İslama görə bidət və xurafatlar


Dini terminologiyada dinin özündə olmadığı halda inanc və ibadətlə bağlı məsələlərdə sonradan ortaya çıxarılmış inanc, feil, davranış və əməllərə bidət deyilir. Digər bir ifadə ilə bidət Həzrət Peyğəmbərin (s.ə.s) dövründə olmayan, ya da olsa belə dinə görə məşru sayılmayan bir inanc, ibadət, dini anlayış və davranış şəklidir. 
İslam dinində imanın əsasları açıqlanmış, müsəlmanların ibadət həyatı ilə bağlı hökmlər ayrı-ayrılıqda izah edilmişdir. Həmçinin mənbəyini ayə və hədislərdən alan bu iman və ibadətlə bağlı hökmlərin təhrif edilmədən qorunması da olduqca mühüm məsələ hesab edilmişdir. Dinin əsasını təşkil edən bu hökmlərdən hər hansı birini dəyişmək də dini təhrif kimi qəbul edilmişdir. Quranda Yəhudilik və Xristianlığa qarşı insanların yaxşı, ya da pis niyyətlə etdikləri müdaxilə və təhriflərdan tez-tez bəhs edilməsinin səbəbi də bu cür  müdaxilələrə qarşı insanları xəbərdar etməkdir. Çünki İslama görə, bir din sonrakı nəsillərə olduğu kimi saf və duru şəkildə ötürülməli, insan müdaxiləsindən uzaq tutulmalıdır.
Ayə və hədislərdəki dinin mahiyyəti və əslinin qorunması ilə bağlı olduqca vacib xəbərdarlıqlar müsəlmanları hər hansı dövrdə din adına ortaya çıxan, ancaq dindən olmayan yeni situasiya və məqamlarda dinin əsaslarına dönməyə sövq və təşviq etmişdir. Bu kimi yeni situasiya və məqamlardan biri də bidət və xurafatlar məsələsidir.
Quranda dinin Həzrət Muhammədin (s.ə.s) peyğəmbərliyi ilə kamilliyə çatdığı xəbər verilir: “Bu gün dininizi sizin üçün kamil etdim. Sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim”(Maidə, 5/3). Bu minvalla da Həzrət Peyğəmbərimizdən (s.ə.s) sonra din adına icad edilib ortaya çıxarılan hər bir inanc və əməl bidət hesab edilmişdir. Bidət sünnənin, yəni peyğəmbər yolunun əksi və ona zidd inanc və əməllərdir. Sünnə dedikdə əsasən Allah Rəsulundan (s.ə.s) və səhabələrdən mötəbər qaynaqlarla bizə gəlib çatan hər bir şey nəzərdə tutulur. Quran ayələrindəki buyruqlar, Həzrət Peyğəmbərin (s.ə.s), ya da səhabələrinin din haqqında söylədiyi, etdiyi və ya doğru gördüyü davranış və hərəkətlər bu mənada sünnənin əhatəsinə girən məsələlərdir. Bidət isə bütün bunlara zidd olan inanc və əməllərdir.
Burada onu da qeyd edək ki, İslam alimlərinə görə, bidət məfhumunun əhatə dairəsi sadəcə dini məsələlərlə məhdudlaşır. Bu mənada inanc və ibadət həyatının xaricindəki yeniliklər bidət anlayışına daxil edilmir. Bəzi alimlər bidətin mənasını daha geniş tutaraq müsəlman cəmiyyətinin adət və ənənəsində olmayan hər bir yeniliyi bidət olaraq qəbul etməyə meylli olsalar da, bu doğru deyil. Bu haqda bir hədisdə Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Kim məndən sonra tərk edilmiş bir sünnəmi (həyatda yaşayaraq, əməl edərək, insanlara tanıdaraq) dirildərsə, onunla əməl edən hər kəsin qazanacağı savab qədər həmin şəxsə də əcr və mükafat veriləcəkdir. Kim Allah (c.c) və Rəsulunun (s.ə.s) razılığına uyğun düşməyən pis bir bidət icad edərsə, onunla əməl edən insanların günahları qədər həmin adama da günah verilər. (Müslim, Elm, 6; Tirmizi, Elm, 16). Bu hədisdə bidət ifadəsi: “Allah (c.c) və Rəsulunun (s.ə.s) razılığına uyğun düşməyən pis əməl” olaraq tanıdılmışdır.
