Kamil Musavi: "Sedat Pekerlə Adil Əliyevi mən tanış etmişəm" – FOTOLAR


Qalmaqallı açıqlamaları ilə Türkiyədə gündəmə çevrilən mafiya başçısı Sedat Pekerin, bəzi azərbaycanlı məşhurlarla bağlı səsləndirdiyi iddialardan sonra Milli Məclisin vitse-spikeri, millət vəkili Adil Əliyev və qazi Kamil Musavi ilə çəkilmiş fotoları Azərbaycanda sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılmağa başlanılıb.
Maraqlıdır, bəs görəsən bu fotolar nə vaxt çəkilib və bu üç insan necə bir araya gəlib?
Məsələ ilə bağlı K. Musavi Yeniavaz.com-a bildirib ki, o, S. Pekerlə Türkiyə ordusuna verdiyi dəstəyə görə dostlaşıb. Qazi, millət vəkili Adil Əliyevin də onun vasitəçiliyi ilə S. Pekerlə tanış olduğunu deyib:
“O foto 2 il əvvəl, Sedat Pekerin Türkiyədəki evində çəkilib. Bizi qonaq etmişdi. O fotonu mən də, Sedat Pekerin özü də sosial şəbəkələrdə paylaşımışıq. Bu günə qədər də Sedat Pekerlə telefonda danışırıq. Sonuncu dəfə 2 gün əvvəl danışmışıq.
Sedat mənim dostumdur. Mən Türkiyənin Afrində apardığı hərbi əməliyyatlarla bağlı dəstək videosu çəkib yayımlamışdım. O da həmin videonu öz səhifəsində paylaşmış və məni evinə dəvət etmişdi. Mən də getmişdim, görüşmüşdük. Adil müəllimin o insanla birbaşa əlaqəsi yoxdur. Mənim vasitəmlə tanış olub.
Onu da qeyd edim ki, bu mənim şəxsi həyatımdır. Kiminlə yoldaşlıq etdiyimə özüm qərar verirəm. Necə ki, başqa insanlar öz yoldaşlıq etdiklərinə özləri qərar verirlər, eləcə də, mənim də özüm qərar verirəm. Nə vaxt vətən xaini, yaxud düşmən dövlətin vətəndaşı ilə dostluq etsəm, kimsə buna fikir bildirə bilər. Hər şeyə bu cür ucuz yanaşmaq olmaz. Biz harada olmağımızdan asılı olmayaraq, hər zaman xalqımıza, millətimizə xidmət etmişik. Bundan sonra da edəcəyik”.
Millət vəkili Adil Əliyev ilə də əlaqə saxlamağa çalışdıq, lakin cəhdlərimiz uğursuz alındı.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan fotolardan bəzilərini Sedat Peker 13 aprel 2019-cu ildə özünün rəsmi “instagram” səhifəsində paylaşıb və bu sözləri yazıb:
“Qardaş Azərbaycanın millət vəkili cənab Adil Əliyev və Azərbaycan ordusunun qazi kapitanı, qardaşım Kamil Musavi ilə birlikdə dünya türklərinin problemləri və bu problemlərin həlli yolları ilə bağlı söhbət etdik”.



Eyni gün çəkilmiş başqa bir fotonu isə K. Musavi özünün “instagram” səhifəsində yayıb.

Xatırladaq ki, bu il aprel ayının 9-da Türkiyənin İstanbul şəhərində, eyni andan 5 rayonda Sedat Peker və tərəfdarlarına qarşı əməliyyat keçirilib. İstanbul polisindən verilən açıqlamaya əsasən, Sedat Pekerin də aralarında olduğu 63 nəfər haqqında “cinayət xarakterli təşkilat yaratmaq”, “planlaşdıraraq mənimsəmək”, “qəsb etmək”, “korrupsiya”, “xəsarət yetirmə”, “hədələmə” və “başqasının azadlığını məhdudlaşdırmaq” halları ilə bağlı iddia qaldırılıb.
Daha sonra isə S. Peker “youtube” vasitəsilə 6 video paylaşıb və aralarında daxili işlər naziri Süleyman Soylu da olmaqla Türkiyənin bir çox tanınmış siması haqqında müxtəlif iddialar səsləndirib. O, bu zaman, tanınmış azərbaycanlı iş adamı, "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovdan da danışıb və Mənsimovun haqsız həbs edildiyini iddia edib. S. Pekerin iddiasına görə, M. Mənsimov Türkiyənin sabiq daxili işlər naziri Mehmet Ağarın göstərişi ilə, mülklərini ələ keçirmək üçün həbs edilib.
Peker həmçinin, Antalyada yaxın mühafizəçisi tərəfindən güllələnərək qətlə yetirilən azərbaycanlı kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun Türkiyəyə Mübariz Mənsimovu öldürmək üçün M. Ağar tərəfindən gətirildiyini iddia edir.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top