İman və İslam arasındakı əlaqə


İslam kəlməsi lüğət olaraq “itaət etmək” “boyun əymək”, “bağlanmaq”, “bir şeyə təslim olmaq” mənalarına gəlir. İslam kəlməsi termin olaraq isə Uca Allaha (c.c) itaət etmək, Həzrət Peyğəmbərin (s.ə.s) din adına söylədiklərini qəlbən təsdiq, dillə iqrar, inandıqlarını yaşamaq, söz və davranışları ilə bunlara inandığını büruzə vermək deməkdir.
Quranda iman və İslam kəlmələri bəzən eyni, bəzən də fərqli mənalarda işlədilir. Əgər iman və İslam eyni mənada istifadə olunursa, bu zaman İslam kəlməsi İslamın tələb etdiyi hökmlərin dindən olduğuna inanmaq, İslamı bir din olaraq qəbul etmək və ona tabe olmaq deməkdir. İslam çox geniş anlayışdır və təslim olmaq deməkdir. Təslim olmaq üç yolla baş verir. Birincisi, qəlbən təslim olmaq deməkdir ki, bu qəti və şübhədən uzaq bir imanla mümkündür. İkinci növ təslim olmaq dillə olur ki, buna həm də iqrar deyilir. Üçüncü növ təslim olmaq isə orqanlarla və əməllə olur ki, bu da ibadətləri yerinə yetirmək deməkdir. İslamın bu üç növ təslim olmağından yalnız biri, yəni qəlbən təslim olmaq iman adlanır. Aşağıdakı ayədə iman və İslam eyni mənada işlədilmişdir: “…Sən yalnız ayələrimizə inanıb təslim olanlara eşitdirə bilərsən” (Nəml, 27/81). Əgər iman və İslam eyni mənada istifadə olunursa, deməli hər mömin müsəlmandır, hər müsəlman da mömindir.
İman və İslam fərqli məfhumlar olaraq qəbul edilərsə, bu zaman hər mömin müsəlman olsa da, hər müsəlman mömin sayıla bilməz. Çünki bu mənada İslam kəlməsi qəlbən bağlanmaq və qəlbən təsdiq etmək deyil, sadəcə dil və orqanların təslim olması və müəyyən zahiri əməllərin icrasından ibarət olur. Bu halda İslam daha ümumi bir məfhum, iman isə daha dar çərçivədə bir məna qazanır. Misal üçün, münafiq dili ilə müsəlman olduğunu söyləyər, dinin əmrlərini də zahirən yerinə yetirirmiş kimi davranar, ancaq qəlbən bunları qəbul etməz. Münafiq həqiqətdə inanmadığı halda, dünyada müsəlman kimi görünə bilər. Aşağıdakı ayə iman və İslam kəlmələrinin fərqli məfhumlar olduğunu göstərir: “Bədəvi ərəblər: “Biz iman gətirdik!” - dedilər. De ki: “Siz iman gətirməmisiniz. Ancaq: “Biz təslim olmuşuq!” - deyin. İman hələ sizin qəlblərinizə girməmişdir” (Hucurat, 49/14).

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top