Nə üçün tarix şüuruna sahib olmalı?


Tarix şüuru keçmişi və gələcəyi birləşdirən bir körpüdür. Bu körpünü qura və qoruya bilməyən xalq və millətlərin ağ günə çıxacağını demək çox çətindir. Xalq var ki, olmayan yerdən özünə yalançı tarix düzəldir, bunu yazır, təlqin edir. Belə demək mümkünsə, dayaz bir gölü dərin bir okean kimi təqdim edir. Digər tərəfdə isə bir neçə min illik tarixə sahib olsa da, ən azı digərləri qədər öz tarixinə sahib durmayan, ya da öz kökündən qoparılmaq təhlükəsi ilə üz-üzə qalan xalqlar var.
Düzdür, bəzi tədqiqatçılar tarix şüurunu yaşadıqları dövr və zamandan məharətlə istifadə edə bilməyən əlacsız və çarəsiz millətlərin təsəlli qaynağı, sığındıqları bir bəhanə, ya da bir liman olaraq görürlər. Ancaq belə bir təsəlli mənbəyinin olmasını çox vacib amil hesab edənlər də var.
Təşbehdə xəta olmasın, bir toyuğa əslində onun qartal olduğunu demək, bunu ona inandırmaq və hətta, bundan bir nəticə əldə etmək çətin məsələdir. Ancaq səhvən toyuq yumurtaları arasında çıxan və toyuqlar arasında böyüyən bir qartal balasına onun qartal olduğunu xatırlatmaq və uçmağına səbəb olmaq nisbətən daha asandır. Çünki burada iş təkcə var olan bir potensialı üzə çıxarmaqdan və ya var olan bir potensialı oyatmaqdan gedir. Bu minvalla həyatda insana stimul verən, təkanverici amil və mənəvi dayaq nöqtəsi olan tarix şüurunun həm fərd, həm də xalq üçün danılmaz yeri var.
Bu baxımdan tarix şüuru xalqların və millətlərin həmişə üzləşməli olduğu və yeri gələndə özünə düzəliş vermək üçün qarşısına keçdiyi bir ayna rolunu oynayır.
Pakistanın milli şairi Məhəmməd İqbal tarix şüurunu bir hekayədə belə ifadə edir: "Bir vaxtlar qoyunlar aslanların əlindən bezar olub təngə gəlirlər. Nəhayət, qoyunlar bu məsələni aralarındakı yaşlı və müdrik bir qoyunla məsləhətləşirlər. Bu müdrik və yaşlı qoyun da yanına gələn qoyunlara məsləhət verir ki, aslanlara ət yeməyin zərərlərindən danışsınlar. Onları ət yeməyin zərərli olduğuna inandırsınlar. Qoyunlar da müdrik və yaşlı qoyunun bu tövsiyəsinə əməl edirlər və aslanları ət yeməyin zərərli olduğunu inandıraraq, onları qoyunlaşdırırlar".
Məhəmməd İqbalın aslan timsalında burada vurğulamaq istədiyi əsas məqam dərin tarixi, zəngin mədəniyyəti olan bir millətin başqaları tərəfindən necə və hansı yollarla öz kimliyindən uzaqlaşdırılmasını, şəxsiyyətsiz hala gətirilməsini göstərməsidir.
Tarix şüurundan danışarkən İbn Xəldunun tarix elminə yanaşma tərzindən də danışmamaq olmaz. İbn Xəlduna görə davamlı olaraq dəyişən hadisələrin arxa planında dəyişməyən bəzi qayda və qanunlar var. Bu nöqtədən baxanda keçmişlə gələcək hətta suyun suya bənzədiyindən çox bir-birinə bənzəyir.
İbn Xəldun tarixi məlumatların tənqid süzgəcindən keçirilməsinin vacibliyindən danışır. Ancaq bir məsələ var ki, bütün tarixi məlumatları belə tənqid süzgəcindən keçirməyə onun nə vaxtı, nə də ömrü yetəcəkdi. Burada əsas məsələ odur ki, İbn Xəldun belə bir tənqidi baxış bucağı ilə insanlara tarixi məlumatları analiz etmə metodunu bəxş etdi və onun belə bir metod və sistem ortaya qoyması ilə tarix əfsanələr toplusu olmaqdan çıxaraq, elmi bir kimlik qazandı. Beləcə, tarix artıq bir elm sahəsi olacaq və bu elmi xəyal məhsulu olan məlumatlardan, xürafat və qərəzli ınformasiyalardan təmizləmək mümkün olacaqdı.
Əgər tarix elmini bir dənizə bənzətsək, İbn Xəldunun burada etdiyi dənizə axıdılan çirkab sularının qarşısını kəsmək, çirkab sularının qarşısına təmizləyici qurğular qoymaq idi. Belə bir metodu hər zaman canlı və aktiv saxlamaq isə hər bir dövrdə tarixçilərin üzərinə düşür.
Tarix millətlərin yaddaşı və dövlətlərin siyasi təcrübəsidir. Tarix şüuru, eyni dildə danışan, eyni torpaq və coğrafiyada yaşayan və eyni keçmişə sahib olan insanları birləşdirən bir dəyərdir. Bir sözlə, tarix şüuru dil, tarix, ölkə və məfkurə birliyidir. Bütün bunlar bir arada olanda ortaya bir "millət" çıxır.
Balaca bir körpə hafizə və şüura malik olmadığı kimi hələ millət halına gələ bilməyən cəmiyyətlərdə də tarix şüuru olmaz. Bir körpə anasından oğurlana bilər. Ona süd və qida verildiyi müddətdə körpə üçün anasından oğurlanmağın, anasından uzaq qalmağın bioloji baxımdan heç bir əhəmiyyəti yoxdur və uşaq buna baxmayaraq yenə də böyüyəcək. Hələ millət halına gəlməmiş bir cəmiyyəti xarici qüvvə, ya da düşmən ələ keçirəndə də bu körpə uşağın başına gələnlər həmin cəmiyyətin başına gəlir. Beləcə, ortaya tarixindən, milli və mənəvi dəyərlərindən, dini və milli kökündən qoparılmış insanabənzər bioloji bir varlıq, ya da cəmiyyət çıxır.
Millət halına gələndən sonra xarici qüvvələrin həmin millətləri idarə etməsi çətinləşir. Məcburiyyət altında bir müddət buna razı olsalar da, anasına qayıdan uşaq kimi xalqlar da fürsət tapan kimi müstəqilliklərinə, milli və dini mənliklərinə qayıdırlar. Çünki belə xalqlarda milli yaddaş, yəni tarix şüuru artıq formalaşmışdır. Bir sözlə, tarix şüuru, xalq və millətlərin qazanmış olduğu güclü bir immun sistemi və özünümüdafiə silahıdır.

Fraza jurnalı,
Abid Öməroğlu

DİGƏR XƏBƏRLƏR

Top