İslama görə estetik əməliyyatın hökmü


Texnologiyada, tibb elmində və xüsusilə cərrahiyyə sahəsindəki inkişafa paralel olaraq günümüzdə estetik əməliyyatlar insanlar arasında dəb halına gəlmişdir. Həmçinin bu əməliyyatlar müalicə məqsədilə deyil, daha çox xarici görünüşü gözəlləşdirmək məqsədilə edilir. Görəsən bu haqda İslam alimlərinin görüşü nədir? Ayə və ya hədislərdə bu məsələyə işarə edən, bu haqda hökm ifadə edən buyruqlar varmı?
Əvvəla qeyd edək ki, klassik fiqh kitablarında estetik əməliyyatla bağlı fəqihlərin görüşlərinə rast gəlməməyimiz olduqca normaldır. Çünki bu məsələ olduqca yeni, 40-50 il kimi tarixi olan, texnoloji inkişafa bağlı olaraq ortaya çıxan məsələdir. Ancaq İslam alimləri Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründə yaşanan müəyyən hadisələr və bəzi hədislərdən yola çıxaraq estetik əməliyyat və bu mənada insan bədəninə müdaxilə ilə bağlı bəzi hökmlər ortaya qoyublar.
Həzrət Peyğəmbər (s.ə.s) dövründə müharibə vaxtı Urfəcə adlı səhabənin burnu qopmuş və o da üzündəki xarici görünüşü bərpa etmək üçün gümüşdən süni bir burun düzəltmişdi. Ancaq bu gümüş burun zaman keçdikcə xoşagəlməz qoxu verməyə başlamışdı. Allah Rəsulu da (s.ə.s) bu səhabənin qızıldan burun düzəltməsinə icazə vermişdir (Tirmizi, Libas, 31). Burada Cənab Allahın (c.c) yaratma şəklini dəyişmək deyil, bir ehtiyacın olması və müalicə məqsədilə verilən icazə vardır.
Bir şəxs anadangəlmə artıq barmağa sahib olarsa, bu artıq və qeyri-normal bədən üzvü digər insanlar kimi normal həyatı davam etdirməyə, iş fəaliyyətinə, hərəkətə mənfi təsir edirsə, cərrahi əməliyyətla həmin orqanın alınması İslam fiqhinə görə də caiz və mümkündür. Digər bir misal olaraq da ağızda tərs yöndə çıxan dişi göstərmək olar. Digər dişlərin inkişafına, həzm prosesinə, həmçinin həkimlərin rəyinə görə, ortaya çıxacaq digər tibbi problemlərə görə ağızda tərs yöndə çıxan bir dişin çıxarılmasında İslama görə heç bir problem yoxdur, hətta yeri gələndə bu cür tibbi müdaxilələr lazım və vacibdir. Bu kimi tibbi müdaxilələr Cənab Allahın (c.c) xilqət və yaratmasını dəyişdirmək deyil, normala qayıdış və bir problem və qüsuru bərpa etməkdir. İslama görə, insanı natamamlıq kompleksinə sövq edən, mənən əziyyət çəkməsinə, hətta digər insanlar tərəfindən alçaldılmasına səbəb olan həddindən artıq eybəcərliklərin, yanıqların, və s. kimi qüsurların aradan qaldırılması üçün də tibbi, cərrahi müdaxilə, həmçinin estetik əməliyyat elətdirmək caizdir. Çünki burada bir ehtiyac və zərurət halı vardır, həmçinin bu kimi misalları xilqət və yaradılışın dəyişdirilməsi kimi deyil, əksinə xilqət və yaradılışa geri dönmə kimi başa düşmək lazımdır.
Fəqihlər hədislərdən yola çıxaraq insan bədəninə ediləcək tibbi və estetik müdaxilələrin İslama görə də uyğun olması üçün ehtiyac və zərurət amillərinin olmasını şərt qoşurlar. Əgər ehtiyac və zərurət faktorları yoxdursa, estetik əməliyyatlar sadəcə və məhz xarici görünüşü gözəlləşdirmək adına edilirsə, dinə görə bu doğru və caiz deyil.
Bütün bunlarla yanaşı günümüzdə olduqca geniş yayılmış estetik cərrahi müdaxilələrin böyük bir hissəsi; burun, çənə, qulaq, sinə, ayaq kimi əzaların daha gözəl, sahibini daha gənc göstərməyə yönəlmişdir. Yaşlanma səbəbilə üzdə meydana gələn qırışların aradan qaldırılması, üz dərisinin dartılması, həmçinin hərəkətsiz həyat tərzi və həddindən artıq qidalanmaya görə bədəndə əmələ gələn yağ və piylərin əməliyyatla çıxarılması və s. kimi estetik əməliyyatlar ehtiyac və zərurət halından daha çox insanlar arasında daha gənc görünmək və xarici görünüşü gözəlləşdirmək məqsədilə edilən tibbi və cərrahi müdaxilələr və estetik əməliyyatlardır.
İslam fiqhinə görə xüsusilə estetik cərrahi əməliyyatlarla bağlı aşağıdakı qayda və ölçülərə diqqət edilməlidir:
1. Estetik cərrahi əməliyyata bir növ müalicə məqsədilə, həmçinin tibbi ehtiyac və zərurət halı olaraq müraciət edilməlidir.
2. Estetik cərrahi əməliyyata digər asan və sadə bir yol və metod olmadığı təqdirdə müraciət edilməlidir.
3. Estetik əməliyyat edilərkən məqsəd ilkin xilqət və yaradılışı, anadangəlmə (genetik olaraq) daşıdığı xüsusiyyəti, yaşlanma səbəbilə bədəndə əmələ gələn qırışları və s. dəyişiklikləri aradan qaldırmaq olmamalıdır.
4. Estetik əməliyyat hiylə, aldatma və yanlış anlaşılmaya yol açmamalı, belə bir məqsədlə edilməməlidir.
5. Qarşı cinsə bənzəmək niyyəti olmamalıdır.
6. Estetik cərrahi əməliyyatın edilməsinin tibbi cəhətdən və həkimlərin məsləhəti ilə bir faydası olmalı, həmçinin belə bir əməliyyat edilmədiyi təqdirdə feili olaraq davam edən mövcud bir zərəri olmalıdır. 
Qeyd: Yazının hazırlanmasında “Diyanet Vakfı İlmihali” əsərindən istifadə edilmişdir.
 
Nazim Mustafayev
 

DİGƏR XƏBƏRLƏR

Top