Bu halda dinin ruhuna və ümumi prinsiplərinə zidd olmayan və bir ibadət halını almayan adətlər bidət hesab edilə bilməz. Yəni hər hansı əməl, davranış və anlayışın dini bir cəhəti və dini bir çaları olmadığı müddətcə həmçinin iman, ibadət, günah və savab kimi məfhumlarda ifadə edilərək dini kimlik qazandırılmadıqca bu yenilik bidət sayılmır. Misal üçün, dinin özündə və mahiyyətində olmadığı halda, insanlar tərəfindən türbə və ziyarətgahlarda şam yandırmaq, xoruz kəsmək, ya da ölən birinin başı üstündə şam yandırmaq bidət hesab edilmişdir. Digər yandan, həcc ziyarətinə dəvə ilə deyil, təyyarə ilə getmək bidət deyildir. Çünki burada təyyarəyə minmək nəticə olaraq bir yerə çatmağın ən etibarlı yolu olaraq seçilmişdir. Eynilə yemək yeyərkən çəngəl və qaşıqdan istifadə etmək, yeməyi masada yemək, maşın sürmək və ya kompüterdən istifadə etmək də bidət deyildir. Bu kimi yeniliklərə bidət deyərək qarşı çıxmağın izahını dini əsaslardan yola çıxaraq deyil, fərd və cəmiyyətin psixologiyasını nəzərə alaraq izah etmək daha doğru olardı. Misal üçün, ilk dəfə Avropada ortaya çıxan mətbəənin Osmanlı cəmiyyətində bidət deyilərək qəbul edilməməsinin səbəbini dini dəlillərdə deyil, o dövrdə əllə yazı yazaraq dolanışığını təmin edən minlərlə xəttat və sənətkarın öz dolanışığını təmin etmək üçün apardığı mübarizəsində axtarmalıyıq. Həmçinin günümüzdə də mühafizəkar insanların, misal üçün televiziya, internet ya da futbola qarşı çıxmalarının səbəbini də burada cərəyan edən, ya da burada var olan bəzi mənfiliklərə reaksiyası kimi başa düşməliyik. Bu kimi məsələlərin bidət adı verilərək dini bir məsələ imiş kimi müzakirə edilməsinin səbəbini isə dinin insanlar üzərindəki dərin təsirindən faydalanmaq cəhdi kimi başa düşmək olar.
Bəzi İslam alimləri, müsəlmanların dini bidət, xurafat və təhrifdən qorunmaq üçün nə qədər həssas davransalar da bu qorunma refleksinin həyatın təbii inkişafına və normal dəyişməyə qarşı bir reaksiyaya çevrilməməsi üçün bidəti iki hissəyə ayırıblar. Bu mənada İslam alimləri faydalı hesab etdikləri yeniliyə “bidəti-həsənə” (gözəl və ya faydalı bidət), pis və zərərli hesab edilən yeniliklərə də “bidəti-səyyiə” (zərərli və pis bidət) adını veriblər. Gəlin bu məsələni misallarla izah etməyə çalışaq... Dağınıq səhifələr və dəri üzərində yazılan Qurani-Kərimi kitab halında toplamaq, hədislərin toplanaraq təsnif edilməsi, kitablar halında yazılması, müsəmanların camaat halında təravih namazını qılmaları, mənəviyyat öndərləri və böyük İslam alimlərinin qəbirləri üzərində türbə tikmək sonradan ortaya çıxan yeniliklər olsa da, İslam alimləri tərəfindən yaxşı bidət (bidəti-həsənə) hesab edilmiş, buradakı faydadan yola çıxaraq "Həzrət Peyğəmbər (s.ə.s) dövründə yox idi" deyilərək tərk edilməsini doğru saymayıblar. Türbə məsələsinə gəldikdə o da qeyd edilməlidir ki, bu gün Məscidi-Nəbidə Allah Rəsulunun (s.ə.s) məzarı üzərində tikilən türbə o dövrə deyil, sonrakı dövrlərə aid tikilidir.
