Polis rəisinin müavini tarixçi alimi şərləyib? – DİN-dən AÇIQLAMA


Tarixçi alim, arxeoloq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi və həmçinin Ağsu rayon Gəgəli kəndinin bələdiyyə sədri Xəlilli Fariz Sabir oğlu Ağsu Rayon Polis Şöbəsinin rəsi müavini Vüsal Əliyev tərəfindən şərləndiyini iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “facebook” səhifəsində yazıb. F. Xəlilli Vüsal Əliyev və onun əmrində olan polis əməkdaşlarının Ağsu camaatını narazı saldığını iddia edib:
“24.05.2021-ci ildə Gəgəli Bələdiyyəsinin 18 may 2021-ci il tarixli 10 saylı iclasının "Ağsu rayonu Gəgəli Bələdiyyəsi Zəfər parkı MMC"-nin yaradılması ilə bağlı qərarının icrası məqsədilə MMC-yə direktor təyin edilmiş Şəhid leytenant Kamran Quluzadənin atası Pərviz Quliyevlə aidiyyatı sənədləşmələri yerinə yetirmək üçün Şamaxı və Ağsu şəhərlərində olmuşam. 
Ağsu şəhərində olarkən Heydər Əliyev parkına girişdə tələskənlikdən (saat 17:00-da magistrlərimin illik dissertasiya hesabatı iclası başlanırdı) və unutqanlıqdan maşından çıxarkən qoruyucu tibbi maskanı çox az müddətdə taxmadan açıq havada hərəkət eləmişəm. Yanımda olan qohumum Həzi Həsənov mənə maskanı taxmadığımı xatırladıb. Mən maşından 20-25 metr aralanmışdım və ondan maskanı götürmək üçün maşını açmasını xahiş etdim, maşına doğru hərəkət elədim. Bu 3-5 dəqiqəlik müddətdə bizi izləyən polis əməkdaşı Şıxəliyev Zəka kənardan səslədi, yanına gəlməyimi tələb elədi. Mən iki əks istiqamət arasında qaldım. Ani qərar verdim ki, polis əmrinə tabe olmaq lazımdır və polisə doğru hərəkət elədim. Polis özünü təqdim etdi və mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi. Mən də bunun fərqində olduğumu, unutduğumu və maşından onu götürməyə getdiyimi dedim. Mənə artıq gec olduğunu və protokol tərtib olunmalı olduğunu bildirdi. Mən də "buyurun, protokolumu yerində tərtib edin", dedim. Saat 17:00-da “Teams” proqramı ilə magistrlərimin dissertasiya hesabatı olduğunu və mənim məruzəçi olduğumu bildirdim. Polis əməkdaşı Zəka Şıxəliyev yerində protokol tərtib etmək hüququnun olmadığını, protokolun ancaq və ancaq polis idarəsində tərtib oluna biləcəyini bildirdi. Mən izahat istədim. “Rəisimiz belə təlimat verib”, dedi. Bu hadisə mərkəzi küçədə baş verdiyi üçün Gəgəli kəndinin sakinlərindən orada olanlar vardı, yaxınlaşdılar, mənim ziyalı olduğumu, tarixçi və müəllim olduğumu, həm də Gəgəli Bələdiyyəsinin sədri olduğumu dedilər. "Sədr" sözünü eşidən kimi Zəka Şıxəliyev polis rəisinin müavini Vüsal Əliyevə zəng elədi. Vüsal Əliyev Zəka Şıxəliyevə “təcili onu bölməyə gətirin” əmri verdi. Bu məqamda mənimlə olan şəhid atası Pərviz Quliyev və qohumum Həzi Həsənov maskamı mənə gətirdilər və Zəka Şıxəliyevdən dəfələrlə xahiş etdilər ki, protokolu yazsın, gedək. Bizə məhəl qoyulmadı. Polis maşını gəldi və mən heç bir etiraz etmədən maşına özüm oturdum. Məni polis idarəsinə gətirdilər. Telefonumu aldılar və mənə magistr dissertasiyaları ilə bağlı tələbələrimin hesabatına qoşula bilməyəcəyimi deməyə imkan vermədilər. Şəhid atası Pərviz Quliyev də mənimlə gəlmək istədi, xahiş etdim ki, gəlməsin. Bu məqamda qarşımıza həyətdə polis rəisinin müavini Vüsal Əliyev çıxdı. Məni görən kimi nalayiq, ziyalı heysiyyatıma toxunan ifadələr işlətdi. Mən unutduğumu, səhvimi tez anladığımı və polisin iradından əvvəl maşından maskamı götürməyə getdiyimi dedim. Vüsal Əliyev dedi ki, "bir dəqiqə də açıq havada maskasız olmaz". Mən də polis rəisinin müavini Vüsal Əliyevin özünə irad tutdum ki, “sizinlə məsafəmiz bir metrdən azdır və mən maskalı, siz maskasızsınız, sizin haqqınızda kim protokol tərtib edəcək?”. Vüsal Əliyev əsəbiləşdi və həbs olunmağımı əmr elədi. Məni ikinci mərtəbəyə gətirdilər, qarşıma çıxan bütün polis əməkdaşları maskasız idi. Mən də hamısına bir müəllim və ziyalı kimi irad tutdum. Mənim haqqımda ittihamı Vüsal Əliyevin əmri ilə dəyişdilər. O, otağına əsəbi halda girir, çıxır, qapını çırpır, “510 və 535.1 əlavə olunsun”, deyirdi. Doğrusu bu maddələrin nə anlama gəldiyini heç bilmirdim. Protokola imza atmağımı istədilər, oxudum. “Xuliqanlıq”, “polisə müqavimət” maddələrini gördüm və imzalamadım. Mənə Azərbaycan Respublikasının qanun keşikçiləri tərəfindən böhtan atılması və şərlənməyim pis təsir elədi. Mən ömrünü elmə həsr eləmiş adamam, insan yetişdirən müəlliməm. Mən bir bələdiyyənin sədriyəm, icmanı inşa etməklə məşğulam, insanları qanuna, qanunçuluğa çağırıram. Mən günahkar deyiləm. Mən Azərbaycan polisindən humanizm gözlədiyim halda şərləndim. 
