"Yük Taksisi.Az" MMC "Gilan Beton" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə baxışı bu gün - 23.06.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçiriləcək.
Açıqlanan məlumata görə, məhkəmə iddiasının səbəbi tərəflər arasındakı daşıma müqaviləsi üzrə mübahisədən irəli gəlir.
Qeyd edək ki, "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.
Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.
Məhkəmədə cavabdeh qismində iştirak edən “Gilan Beton” MMC isə vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanları – Tale və Nicat Heydərovların rəhbərlik etdiyi “Gilan Holding”ə daxil olub. Nicat Heydərov sosial şəbəkə hesablarında özünü hələ də “Gilan Holding”in rəhbəri olaraq təqdim edir.
Onu da qeyd edək ki, təxminən 2 ay əvvəl vaxtı ilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Garan Holding”in törəmə müəssisəsi olan "Fortis Group" MMC də "Gilan Holding" MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.