Böyük Britaniyanın Milli Cinayətkarlıqla Mübarizə İdarəsi (NCA) “Evening standard” qəzetinin Londonda yaşayan azərbaycanlı cütlüyün adlarının açıqlanması uğrunda mübarizəsinə qoşulub.
“Evening Standard” qəzeti yazır ki, cütlüyün Azərbaycandan ölkəyə daxil olan 20 milyon dollar çirkli pulun yuyulmasında iştirak etdiyi iddia olunur.
NCA sözügedən cütlüyün adlarının açıqlanması üçün məhkəmə prosesinə tanınmış vəkil Conatan Hollu cəlb edib.
Uestminister mülki məhkəməsi ilin sonunadək müsadirə prosesini başlatmağı planlaşdırır. Bu proses çərçivəsində NCA cütlüyün 10 bank hesabında saxlanılan 6,5 milyon funt-sterlinq vəsaitini müsadirə etməyi planlaşdırır.
“Evening standard” Londonda bir neçə milyon funt sterlinq qiymətində əmlaklara sahib olan cütlüyün adlarının açıqlanması üçün iki ilə yaxındır ki, mübarizə aparır. Cütlüyün əmlakları və bank hesablarındakı pulları hüquq-mühafizə orqanlarının göstərişi ilə dondurulub.
Bildirilir ki, bu günə qədər NCA qəzetlə məhkəmə arasında gedən prosesdə neytral mövqe nümayiş etdirib. Lakin məhkəmə prosesində hakim qəzetin ictimai maraq doğuran məsələni araşdırdığını etiraf edib və ölkəyə çirkli pulların axmasından narahat olduğunu bildirib. Məhkəmənin cütlüyün adlarını açıqlanmasına qoyduğu qadağanı qaldırmamasından sonra NCA prosesdə neytrallığını dayandıraraq qəzətin tərəfinə keçib.
Bundan sonra NCA məhkəmə prosesinə “çirkli pullar” sahəsində təcrübəli vəkil cənab Hollu cəlb edib.
Vəkil Holl məxfiliyin ləğvini tələb edib, belə ki, qarşı tərəf anonimlik zərurətini əsaslandıra bilməyib.
Conatan Holl qeyd edib ki, Y. adlı xanım Britaniyada məhdud məsuliyyətli şirkətin direktoru vəzifəsində çalışıb və onun adı ictimaiyyətə açıq mənbələrdə qeyd olunub. Vəkilin sözlərinə görə, cütlük Azərbaycandan gələn maliyyə vəsaitləri üçün sözügedən MMC-lərdən istifadə edib. Bununla sözügedən əməliyyatlara dair kommersiya sənədlərində onların adları və imzaları da yer alıb.
“Bu vəziyyətdə cütlüyün biznes və maliyyə fəaliyyətlərinə dair hər hansı bir xüsusi məxfilik tələb oluna bilməz”, - deyə Holl qeyd edib.
Bundan əlavə vəkil Holl cütlüyün müsadirə məhkəməsinin qapalı aparılması barədə vəsatətini də rədd edib və bunu “açıq ədalət prinsipinin pozuntusu” kimi qiymətləndirib. / Qafqazinfo