İmanın məqbul olmasının şərtləri


İmanın məqbul olması və sahibini axirətdə əbədi qurtuluşa çatdıra bilməsi üçün aşağıdakı şərtlərin olması lazımdır.
1. İmanın dünyada hür iradə və azad seçimlə tərcih edilməsi, təzyiq, təhdid, ya da zorla qəbul etdirilməməsi lazımdır. Məqbul bir iman üçün digər bir xüsus da dünya həyatından ümidin kəsildiyi bir anda olmaması lazımdır. Misal üçün, daha əvvəl müsəlman olmayan, İslamı qəbul etməyən bir şəxsin artıq dünyadan ümidini kəsdiyi son nəfəsində hər ehtimala qarşı, ya da düçar olacağı əzabı hiss edib duymağa başladığı üçün “mən iman etdim” deməsi, məqbul bir iman sayılmaz. Bir Quran ayəsində belə buyurulmuşdur: “Onlar əzabımızın şiddətini gördükdə: “Biz Allahın tək olduğuna inandıq və Ona qoşduğumuz şərikləri inkar etdik!” – dedilər. Əzabımızın şiddətini gördükləri zaman iman etmələri onlara heç bir fayda vermədi” (Mumin, 40/84-85).
2. Mömin bir şəxs iman əsaslarından birini inkar etmək mənasınını daşıyan feil, hərəkət və davranışlardan uzaq durmalıdır. Misal üçün, Cənab Allahı (c.c) və bütün peyğəmbərləri (ə.s) qəbul etsə də, Həzrət Muhammədin (s.ə.s) peyğəmbərliyinə iman etməyən bir şəxs mömin sayılmaz. Həmçinin fərz, ya da haram olduğu qəti hökmlərlə bilinən, misal üçün, namazın fərz, içki içmənin də haram olduğunu öz azad seçimi və hür iradəsi ilə inkar edən, ya da bu kimi məsələləri lağ edən, bütlərə, xaça və başqa şeylərə sitayiş edən bir şəxsə mömin demək olmaz.
3. Mömin Allahın (c.c) rəhmətindən ümidini kəsməməlidir. Hər zaman ümidvar olmalıdır ki, Cənab Allah (c.c) onunla rəhməti ilə rəftar edəcək. Ancaq bununla yanaşı Cənab Allahın (c.c) onu mütləq mənada bağışlayacağından əmin olmaq da doğru mövqe və doğru görüş deyil. Quranda bu haqda belə buyurulmuşdur: “Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf, 12/87). Digər bir ayə isə belədir: “Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən (əzabından) əmin ola bilməz” (Əraf, 7/99).
İnsan həmişə qorxu və ümid halında olmalıdır. Müsəlman bir şəxsin: “Onsuz da imanım var, o halda mütləq mənada cənnətə gedəcəm” düşüncəsinə sahib olaraq əminlik hissi daşıması, ya da “Çox günahlarım var. Mən şübhəsiz cəhənnəmə gedəcəm” deyərək Cənab Allahın (c.c) rəhmətindən ümidini kəsməsi imanını itirməsinə səbəb ola bilər. Qorxu və ümid arasında bir tarazlıq olmalıdır ki, bu tarazlığa “xavf və rəca” deyilir. Hər bir müsəlman da imanının sağlam olması üçün məhz bu xavf və rəca (qorxu və ümid) tarazlığını daim qorumağa çalışmalıdır.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top