İbn Nədim Abbasilər dövründə Bağdad şəhərində kiçik, ancaq insanların sıx gəlib-getdiyi, dar küçələr boyunca uzanan qapalı bir bazarda taxtadan tikilmiş bir kitabçı dükanının sahibinin oğlu olaraq dünyaya gəlmişdir. Atası bu balaca dükanda kitabların surətinin köçürülməsi, cildlənməsi və kitab ticarəti ilə məşğul olurdu. İbn Nədim bu peşəni atasından öyrənmiş, beləcə də dövrün elm, mədəniyyət və sənət sahəsində fəaliyyət göstərən bütün müəlliflərlə görüşmə, onları tanıma fürsəti əldə etmişdir. İbn Nədim bu balaca dükandan dünyanı görə bilmiş, müxtəlif mövzularda qələmə alınmş kitablarla tanış olmuşdur.
İbn Nədim İslam aləminin həm ilk həm də ən mühüm bioqrafiya kitablarından biri olan “Əl-Fihrist” əsərinin müəllifidir. İbn Nədimin “Əl-Fihrist” əsərində müxtəlif dinlər, məzhəblər, elm və sənət sahələri haqqında məlumat verməsi, həmçinin bu sahələrdə yazılan əsərləri və onların məzmununu tanıdarkən hər sahənin mütəxəssisi kimi sağlam bilgilər verməsi onun çox yönlü və güclü bir təhsil aldığını göstərir. İbn Nədim yazı elmi və yazının tarixi, dil, ədəbiyyat, hədis, fiqh, fəlsəfə, məntiq və Hellinizm dövrünün elm və mədəniyyətinə dair əldə etdiyi bilgiləri dövrünün məşhur alimlərindən öyrənmişdir.
İbn Nədimin ingilis dilinə tərcümə edilmiş məşhur “Əl-Fihrist” əsəri
İbn Nədimin təxminən 987-ci ildə qələmə aldığı “Əl-Fihrist” əsəri İslam dünyasında yazılan ilk biblioqrafik əsər hesab edilir. Vaxt ötdükcə unudulan, yoxa çıxan bir çox əsərin adı, mövzusu və müəllifi haqqında məlumatlar günümüzə sadəcə “Əl-Fihrist” vasitəsilə gəlib çatmışdır. İbn Nədimin xüsusilə tərcümə fəaliyyətlərinin dövlət tərəfindən dəstəkləndiyi və olduqca sıx aparıldığı Abbasilər dövründə yaşamış, tərçüməçilərlə görüşmüş, atasının kitabçı dükanında gördüyü bütün bu əsərləri “Əl-Fihrist”də olduğu kimi nəql etmişdir. Qeyd edək ki, “Əl-Fihrist” əsərində tanıdılan yüzlərcə əsər, onların məzmunu və müəllifləri haqqında məlumatları əldə etmək və belə bir dəyərli əsəri ərsəyə gətirmək o dövrdə “vərraq” adı verilən kitab işi ilə məşğul olan kəslərdən başqasının edə biləcəyi bir məsələ deyildi.
Gəlin İbn Nədimin elmi fəaliyyətini belə bir misalla izah edək… Bir ötürücü olaraq hərəkəti maşının bir hissəsindən o birinə nəql edən qayış və ya dişli çarxa ötürücü deyilir. Həmçinin məlumatın müəyyən məsafəyə ötürülməsi üçün istifadə edilən qurğular kompleksinə də ötürücü stansiya deyilir. “Ötürücü” kəlməsi bu minvalla bir sıra elm sahələrində istifadə edildiyi kimi İbn Nədimi və onun “Əl-Fihrist” əsərini də güclü və sağlam bir elm və mədəniyyət ötürücüsü hesab etmək olar. O sadəcə bir bioqrafiya əsərinin müəllifi deyil, eyni zamanda bir tarixçi olmuş, yaşadığı dövrdə cərəyan edən hadisələri və bu hadisələrin səbəblərini qələmə alaraq tarixə şahidlik etmişdir.
İbn Nədimin “Əl-Fihrist” əsərinin Türkiyə türkçəsinə tərcümə edilmiş halı
İbn Nədim “Əl-Fihrist” əsərində sadəcə minlərcə müəllifin həyatını və yazdıqları əsərləri, onların ədəbi və elmi yönlərini qeyd etməmiş, həm də dinlər və məzhəblər tarixi, yazı və əlifbanın keçmişi, dini elmlər və yaşadığı dövrün adət-ənənələri, inancları ilə bağlı da məlumatlar vermişdir. Buna əlavə olaraq dövrün elmi fəaliyyətləri, fəlsəfə cərəyanları, cəmiyyətdə var olan batil inanclar, əyləncə tərzləri, mədəni fərqliliklər, danışılan dillər və s. kimi zəngin məlumatları “Əl-Fihrist” əsərində bizə, bütün dünya oxucusuna təqdim etmişdir.