Mövlud axşamlarının, xətm mərasimlərinin keçirilməsini, məscidlərin memarlığı və bəzədilməsini, musiqi ilə bağlı verilən fətva və hökmləri, bir şəxsin ölümündən sonra müəyyən günlərdə təşkil olunan yas mərasimlərini qatı bir mövqedə duraraq bidət adlandırmaqdansa, bu cür adətlərin dinin təməl prinsiplərinin, dinin əsas mahiyyət və ruhunun yerinə keçmədiyi müddətcə içərisindəki faydalar nəzərə alınaraq caiz sayılması daha uyğun görünür. Bununla yanaşı ölən bir şəxsin qəza namazlarının pulla ödənməsinin (isqatı salat) ortaya çıxardığı yanlış və xətalara görə bidət hesab edilməsi daha məqsədə uyğundur. Bu halda bir əməlin bidət olub-olmadığına dair qəti bir möve və yanaşma ortaya qoymadan əvvəl o əməlin hansı nəticəyə doğru getdiyini, həmin davranışın mahiyyət və məqsədini bilmək lazımdır.
İslam alimləri dinin inanc və ibadət əsasları ilə bağlı əksər məsələlərdə həmfikir və sözbirliyi içərisində olsalar da, nəyin bidət sayılıb-sayılmayacağı, yaxşı bidət (bidəti həsənə) və pis bidət (bidəti-seyyiə) kimi məsələlərdə fərqli görüşlər ortaya qoyublar. Elə başa düşmək olar ki, İslam alimlərinin fərqli bidət anlayışları, bidətə qarşı çox sərt mövqedə olmaları, ya da bidətə qarşı çox yumşaq və tolerant mövqedən çıxış etmələri yanaşdıqları dövrdəki sasial hadisələrlə əlaqədardır. İslam tarixinin fərqli dövrləri və bölgələrində əvvəlki din və adətlərin, xarici mədəniyyətlərin müsəlmanları öz təsiri altına alması, müsəlman cəmiyyətində xarici inanc və düşüncələrin yayılması bir reallıq və həqiqətdir. Elə günümüzdə də dində olmayan bir çox saxta inanc və xurafat cahil və bilgisiz insanlar tərəfindən dinin bir parçısı kimi göstərilir, bu sahə sanki bir qazanc qapısı kimi istifadə edilir. Bunun qarşısını almağın yolu isə İslam dinini yaxşı öyrənmək və öyrətməkdən keçir. İslamı yaxşı öyrənə və öyrədə bilmədiyimizə görə batil inanclar, xürafatlar asanlıqla dinin yerini alacaqdır.
Yuxarıda bəhs edilən bütün bu mənfi hallara, müsəlmanlar arasında yayılan batil inanc və xürafata baxmayaraq, İslam tarixi boyunca müsəlmanların əksəriyyəti doğru yol və istiqamət üzrə İslamı anlamış, yaşamış, İslam dininin etiqad, ibadət və hüquqla (müamələt) bağlı əsas hökmlərini heç bir yanlışa yol vermədən həyatlarına tətbiq etmişlər. Bütün bunlar da İslam dininin Allah tərəfindən qorunduğunun, İslam cəmiyyətlərindəki bidət və xürafatların heç bir vaxt dinin əslini təhrif edəcək səviyyəyə çatmadığını, müsəlmanların əksəriyyətinin ayə və hədislərin göstərdiyi doğru yol üzrə olduqlarını göstərir.

Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top