Professor Bakı və Abşeron yarımadasındakı toz-dumanın səbəbini AÇIQLADI


"Abşeron yarımadası və Bakı şəhəri elə bir landşaftda yerləşir ki, bitki örtüyü yox səviyəsindədir, yağıntının miqdarı isə azdır".
Bunu Yeniavaz.com-a Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev son günlər Bakıda və bölgələrdə havanın tozlu keçməsinə münasibət bildirərkən deyib.
Ekspert deyib ki, Bakı şəhəri qumlu, səhraya bənzər landşafta malikdir: “Kol bitkiləri, yaşıllıqlar, çəmənliklər yox dərəcəsindədir. Ona görə də istənilən kiçik bir külək, hava axını yerdən bu tozları havanın yüksək qatlarına qaldırır. Şəhərdə insan yaşayan ərazilərdə tozun qatılığı yol verilən həddən 3-4 dəfə çoxdur. Bu göstərici qasırğalı havada 10 dəfəyə qalxa bilər. Tozlu hava təbii ki, insanların sağlanmlığına, nəfəs sisteminə, ağ ciyərlərinə çox ciddi ziyan verir. Xüsusilə, nəfəs yolları xəstəlikləri olan uşaqlar üçün çox ziyanlıdır. Bunun qarşısını almaq üçün də yaşıllıqların qorunması, ərazilərin bir sıra hallarda nəmləndirilməsi kimi tədbirlər həyata keçirilə bilər”.
Professor bildirib ki, Bakı şəhərində havada asılı qalan toz hissəcikləri təkcə Abşerondan qalxan toz deyil, bir sıra hallarda Xəzər dənizinin şərq hissəsində yerləşən qumlu səhralardan, Türkmənistanın səhralarından, yaxın şərq ölkələrindən, Ərəb ölkələrindən gələn qumlar bəzən şəhərimizi toz-dumana bürüyür: “Bu zaman isə kənardan gələn tozun qarşısını almaq bir sıra hallarda qeyri-mümkün olur. Toz dumanı 270-300 km enində olan Xəzər dənizini aşıb keçə bilir. Bu ancaq nadir hallarda olur. Amma Abşeron yarımadasında tozun yaranması yaşıllıqların salınması vasitəsi ilə azaldıla bilər”.

Bəsti Məmməd

DİGƏR XƏBƏRLƏR

Top