İslam dünyasında bir dildən başqa bir dilə ilk tərcüməni kimin etdiyi, tərcüməçilik işində ən uğurlu müəlliflərin kim olduğu, ən çox tərcümələrin hansı sahələrdə aparıldığı, siyasi xadimlərin bu tərcümə fəaliyyətlərinə verdiyi maddi dəstəkləri və s. kimi zəngin bilgiləri “Əl-Fihrist” əsərindən öyrənmək olar. İbn Nədimin “Əl-Fihrist” əsəri X əsrdə Bağdadda mövcud olan mədəni mühiti, dini və fəlsəfi cərəyanları özündə əks etdirən mədəniyyət arxividir. Tərcümə tarixi baxımından böyük əhəmiyyətə malik olan əsər bizə erkən tərcümə fəaliyyətləri və tərcüməçilər haqqında geniş məlumat verir. Bütün bunlar göz önünə alınanda İbn Nədimin bu əsərinin həqiqətən də etibarlı bir mənbə olduğunu anlamaq olar.
İbn Nədim “Əl-Fihrist” əsərində 77 mütərcimin adını, onların həyatını, təlif və tərcümə etdikləri əsərlər haqqında bilgilər verir. “Əl-Fihrist” ən qədim mənbə olduğuna görə tərcümə fəaliyyətləri ilə bağlı ən etibarlı mənbədir. Məhz bu əsərdən aydın olur ki, İslam filosoflarından Əl-Kindi və Fərabi tərcüməçiliklə məşğul olmamışlar. Bir sözlə İbn Nədim “Əl-Fihrist” əsərində dünya tarixində baş verən mühüm tərcümə fəaliyyətlərindən biri olan Yunan mədəniyyətinin İslam aləminə nəql olunmasını hər tərəfli olaraq araşdırmış, mühüm tarixi hadisələrə şahidlik etmişdir.
İbn Nədimin “Əl-Fihrist” əsərinin ərəb dilində çapdan çıxmış versiyası
“Əl-Fihrist” əsərindən öyrənirik ki mütərcimlərin əksəriyyəti Süryani həkimlər olmuş və onlar əsasən Yunan mədəniyyətinin elmi mirasını ərəb dilinə tərcümə etmişlər. Tərcümə edilən Yunan mənşəli əsərlər tibb, həndəsə, fəlsəfə, astronomiya və riyaziyyat kimi sahələrə aid olmuşdur. Bu əsərlərin müəllifləri Qalen, Klavdi, Ptolemey, Aristotel, Platon, Perikl, Arximed, Evklid, Hippokrat, Miletli Fales, Porfiryus, Tianalı Apollonius, Dioskorides və s. kimi Yunan alimləridir. Unutmayaq ki tərcümələr yolu ilə dövr edilən bu elmi mirasa İslam dünyası yüz illiklər boyu ev sahibliyi etmiş, bu elmi mirasa şərh və əlavələr gətirmiş, Avropa da məhz müsəlmanların əli ilə dünyanın bu elmi irsi ilə tanış olmuşdur.
İslam dünyasında ilk üç əsrdə əldə edilən bütün elmi biliklər sonrakı əsrlər üçün zəngin bir qaynaq və mənbə rolunu oynamışdır. İbn Nədim sözü gedən bu zəngin elm xəzinəsini yaşadığı dövrdə davamlı olaraq qeydə almış, hər bir elmi fəaliyyəti təsnif etmiş və “Əl-Fihrist” əsərində sonrakı nəsillərə ötürmüşdür. İbn Nədim özünə məxsus bir metoda sahib idi. Belə ki o həyatı haqqında bilgi vermək istədiyi alimlərlə bağlı məlumatları yaşadıqları dövrə və zamana görə deyil, fəaliyyət göstərdiri elm sahələrinə görə təsnif etmişdir.
İbn Nədim bu əsərini elmə xidmət məqsədilə qələmə aldığını qeyd edir. Hətta o daha sonra ortaya çıxa biləcək yeni bilgilərin başqaları tərəfindən əsərinə yerləşdirilməsinə icazə verir. Buradakı məqdəsi də ortaya ümumi bir faydanın çıxmasıdır. Ancaq bu məsələ ilə bağlı İbn Nədimdən daha əvvəl yaşayan Əl-Cahiz başqa cür düşünür və belə deyirdi: “Qüsur axtaranların dərhal işə başlayaraq yanlış və dəyərsiz fikirlərini kitabımıza yerləşdirmələrindən, mənanı pozmalarından tərəddüd edirəm. Bu səbəblə bəsirətli davranıb tədbir almaq lazımdır. Əsərimin nüsxələrini bəsirət sahibi alimlərə göndərdim. Əgər əsərimizə zidd fikirlər ora yerləşdirilərsə bu vəziyyəti aşkar etmək üçün həmin təyin edilən nüsxəyə müraciət edər və beləcə mənanı pozmaq istəyənlərə qalib gələrik”.