Mənim haqqımda sənədləri topladılar və Ağsu Şəhər Məhkəməsinə göndərdilər. İş saatı bitməsinə baxmayaraq məhkəmə təşkil olundu, üç polis danışdı, məni ittiham elədilər. Mən isə vəkilsiz, şahidlərim dinlənilmədən təkcə özümü müdafiə eləməli oldum. Məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə təqsirli bildi və 535.1 maddəsi ilə 200 (iki yüz) manat cərimələdi. Mən məhkəmə qərarının ədalətsiz olduğunu, hüquqlarımın pozulduğunu, adı çəkilən maddələrin mənim şərəf və ləyaqətimi alçaltdığını bir daha bildirirəm.
Mən polis rəisinin müavini Vüsal Əliyevi ikinci dəfədir ki, görürdüm. Birinci dəfə şəhid Kamran Quluzadənin dəfninin sabahı günü Gəgəli kəndinə karantin qaydalarına zidd olaraq özbaşına post qurması və şəhidin anım mərasiminə gələnləri kənddən uzaqlaşdırması ilə yadda qalıb. O zaman mən Nazirlər Kabinetinin qərarını onlara xatırlatdım və postun quraşdırılması üçün onların səlahiyyətli olmadığını bildirdim. Mərhum başçı Vahid Tağıyev bunu başa düşdü və postun aradan qaldırılmasını xahiş etdi. Çünki Gəgəli camaatını ayağa qaldırmışdılar. İnternetdə axtarış edin və görəcəksiniz ki, Vüsal Əliyev və onun əmrində olanlar polis adını ləkələyir və Ağsu camaatını narazı salırlar. Mən şəxsən protokolun yerində tərtib edilməməsini rüşvətxorluqla əlaqələndirirəm və bu haqda şikayətlərin başıma gəldikdən sonra haqlı olduğunu düşünürəm”.
F. Xəlilli həmçinin məsələ ilə bağlı Ağsu RPŞ-ə müraciət etdiyini, lakin ona göndərilən məktubda xətalar olduğunu iddia edib və sözügedən məktubun fotosunu yayıb: "Ağsu Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasov tərəfindən cavab məktubu yazılmışdır. Məktub təəssüf doğurur. Birincisi, məktubun blank hissəsi düzgün tərtib edilməmişdir. Məktubda əks olunan telefon nömrəsi Ağsu rayonu Polis Şöbəsinə məxsus deyil və işləmir. Kürdəmirə aid hansısa nömrədir. İkincisi, məktubda mənim adım iki yerdə yazılmış, hər ikisi yanlış yazılmışdır. Mənim adım Farizdir, Sabir deyil. Üçüncüsü, hadisənin baş verdiyi tarix yanlış yazılmışdır. Hadisə 25.05.2021-ci il tarixdə deyil, 24.05.2021-ci il tarixdə baş vermişdir. Dördüncüsü, yanlışlıqlar davam etmiş, hadisənin təsviri və mənə istinad edilən ifadələr qəbuledilməzdir. Görün, mənim kimi bir alimi necə savadsız dövlət qulluqçuları mühakimə edir. Etiraz edirəm, haqq, ədalət üzə çıxsın".

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov Yeniavaz.com-a açıqlama verib və Fariz Xəlillinin sosial şəbəkə hesabında polisin ona qarşı qanunsuz tələblər irəli sürməsi barədə səsləndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Mayın 24-də ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı vətəndaş Fariz Xəlilli tibbi maskadan istifadə etmədiyi üçün qanunvericiliyin tələbləri ona izah edilib, barəsində protokol tərtib olunacağı bildirilib. Buna baxmayaraq, F.Xəlilli polisin qanuni tələbinə məhəl qoymayıb. Bu səbəbdən həmin şəxs Polis Şöbəsinə gətirilib və barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Ağsu Rayon Məhkəməsinin də qərarı ilə onun barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb”.
F. Xəlillinin ona göndərilən cavab məktubunda yol verilən xətalarla bağlı iddialarının isə araşdırılacağı bildirildi.
Qeyd edək ki, sözügedən məktubda qeyd edilən telefon nömrəsi, həqiqətən də təyin olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top