"Torpaqlarımızı alıb gəlmişik, öz torpağımı zəbt ediblər" – Özünü yandırmağa cəhd edən qazi ilə bağlı AÇIQLAMA + VİDEO


"Torpaqlarımızı alıb gəlmişik, öz torpağımı zəbt ediblər. Tanımadığım insanlar gəlib icra hakimiyyətindən, Xocəsən bələdiyyəsindən icazə alaraq, orada qanunsuz tikili ucaldıblar. Halbuki, o torpaq mənimdir".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri, ötən gün Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edən İkinci Qarabağ və Aprel döyüşlərinin iştirakçısı Şahid Şahlarzadə "aztimes.az"a deyib. O bildirib ki, dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə də müraciət etsə də, heç bir tədbir görülməyib: "Polis orqanları, Xocəsən bələdiyəsi, icra orqanları torpağımı zəbt edənlərin tərəfini saxlayır".
Daha sonra Şahid Şahlarzadə ona məxsus olan torpaq sahəsinin zəbt edilməsi ilə bağlı müraciətlərinin cavabsız qalmasına etiraz olaraq, yanında gətirdiyi yanıcı maddə ilə özünü yandırmağa cəhd edib. Hadisə yerinə gələn Binəqədi rayon polis əməkdaşları ona mane olublar və qazi 4-cü polis bölməsinə dəvət edilib. O ifadəsi alınaraq sərbəst buraxılıb.
Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən açıqlama verilib və bildirilib ki, Ağsu rayonunun Ərəbsərvan kəndində qeydiyyatda olan Şahlarzadə Şahid Şahzadə oğlu Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən bir neçə dəfə qəbul edilib və dinlənilib: 
"Vətəndaş tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı müəyyən edilib ki, Xocəsən Bələdiyyəsinin 07/27 saylı, 11.05.2005-ci il tarixli Qərarına əsasən İsrafilov Halay Adil oğlu, ona ayrılmış 600 kv.m torpaq sahəsi ilə bağlı səlahiyyətlərini, onun adından sənədləşmə işlərinin aparılması məqsədi ilə Qarayeva Gülbari Mirhəsən qızına etibar edib.
G.Qarayeva isə 12 mart 2021-ci il tarixdə Halay İsrafilovun adından torpaq sahəsinin sənədləşdirilməsi işlərinin aparılması məqsədi ilə səlahiyyətlərini Şahlarzadə Şahid Şahzadə oğluna etibar edib.
Araşdırma nəticəsində məlum olub ki, Şahlarzadə Şahid Şahzadə oğlunun iddia etdiyi torpaq sahəsi Binəqədi rayonu, Hökməli qəsəbəsinin sakini Həsənağa adlı şəxs tərəfindən qanunsuz zəbt edilməklə tikinti işlərinin aparılmasına cəhd göstərilib və yerli səviyyədə nəzarət tədbirləri zamanı qarşısı alınıb.
Hal-hazırda, Həsənağa adlı şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsi faktı ilə və vətəndaş Ş. Şahlarzadənin müraciəti əsasında Binəqədi Rayon Polis idarəsinin 40-cı Polis Bölməsində ilkin araşdırma aparılır".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top