İslama görə musiqinin hökmü


Musiqi dedikdə ağıla ilk gələn səsdir. Səs olmasa, musiqidən danışmaq olmaz. Bu mənada musiqinin tarixi səsin var olduğu tarixə qədər gedib çıxır. Musiqi demək olar ki tarixin hər dövründə və həyatın bütün sahələrində mövcud olmuşdur. Bu mənada Quranın nazil olmağa başladığı miladi yeddinci əsrdə musiqi ilə bağlı bir çox məqamdan danışmaq olar. Həzrət Peyğəmbərimizin (s.ə.s) hədislərinə nəzər yetirəndə görürük ki, orada bu və ya digər formada dövrün musiqi ənənəsindən xəbər verilmiş, dövrün musiqi mədəniyyətindən bəhs edilmiş, o dövrün musiqiçilərinin adları çəkilmiş, çalğı alətlərinin adlarına yer verilmişdir. Vəhyin nazil olduğu ərəb cəmiyyətində musiqi fəaliyyətinin mövcud olması ilə bağlı əldə bir sıra məlumat olsa da Quran ayələrində məhz “musiqi” sözünü ifadə edən hər hansı deyim və ya ifadəyə rast gəlmirik.
Quranda birbaşa musiqi mövzusuna müraciət edilməsə də dolayı yolla bu məsələyə təmas edildiyini görürük. İslam alimlərinin musiqiyə işarə edildiyini qeyd etdikləri bir sıra ayələr vardır. Dolayı yolla musiqidən bəhs edildiyi vurğulanan bu ayələrdə daha çox zərərli və din əleyhinə köklənmiş söz, davranış məqamlardan bəhs edildiyini görürük:
“İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar” (Loğman, 31/6).
“Siz (qəflət içində) oynayır-əylənirsiniz (Nəcm, 53/61).
“Onlar yalan yerə şahidlik etməz və boş şeylərlə qarşılaşdıqları zaman vüqarlı bir şəkildə oradan keçib gedərlər” (Furqan, 25/72).
“Onlar boş söz eşitdikləri zaman ondan üz çevirər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri (özümüzə dost tutmaq) istəmirik”, - deyərlər” (Qasas, 28/55)
“Ancaq kim Rəbbinin məqamından qorxar və nəfsini (pis) arzulardan uzaq tutarsa, əlbəttə, onun məskəni cənnətdir (Naziat, 79/40-41).
“Onların (müşriklərin) Beytullahın (Kəbənin) yanındakı namazı (duaları) fit çalıb çapan vurmaqdan başqa bir şey deyildir. (Ey müşriklər!) Etdiyiniz küfrə görə indi dadın əzabı! (Ənfal, 8/35).
Yuxarıda qeyd edildiyi kimi, bu ayələr öz konteksində və birbaşa günümüzdəki mənada musiqidən bəhs etmir, ancaq bəzi alimlər dolayı yolla və içərisində musiqi elementlərinin də ola biləcəyindən yola çıxaraq bu ayələrin günümüzdəki musiqini də nəzərdə tutduğunu iddia edirlər.
İslam tarixi boyunca musiqi ilə bağlı müsəlmanların davranış və əməllərinə nəzər yetirəndə İbn Xaldunun söylədiklərinin haqlı və doğru olduğunu görürük. İbn Xaldun belə deyirdi: “Musiqi iqtisadi rifah səviyyəsinin yüksəlməsi ilə yüksələn, iqtisadi rifah səviyyəsinin aşağı düşməsi ilə də tənəzzülə uğrayan bir sənət sahəsidir”.
İslam alimi Fərabi insanların musiqini ifa etməsində bir çox məqsədlərin olduğunu qeyd edir. Fərabiyə görə, insanlar müsiqini həyatlarının müxtəlif mərhələlərində, bəzən sevinc, bəzən hüzn, bəzən dini ritual və s. kimi zamanlarda istifadə edirlər.
İslam cəmiyyətləri və dövlətləri fəth hərəkatlarından əvvəl, həmçinin fəth hərəkatları davam edən müddətdə əsasən Quran tilavəti və dini musiqi ilə məşğul olmuş, fəthlərdən sonra isə əyləncə xarakterli musiqiyə yer vermiş, xarici mədəniyyətlərin musiqi anlayışını mənimsəməyə və oradan təsirlənməyə başlamışlar. İslam tarixi boyunca din alimləri, fəqihlər, təfsir və hədis alimləri musiqi ilə bağlı bu və ya digər hökmlər bildirmiş olsalar da sosial reallıq onu göstərir ki, müsəlman cəmiyyətində musiqinin varlığı tarixən hər zaman davam etmişdir.
