
“Misvak” sözü ərəb dilində ovmaq mənasına gəlir. “Misvaq” ərək ağacının həm köklərindən, həm də budaqlarından əldə edilən, Həzrət Peyğəmbərimizin (s.ə.s) də dişlərin təmizliyi və sağlamlığı üçün israrla tövsiyə etdiyi faydalı bir vasitədir. Mötəbər hədis kitablarında qeyd edildiyi üzrə Allah Rəsulu (s.ə.s) belə buyurmuşdur: “Əgər ümmətimi çətinliyə salmaqdan çəkinməsəydim, hər namazdan əvvəl misvakdan istifadə etməyi əmr edərdim” (Müslim, Təharət 42).
Hədisdən başa düşmək olar ki, Allah Rəsulu (s.ə.s) ümməti üçün çətinliklər yarada biləcəyindən çəkinərək misvakdan istifadə etməyi tövsiyə etmiş, ancaq vacib, ya da fərz əməl hesab etməmişdir. Aydındır ki, Allah Rəsulunun (s.ə.s) ümməti ilə bağlı belə bir narahatlığı olmasaydı, misvakdan istifadə etmək namaz qılmaq, ya da namazdan əvvəl dəstəmaz almaq kimi vacib bir əməl olacaqdı. Əlbəttə belə bir əmr də dinin ruhuna tərs düşəcəkdi. Çünki hər kəsin hər yerdə misvak tapa bilməsi o qədər də mümkün olmaya bilərdi. Bu baxımdan misvak işlətmək fərz olmamaqla yanaşı, Həzrət Peyğəmbərimizin (s.ə.s) mühüm sünnələrindən biridir. Misvak haqqındakı digər bir hədisdə Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Misvak haqqında o qədər əmr aldım ki, Quranda bu mövzuda bir ayə enəcəyini düşündüm” (Əhməd ibn Hənbəl, Müsnəd, I, 237, 307). Bu hədislərdən yola çıxaraq demək olar ki, müsəlmanların ələ keçən hər fürsətdə dişlərini misvakla fırçalamaları sünnəyə uyğun həyat yaşamalarının əlamətlərindən biridir.
Əslində bu yazıda əsas qayə misvakdan istifadə etmənin faydaları və hikmətlərindən bəhs etmək deyil. Misvakın faydaları ilə bağlı həm İslam dünyasında, müsəlman ölkələrində, həm də qərb dünyasında bir sıra kitablar yazılmış, elmi araşdırma və məqalələr dərc edilmişdir. Əslində bir şəxs misvakın bu elmi faydalarını bilməsə belə, Peyğəmbər (s.ə.s) sünnəsinə əməl edərək misvakdan istifadə etdiyi müddətcə yenə də faydasını görəcəkdir.
Misvakdan harada və necə istifadə etməliyik?
Misvakdan istifadə etmənin ədəb və qaydaları, həmçinin misvakdan istifadə etmənin uyğun olduğu, ya da uyğun olmadığı şərait və mühitlər vardır. Əvvəla qeyd edək ki, İslamda təmizlik o qədər vacib məsələdir ki, maddi və mənəvi təmizlik sayılan dəstəmaz almaq namaz ibadətinə başlamaq üçün əsas şərtlərdən biri sayılmışdır. Həzrət Peyğəmbərimiz (s.ə.s) də bir hədisdə: “Təmizlik imanın yarısıdır” (Müslim, Təharət, 1) buyurmuşdur. Təmizlik məsələsinə xüsusi önəm verən Həzrət Peyğəmbərimiz (s.ə.s) maddi təmizliyin bir hissəsi sayılan ağız və dişlərin təmizlənməsinə də böyük əhəmiyyət vermişdir. Onun (s.ə.s) pak və təmiz həyatı buna dəlil olduğu kimi, mübarək kəlamları da təmizliyə nə qədər dəyər verdiyinin açıq-aydın sübutudur.
Bəzi müsəlmanlar təmizlik kimi öz-özlüyündə gözəl olan bir işi insanların iyrənəcəyi hala salırlar. Bunun səbəbi isə İslamın özündə və ruhunda var olan nəzakətli olmaqla bağlı dəyər və meyarları tam anlaya bilməmələridir. Hətta elə olur ki, özünü dindar hesab edən şəxslər belə məhz belə bir iyrənmə hadisəsinə görə misvaq sünnəsini yerinə yetirməkdən imtina edirlər. Bəli, itməkdə olan, ya da insanların unutduğu bir sünnəni yenidən həyata qaytarmaq çox böyük bir xeyir qapısını açmaq kimidir. Bununla yanaşı sünnəyə əməl edərək misvakdan istifadə edərkən, həmçinin belə bir mühüm sünnəni insanlara tanıdarkən, bu bir ağız və diş təmizliyi olduğu üçün insanları iyrəndirməyəcək formada təqdim edilməsi lazımdır. Əslində misvakdan istifadə etmə sünnəsinin timsalında deyə bilərik ki, hər hansı bir Peyğəmbər (s.ə.s) sünnəsinə əməl edəndə, hətta o sünnəni yenidən həyata qaytaranda onun icra edilmə şəkli və keyfiyyətinə, bir sözlə metod və üsluba da diqqət etmək lazımdır. Metod, üslub və məsələlərin təqdim ediliş şəkli o qədər əhəmiyyət daşıyır ki, bir Peyğəmbər (s.ə.s) sünnəsinin rəğbətlə qarşılanması, insanların onu qəbul etməsi məhz bu üslub və metodda gizlidir.
