyyat fakültəsində təbiət elmləri üzrə təhsil almağa gedib. Həsən bəy 1865-cil ildə universiteti fərqlənmə diploma ilə bitirib. Ali təhsil ocağının rəhbərliyi onu universitetdə elmi iş üçün saxlamaq qərarı versə də Həsən bəy razı olmur, xalqına, millətinə xidmət etmək məqsədilə Azərbaycana qayıdır.
Bakıya gələn Həsən bəy burada təbiət elmi üzrə müəllim işləyir. Bununla da onun həyatında yeni dövr - maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır.
O, müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyət-xeyriyyə” yaradıb. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolaşaraq “Cəmiyyət-xeyriyyə”yə üzvlər yazdırmaqla məşğul olub.
Həsən bəy Zərdabi Azərbaycan peşəkar teatrının yaradıcılarındandır. Onun rəhbərliyi və dramaturqlardan Nəcəf bəy Vəzirov ilə Əsgər ağa Adıgözəlovun fəal iştirakı ilə 1873-cü ildə M.F.Axundovun “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyaları tamaşaya qoyulub.
O, Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət verib. 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasına böyük köməklik göstərib. 
Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy qəzet çap etmək üçün hökumətə müraciət edir. Bununla əlaqədar böyük mütəfəkkir İstanbuldan mətbəə ləvazimatı, çap hərfləri gətizdirib və xeyli zəhmətdən sonra 1875-ci il iyulun 22-də Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olub. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyulub. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb.
Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokrat naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görüblər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra biliblər.
1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur olub.
Azərbaycan milli mətbuatının ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynayıb. Zərdabi ölümünə yaxın iflic keçirib. Lakin o, ömrünün sonuna qədər “Kaspi” qəzetindəki vəzifəsini davam etdirib. 28 noyabr 1907-ci il tarixində vəfat edib. 
O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən qəbri Fəxri xiyabana köçürülüb.

DİGƏR XƏBƏRLƏR

Top