Adını yaşayan müəllim


O, bizim məhəlləmizdə boya-başa çatmışdı. Atası Baləmi dayı və anası Zərifə xala kəndimizdə sayılıb-seçilən ailə başçılarından olduqlarından övladlarına gözəl, nümunəvi tərbiyə aşılaya bilmişdilər. “Bilmişdilər” ona görə deyirəm ki, hər valideyn övlad tərbiyəsində istədiyinə nail ola bilmir. Məlum faktdır ki, bəzən çox gözəl bir ailədən elə arzuolunmaz uşaq çıxır ki, ailə onun xəcalətindən yerə girir. Bu ailənin bütün uşaqları, o cümlədən aylar boyunca ürəyimdə məskən salmış bu yazıda haqqında bəhs edəcəyim Lətifə müəllimə öz ailəsinə layiq bir şəkildə yetişmişdi. Onun orta məktəbdə təhsil aldığı illər, müəllimlərinin haqqında dedikləri, ali təhsilini tamamlayıb kəndimizdə əmək fəaliyyətinə başlaması indi də gözümün önündədir. Öz gəlişi ilə tez bir zamanda məktəbimizdə yeni pedaqoji ab-hava yaratdı Lətifə müəllimə. Yaxşı şagirdə dərs deməyi hər kəs bacarır, lakin nisbətən zəif, yaxud oxumağa marağı olmayan şagirdi yerdən göyə qaldırmaq, onu ön sıralarda görmək üçün bütün pedaqoji ustalığını, enerji və ən qiymətli kapital olan vaxtını səxavətlə həsr etmək hər müəllimin nə arzusudur, nə də qisməti. Şagird torpağa düşən dən kimidir, münbit yerə düşməyən dən boy atmaq üçün kifayət qədər qida tapa bilmədiyi kimi, dərsdə müəllimi ən yaxın əməkdaşı, məsləhətçisi, ümid yeri kimi görməyən şagird də zəifləməyə, yaxud özünə “əsl müəllim” axtarmağa məhkumdur. Lətifə müəllimə məndən üç yaş böyük idi və bir kənddə işləməmişdik. Qismət elə gətirdi ki, ötən əsrin 90-cı illərində, o hamıya məlum gərgin, elmə, təhsilə marağın getdikcə endiyi bir zamanda Azərbaycanda fəaliyyət göstərən, öz nailiyyətləri ilə ölkəmizi dünya miqyasında tanıda bilən Türk Liseylərinin Quba filialında illər bouynca birlikdə çalışmalı olduq. Etiraf etmək lazımdır ki, o illərdə həmin liseylərdə hər müəllim işləyə bilmirdi. Öz pedaqoji məharəti ilə şagirdləri razı salmayan müəllim qısa müddətdə ayrılmalı olurdu. Belə bir şəraitdə Lətifə müəllimə uzun illər öz yetirmələrinin sevimlisi və onların qürurunu yaşayan müəllimlərdən oldu.
Lətifə müəllimə istər birinici Qarabağ müharibəsində canlarından keçən və qazi olan onlarla şagirdə, istərsə də ikinci Qrabağ müharibəsində şəhid olmuş Məlikov Aqil Niyaz oğlu, Balayev Orxan Vidadi oğlu, Murtuzov Mehdi Muxtar oğluna, onlarla qazilərimizə və şanlı qələbəmizin qazanılmasında şücaətlər göstərmiş komandir, zabit və əsgərlərə-imizə dərs demiş, onların vətənpərvərlik ruhunda böyümələri üçün tədris etdiyi ana dili və ədəbiyyat fənninin bütün imkanlarından istifadə etməyi bacarmışdı.