O bu əsərində yaşadığı dövrə qədər İslam elm tarixində yazılmış əsərlərin demək olar ki hamısını bizə təqdim etmişdir. Bu minvalla “Əl-Fihrist” əsəri təfsir elminin mənbələri baxımından da əhəmiyyət daşıyır. İbn Nədim “Əl-Fihrist” əsərində müəllifləri ilə birlikdə 350 ədəd təfsir əsərinin adı çəkir.
İbn Nədimin bəhs etdiyi bu əsərlər hicri təqvimlə ilk üç əsrdə yazıldığı üçün təfsir (Quran ayələrini izah və şərh edən elm və bu sahədəki əsərlərin ortaq adı) elmində vazkeçilməz bir mənbə xüsusiyyəti daşıyır. Həmin bu əsər eyni zamanda təfsir elminin istifadə etdiyi hədis, dil, fiqh, tarix və siyər kimi elmlərə dair də ilk qaynaq əsərləri bizə tanıdır. Sözügedən mənbələrdən bəziləri bu gün kitab halında elm dünyasına məlum olsa da əksəriyyətinin sadəcə adları bilinir.
Əslində müəllifin qeyd etdiyi bu əsərlərin əlyazma əsərlərin saxlanıldığı kitabxanalarda mövcudluğu yoxlamaq, bunun axtarışına çıxmaq öz-özlüyündə müstəqil bir araşdırma mövzusudur. Əlbəttə bu sahədə aparılacaq işlər təfsir elminə mühüm töhfələr verəcəkdir. Çünki əldə həmin əsərlər və müəlliflərinin adlarının olması, bu əsərlərin kitabxanalarda mövcudluğunu yoxlamağı, onları əldə etməyi asanlaşdıracaq bir amildir.
İbn Nədim yaşadığı dövrə qədər ki üç yüz illik İslam elm ədəbiyyatının geniş və əhatəli siyahısını çıxarmış və “Əl-Fihrist” əsərində bunları bölümlər halında vermişdir. Əsərdəki əsas bölüm başlıqlarını dillər, yəhudilik, xristianlıq və Quranla əlaqəli yazılan kitablar, dilçilər, tarixçilər, şairlər, fiqh alimləri, filosoflar, ədəbiyyat və folklor, inanc və məzhəblər, kimya elmi və s. kimi göstərmək olar.
“Əl-Fihrist” əsərində Quran elmləri, təfsir və təfsirə köməkçi elmlərə dair xeyli miqdarda mənbə adı qeyd edilmişdir. İslamın ilk üç yüz illik elmi mirası olaraq Quran elmləri və təfsir haqqında yazılan əsərlər bizə göstərir ki, İslam sivilizasiyası yalnız iqtisadi, siyasi və hərbi cəhətdən deyil, həm də elmi yöndən də bir intibah və sıçrayış əldə etmişdir. Hələ sadəcə Quran sahəsində bu qədər əsərin yazılması, müsəlmanların müqəddəs kitablarını başa düşmək üçün nə qədər istəkli olduqlarını göstərir. İlk üç əsrdə yalnız bir kitabı anlamaq üçün bu qədər əsərin yazılması ciddi bir elmi fəaliyyətin mövcudluğundan xəbər verir. Bu baxımdan, günümüzdə Quran tədqiqatçılarının bu həqiqətdən öyrənə biləcəkləri bir çox dərs var.
Yazını haşiyəyə çıxaraq bir misalla bitirmək istəyirəm… “Birləşmiş qablar”a su əlavə edəndə burada borular müxtəlif ölçü və quruluşda olsa da suyun səviyyəsinin hər bir boruda eyni olduğunu görürük. İbn Nədimin xəbər verdiyi üzrə İslamın doğuşundan hələ üç əsrlik bir vaxt keçməsinə baxmayaraq müsəlmanlar tərəfindən 350 təfsir əsəri qələmə alınmışsa, bu sadəcə dini elmlərə önəm verilməsi ilə baş verməmişdir. Sadəcə olaraq hər bir sahədə baş verən elmi səfərbərlik təfsir sahəsində də özünü göstərmişdir. Əks halda üç yüzdən çox təfsirin qəlmə alındığı, dini elmlərdə belə bir aktivliyin yaşandığı dövrdə digər elm sahələrində düşüş yaşandığını, belə demək mümkünsə digər elm sahələrinin yerlə süründüyünü demək olmaz. Bir sosial reallıq olaraq o dövrdə elmin bütün sahələrində güclü bir inkişaf yaşanmışdır ki, “birləşmiş qablar”dakı suyun bir-biri ilə bağlı və əlaqəli olduğu kimi bu inkişaf da hər sahədə özünü göstərmişdir.
Fraza jurnalı,
Nazim Mustafayev