Misal üçün, insanların gəlib keçdiyi yol kənarında bir əlində misvak, digər əlində bir stəkan su ilə dişləri misvaklamaq, əlindəki su bardağına batıraraq misvakı islatmaq, sonra da həmin su ilə ağzı qarqara edərək suyu yerə tökmək sadəcə olaraq insanların iyrənməsinə səbəb olacaq bir davranışdır. İctimai nəqliyyat vasitələrində, insanların toplu halda hərəkət etməli olduqları yerlərdə hər hansı bir insanın dişlərini təmizləməyə çalışması, hətta bu yetməzmiş kimi ağzından çıxardığı misvakın ucunu sıxaraq suyunu yerə damızdırmasının nə müsəlmanlıqla, nə də insanın nəzakət və təmizlik duyğusu ilə əlaqəsi vardır.
Mötəbər hədis qaynaqlarında yuxarıda sadalanan və insanların iyrənməsinə səbəb olacaq şəkildə misvakdan istifadə etməklə bağlı hər hansı rəvayət yoxdur. Həzrət Peyğəmbərimiz (s.ə.s):“Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” (Əhməd ibn Hənbəl, Müsnəd, 2/381) buyurmuşdur. Bu halda insanları iyrəndirəcək formada misvakdan istifadənin sünnədə hər hansı bir yerinin olmadığını görmək olar.
Təfsir, hədis və fiqh alimi olan İmam Qurtubi misvakla bağlı rəvayət edilən hədislərdən yola çıxaraq belə demişdir: “Məscid kimi insanların toplaşdığı ictimai yerlərdə insanların hüzurunda misvak istifadə etməkdən çəkinmək lazımdır. Çünki Allah Rəsulunun (s.ə.s) məscidlərdə misvak istifadə etdiyi ilə bağlı hər hansı rəvayət yoxdur”. Əslində misvakdan istifadə demək ağız və diş təmizliyi deməkdir. Buna görə də bunu məscidlərdə, ya da insanların qarşısında etmək uyğun deyil. Həzrət Peyğəmbərimizin (s.ə.s) hücrəi-səadət adlanan xanımlarının otaqlarından kənarda, ya da hər hansı ictimai yerdə misvakdan istifadə etdiyi ilə bağlı bir rəvayət mövcud deyil. Beləliklə, ictimai yerlərdə misvakdan istifadə edərək dişləri təmizləmənin həm ədəb baxımından, həm də dini dəlil baxımından hər hansı əsasının olmadığı anlaşılır.
Sonda misvakla bağlı yuxarıda qeyd edilən hədisdəki bir məqama toxunmaq istəyirəm. Yuxarıda qeyd edilən hədis belə idi: “Əgər ümmətimi çətinliyə salmaqdan çəkinməsəydim, hər namazdan əvvəl misvakdan istifadə etməyi əmr edərdim” (Müslim, Təharət 42). Buradakı “ində kulli salətin”, yəni “hər namazdan əvvəl” ifadəsini bəzi şəxslər “hər fərz namazdan əvvəl” olaraq başa düşə, buradan yola çıxaraq da məscidlərdə misvakdan istifadə etmənin normal və caiz olduğunu anlaya bilərlər. Ancaq hədisdə keçən “hər namazdan əvvəl” ifadəsini, “hər fərz namazdan əvvəl” olaraq anlamaq doğru deyil. Çünki, İmam Qurtubinin də qeyd etdiyi kimi, Həzrət Peyğəmbərimiz (s.ə.s) çox nadir hallarda məsciddə nafilə namaz qılardı. O (s.ə.s), fərz namazların xaricindəki bütün nafilə və sünnə namazlarını hücrəi-səadət adlanan xanımlarının otaqlarında qılardı. Bu baxımdan Həzrət Peyğəmbərimiz (s.ə.s) nafilə namazlarını xanımlarının otaqlarında qıldığı üçün təbii olaraq namaz qılmağa məsciddə deyil, hücrəi-səadətdə başlamış olurdu. Yəni Həzrət Peyğəmbərimiz (s.ə.s) misvakdan məsciddə deyil, hücrəi-səadətdə istifadə edirdi. Misvakla bağlı əldə olan hədis rəvayətini bu formada anlayanda Həzrət Peyğəmbərimizin (s.ə.s) camaatın önündə misvakdan istifadə etdiyini demək, bu mənada ictimai yerlərdə, insanların arasında misvak istifadə etmənin doğru bir əməl olduğunu anlamaq mümkün deyil.
Nəticə olaraq deyək ki, biz müsəlmanlar Cənab Allah (c.c) qatında gözəl olan şeyləri işin icra ediliş formasına, üslub və tərzinə diqqət etmədən yerinə yetirərsək, məsuliyyətdən yaxa qurtara bilmərik. Çünki gözəl olanı həm də gözəl bir şəkildə yaşamaq, təqdim etmək, dinin buyuruqlarını hal dili ilə də təmsil etmək bir borc və vəzifədir.
Qeyd: Yazının hazırlanmasında Sefa Salmanın “Misvak Özelinde Nezahet Anlayışımız” başlıqlı yazısından istifadə edilmişdir.
Nazim Mustafayev