***

Lətifə xanım sözün əsl mənasında ustad müəllim idi. Onun dərin biliyi, təmkini, bütün sinfi motivasiya etmək bacarığı hamımızın diqqətini cəlb edirdi. O, ciddi formada öyrənərək öyrədən müəllim idi. Heç vaxt zamanın gedişatından geri qalmazdı. Çox adam savadlı müəllim ola bilər, lakin məharətlə öyrətməyi bacarmaq pedaqoji fəaliyyətin daha uca pilləsidir. Dahi Eynşteynin üstünlüklərindən biri də, tələbələri və dostlarının dediyinə görə, onun çətin ideyaları sadə, başadüşülən formada izah etməyi idi.
Lətifə müəllimə həm də polemika insanı idi. Yollarımız ayrılsa da, hərdən zəngləşər, uzun müddət telefondan ayrılmazdı. Hiss edirdim ki, müəllimə vacib pedaqoji problemlər haqqında fikir mübasdiləsi aparmaq, dinləmək və dinlənmək istəyir. Mən də o, özü ayrılanacan söhbətləşərdim, bir az da olsa təskinlik tapdığına inanardım. Mənim aləmimdə Ləfifə müəllimə hər cür ali mükafatlara layiq bir pedaqoq idi. Təəssüflənirəm ki, belə bir pedaqoq heç bir fəxri ada layiq görülmədən dünyasını dəyişdi. Burada bir hekayət düşdü yadıma:
- Qədim zamanlarda bir karvan uzun bir səfərə çıxır. Yolçulardan biri müdik adam imiş. Yolun səhradan keçən hissəsində yüklü dəvələrdən biri xəstələnir. Yolçular məsləhətə görə həmin dəvənin yükünü digərlərinə paylayıb, onu ətrafda dolaşmaqda olan vəhşi heyvanlara yem etmək istəyirlər. Dəvənin yükünü boşaldıb bir qədər aralanırlar. Ətrafda dayanıb, dəvəyə hücum etməyən vəhşi heyvanlar yolçuların heyrətinə səbəb olur. Müdrik adam dəvə sahibindən heyvanın üstündə nə qaldığını soruşur. Adam dəvənin boynunda bir duanın olduğunu bildirir. Müdrik tez gedib onu heyvanın boynundan açmağı təklif edir. Dua açılan kimi vəhşi heyvanlar hücum edib dəvəni parçalyırlar. Müdrik deyir: - Elm adamları, alimlər, müdrik insanlar o dəvənin boynundan açdığınız dua kimidir. Nə qədər ki, onlara layiq olduqları qiymət verilir, dünyada yaşamaq da gözəl olur. Ömür-gün hər cür bəlalardan xilas olur. Əksindən Allah qorusun.

***

Əslində o, çoxdan ən ali fəxri ada layiq görülmüşdü. O, valideyn və şagirdlərinin qəlbində uzun müddət yaşayacaq bir adla – xalq müəllimi kimi ayrıldı bu dünyadan.
Ləfifə müəllimə sevirdi, özü də dərindən, təmənnasız sevirdi. Ən çox da öz peşəsini.
Benjamin Franklinin Ləfifə müəllimə kimi sevgi insanları haqqında gözəl bir fikri var: - Dərindən sevənlər heç vaxt qocalmırlar, onlar qocalıb da ölə bilərlər, lakin yenə gənc olaraq ölürlər.
Əslində hər birimiz üçün “ölüm yatağı” olan bu dünyada gözəl yaşayıb, gözəl ölmək də hər adama qismət olmur:

Ha kökləndim, saz olmadım,
Külək əsdi kül üstümə.
Qış doğuldum, yaz olmadım,
Qırov qondu gül üstümə.

Nə pir qalıb, nə bir ələm,
Cin şeytana çətir tutur.
Hesabımı yazan qələm
Göz yaşımdan sətir tutur.


Dikəlsəm də, zaman-zaman,
Günahlarım əyir məni.
Allah, yalqız qoyma, aman,
Dara, əlçim əyir məni.

Sanma gəlin otağıdır,
Dünya ölüm yatağıdır.

***
Uca Yaradan Lətifə müəlliməni aramızdan apardı. Təsəllim ondan ibarətdir ki, Lətifə müəllimə adının mənasındakı lətafəti, gözəlliyi, məlahəti, incəliy yaşayaraq, onu bizlərə əmanət qoydu. Məkanı cənnət olsun. Amin!

Rahib Alpanlı (Sədullayev),
ADPU Quba filialının baş müəllimi,
qabaqcıl təhsil işçisi

DİGƏR XƏBƏRLƏR

Top