Təsdiq və inkar baxımından insan


Uca dinimiz İslama görə, təsdiq və inkar baxımından insanlar üç qrupa ayrılırlar

Mömin
Allaha (c.c), Həzrət Peyğəmbərə (s.ə.s) və Onun (s.ə.s) verdiyi xəbərlərə səmimi olaraq iman gətirən insana mömin deyilir. Möminlər axirətdə cənnətə girəcək və orada çoxlu nemətlərə qovuşacaqlar. Günahları olan möminlər axirətdə öz günahları ölçüsündə cəzalandırılsalar da, sonradan cənnətə daxil olacaqlar. Möminlərin əbədi yurdunun cənnət olacağı ilə bağlı Quranda bir çox ayə vardır.

Kafir
İslam dininin əsas prinsiplərinə inanmayan, Həzrət Peyğəmbərə (s.ə.s) Cənab Allahdan (c.c) gələn qəti dəlil və səhih mənbələr vasitəsilə bilinən əsaslardan (zərurəti-diniyyə) birini, bir neçəsini, ya da hamısını inkar edən insana kafir deyilir. Məsələn, namazın fərz olduğunu, şərabın, yəni ağılı aparan hər bir spirtli içkini içmənin haram olduğunu inkar edən, mələklərin və cinlərin varlığını qəbul etməyən insan kafirdir.
Kafir sözü lüğəvi olaraq “örtmək” mənasına gəlir. Həqiqi, gerçək və doğru inancı örtən, gizləyən və yanlış şeylərə inanan şəxsə kafir adı verilmişdir. Bir insan kafir olaraq ölərsə, əbəbi olaraq cəhənnəmdə qalacaqdır. Bu haqda ayələrdən birində belə buyurulmuşdur: “Allahın, mələklərin və bütün insanların lənəti kafir olub kafir kimi ölənlərə olsun! Onlar orada (cəhənnəmdə) əbədi qalacaqlar. Onların əzabı yüngülləşdirilməyəcək və onlara möhlət də verilməyəcəkdir” (Bəqərə, 2/161-162).

Münafiq
Allahın (c.c) birliyini, Həzrət Muhammədin (s.ə.s) peyğəmbərliyini və Onun (s.ə.s) Allahdan gətirdiklərini qəbul etdiklərini söyləyərək müsəlman kimi görünməyə çalışan, ancaq bu həqiqətlərə qəlbən inanmayan şəxslərə münafiq deyilir. Münafiqlər daxilən başqa, zahiri görünüş olaraq da başqa insanlardır. Münafiqlərin söz və hərəkətləri qəlblərində daşıdıqları məqsəd və düşüncə ilə ziddiyyət təşkil edir. Bir ayədə belə buyurulmuşdur: “İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər” (Bəqərə, 2/8). Digər bir ayədə isə münafiqlərin əslində kafir olduqları bildirilir: “Onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar (Munafiqun, 63/3).
Münafiq İslam cəmiyyətində kafirdən daha təhlükəlidir. Çünki kənardan müsəlman kimi göründüyü üçün onun əsl xislətini tanımaq mümkün deyil. Beləcə o, quzu dərisinə bürünmüş qurd kimi tanınmaz hala gələrək müsəlman cəmiyyətində fitnə və fəsad çıxarar, diqqətsiz və bilgisiz müsəlmanları yanlış yönləndirə bilər. 
Həzrət Peyğəmbərimiz (s.ə.s) vəhy yolu ilə kimin münafiq olduğunu bilirdi və buna görə də bu tip insanlara hər hansı vacib vəzifələr verməzdi. Həzrət Peyğəmbərimizin (s.ə.s) vəfatı ilə vəhy də kəsilmiş oldu, insanların bundan sonra vəhy yolu ilə bilgi ala bilmələri mümkünsüz hala gəldi. Müsəlman olduğunu söyləyənin daxili dünyasına, qəlbinə baxa bilmək mümkün olmadığına görə münafiqlərlə bu dünyada müsəlman kimi rəftar edilir. Onların cəzası isə axirətə qalmışdır. Bir ayədə buyurulduğu üzrə cəhənnəmin ən alt təbəqəsində məhz münafiqlər olacaqdır: “Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən” (Nisa, 4/145).

Qeyd: Yazının hazırlanmasında "Diyanet Vakfı İlmihali" əsərindən istifadə edilmişdir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top