İslamda böyük günah məfhumu


Böyük günah kəlməsi ərəb dilində “kəbirə” (sözün cəm halı: kəbair) sözü ilə ifadə edilir. Böyük günah sosial həyatda fitnə-fəsada səbəb olan, cəmiyyəti maddi və mənəvi baxımdan məhvə doğru aparan, həmçinin o əməl və davranışların böyük günah olduğu ayə və hədislərdə xəbər verilən məsələlərdir. Böyük günah olduğu bildirilən feil və əməlləri işləyənlər həm bu dünyada, həm də axirətdə cəzaya layiq görülürlər.
Günahların ən böyüyü Allaha (c.c) şərik qoşmaq və Onu (c.c) inkar etməkdir. Hədislərdə nələrin böyük günah olduğu ilə bağlı bir sıra rəvayətlər var. Həzrət Peyğəmbərimiz (s.ə.s) bir hədisdə belə buyurmuşdur: “Sizə ən böyük günahın nə olduğunu xəbər verimmi? Bunlar: “Allaha (c.c) şərik qoşmaq; valideynlərə qarşı asi və üsyankar olmaq; yalançı şahidlik etməkdir” (Buxari, Ədəb, 6; Müslim, İman 38; Tirmizi, Təfsir 5).
Digər bir hədisdə isə: “İnsanı fəlakətə aparan yeddi günahdan çəkinin. Bunlar: “Allaha şərik qoşmaq; sehr etmək; haqsız yerə bir insanı öldürmək; yetim malı qəsb etmək; faiz yemək; haqq yolunda aparılan müharibədən qaçmaq; iffətli və mömin bir qadına zina iftirası atmaqdır” buyurularaq böyük günahların yeddi ədədi zikr edilmişdir (Buxari, Vəsaya, 23; Müslim, İmman 38; Əbu Davud Vəsaya, 10). Başqa bir hədisdə böyük günahlarının sayı yeddidən doqquza çıxarılmış və buraya valideynlərə itaətsizlik etməklə Məscidi-Haramda edilməsi yasaqlanmış ov ovlamaq, oradakı bir ağacı kəsmək kimi Kəbənin hörmət və əzəmətinə tərs düşən əməllər də böyük günahlardan sayılmışdr (Əbu Davud, Vəsaya, 10).
Qəlbində imanı olan, həmçinin bu imanı dillə də iqrar edən, ancaq müxtəlif səbəblərə görə İslamın buyurduğu ibadətləri yerinə yetirməyən, əlavə olaraq da Allaha şərik qoşmaqdan başqa digər böyük günahları işləyən şəxs, etdiyi bu böyük günahları halal olaraq qəbul etmirsə, dindən çıxmış sayılmaz. Ancaq böyük günah olaraq qəbul edilən feil və əməlləri işlədiyinə görə Allahın (c.c) vəd etdiyi cəzaya layiqdir, ancaq tövbə qapısı bu insan üçün hər zaman açıqdır. Uca Allah (c.c) istəsə, axirətdə belə bir insanı bağışlayar, şəfaət olunmasına icazə verər, ya da istəyərsə, onu günahı qədər cəzalandırar. Nəticədə isə qəlbində imanı olduğu üçün cənnətə girər.
Səhabələrdən Əbu Zər Qifarinin nəql etdiyinə görə, Həzrət Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Allahdan (c.c) başqa heç bir ilah yoxdur deyən və bu inanc üzrə ölən şəxs cənnətə daxil olar”. Bu zaman Əbu Zər Qifari: “O şəxs zina və oğurluq etmiş olsa, necə olacaq?” deyə soruşur. Allah Rəsulu (s.ə.s) da: “Bəli, zina və oğurluq etmiş olsa da cənnətə daxil olar” cavabını verir. Əbu Zər Qifari eyni sualı üç dəfə yenidən soruşsa da eyni cavabı alır. Dördüncü dəfə soruşanda Alah Rəsulu (s.ə.s): “Əbu Zər bu vəziyyətdən razı olmasa da cənnətə daxil olacaqdır” buyurmuşdur. (Buxari, Tövhid, 33, Riqaq, 16; Müslim, İman 40; Tirmizi İman 18).

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top