XX əsr qərb mədəniyyətinin hərbi, iqtisadi, siyasi və digər sahələrdə bütün dünyaya təsir etdiyi və hakim olduğu bir dövrdür. Belə bir dövr müsəlmanlar üzərində də öz təsirini hiss etdirmiş, musiqi sahəsində də istər-istəməz qərbsayağı musiqi anlayışı müsəlman cəmiyyətlərində hakim olmağa başlamışdır. Bu dövrlərdə müsəlmanların sahib olduğu hiss və duyğular məğlubedilmişlik duyğusu idi. Belə bir sosial mühitdə İslama xas, özündə İslami çalarlar əks etdirən musiqi anlayışının ortaya çıxması, bunun üçün də keyfiyyətli sənətşünas və peşakar simaların yetişməsi müşkül məsələyə çevirilmişdi.
Nəticədə natamamlıq və aşağılıq kompleksi kimi məğlubiyyət psixologiyası İslam coğrafiyasında üstünlük təşkil etmişdir. Müsəlmanlar qərb mədəniyyətinin maddi və mənəvi hücumları qarşısında var olma mücadiləsi başlatmış, əsas hədəf və istiqaməti özə dönməkdə, inanc və əxlaq sahəsinə yönəlməkdə görmüşlər. Bunun təbii nəticəsi olaraq da mədəniyyət və sənət kimi mövzularla məşğul olmaq üçün fürsət tapa bilməmiş, fürsət tapsalar da ortaya ciddi nəticələr qoya bilməmişlər. Müsəlmanlar baxımından bu dövrün əsas xüsusiyyəti qərb mədəniyyəti qarşısında özünü müdafiə və təcrid etmə psixologiyası olmuşdur. Bu hal da müsəlmanlara aid olan yaxşı və ya pis hər şeyi müdafiə etmək, qərb mədəniyyətinə aid olan yaxşı və ya pis hər şeyi isə kənarlaşdırmaq və özündən təcrid etməklə nəticələnmişdir.
Bu dövrdə qərb mədəniyyətinin İslam dünyasına təqdim və təlqin etdiyi musiqi anlayışı ayələrdə “ləhvəl-hədis” olaraq öz əksini tapan əsasən əyləncə xarakterli musiqi idi. Təbii ki, bu növ musiqiyə müsəlmanların, bu haqda hökm və rəy bildirmək səlahiyyətində olan İslam alimlərinin münasibəti mənfi olmuşdur. Əvvəlki dövrlərdə musiqi ilə bağlı hökm və fətva axtarışına çıxanda burada əsasən qəsd edilən musiqi nisbətən dini kimlik qazanan təsəvvüf musiqisi idi. Ancaq müsəlmanların iqtisadi, hərbi və siyasi arenada tənəzzülə doğru getdikləri dövrlərdən sonra  təsəvvüf musiqisinin caiz olub-olmadığı hardasa unudulmuş, üstəlik əyləncə xarakterli musiqi anlayışına bir alternativ olaraq həm müdafiə, həm də təqdim edilməyə başlanmışdır.
Günümüzdə İslam fiqhində söz sahibi olan alimlər musiqinin dini hökmü ilə bağlı bunları qeyd edirlər: “Musiqi istər sadəcə səs, istərsə də sadəcə alətlə icra edilmiş olsun bütün bunları sadəcə tək bir dini hökm altında birləşdirmək olmaz. Çünki musiqi ilə bağlı hökm və fətva veriləndə yerinə görə haram, məkruh, caiz və ya müstəhəb hökmləri verilməlidir. Bu mənada:
Xüsusilə gənclərin, ya da ümumiyyətlə hər bir insanın dünyəvi istək və şəhvət hisslərini təhrik edən musiqi dinləməsi haramdır. 
Vaxtının çox hissəsini musiqi dinləməyə sərf edən və bunu vərdiş halına gətirən insan üçün musiqi məkruhdur. 
Gözəl səsdən zövq almaqdan başqa hər hansı nəfsi təhrik edici ünsürlər olmayan bir musiqini dinləmək mübahdır, yəni belə bir formatda musiqi dinləmək dinə görə uyğundur.
Allah sevgisi ilə aşıb-daşan və gözəl bir səs eşidəndə özündə yalnız yaxşı hiss və duyğular hasil olan insanın musiqi dinləməsi müstəhəbdir. 
Musiqini bir qadın oxuyursa və onu dinləyən şəxs şəhvət hissinin təhrik olacağından qorxursa, həmin musiqini dinləmək haramdır. Burada musiqinin haram olması birbaşa musiqiyə görə deyil, qadının səsinin qarşıdakı şəxsi (şəxsləri) təhrik etdiyinə görədir. Əslində qadının səsi haram deyildir. Burada qadının səsinin haram olması da şəhvət hissini oyandırıcı xüsusiyyəti və çalarına görədir.
 Musiqi içki məclislərinin simvolu halında gəlmiş bir musiqi aləti ilə icra olunursa, haramdır.
Mahının sözləri İslam inanc və axlaqına ziddirsə, bunun musiqili, ya da musiqisiz formada oxunması və dinlənməsi haramdır.

Qeyd: Yazının hazırlanmasında Pehlül Düzenlinin “Yirminci yüzyılda müslüman ve müzik: Problemler ve çözüm önerileri” başlıqlı yazısından istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top