Peyvənd vurmaqdan imtina edən tibb işçisi cəzalandırıldı - FOTO - YENİLƏNİB

Koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında növbə götürən jurnalistə “poliklinikada heç kim yoxdur” deyərək peyvənd vurmayan 39 nömrəli şəhər poliklinikasının əməkdaşına töhmət verilib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə “qafqazinfo”ya poliklinikanın baş həkiminin müavini Sevda İsgəndərova bildirib. 

Qeyd edək ki, tibb ocağında iş günü olmasına baxmayaraq peyvənd oluna bilməməsi ilə bağlı jurnalist Kamran Mahmudov feysbuk hesabında yazmışdı. Onun bildirdiyinə görə, ötən gün saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasına yaxınlaşsa da, həmin vaxt poliklinikada işçi olmayıb.  
***14:58
Koronavirus əleyhinə vaksinasiya üçün randevu.its.gov.az saytında qeydiyyatdan keçən jurnalist poliklinikaya yaxınlaşsa da, peyvənd oluna bilməyib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Kamran Mahmudov feysbuk hesabında yazıb. O qeyd edib ki, peyvəndlə bağlı saytda 15 may, saat 14:00-15:00 üçün 39 saylı şəhər poliklinikasını seçib:

“Qeydiyyatdan keçdiyim vaxt poliklinikaya yaxınlaşmışam, mənə deyirlər ki, bu gün vaksinasiya saat 14:00-a qədər olub, poliklinikada indi heç kim yoxdur. Deyirəm bəs necə olur ki, saat 14:00-a qədər işləyirsiz, amma qeydiyyata da adam götürürsüz? Deyirlər ki, bu, bizim günahımız deyil, randevu saytının günahıdır. Poliklinikanın baş həkiminin müavininin cavabı isə daha unikal oldu. Deyir ki, siz niyə başqa poliklinikanı deyil, məhz bizim poliklinikanı seçmisiz ki? Daha nə deyim bilmirəm. İctimai nəqliyyatın işləmədiyi bir vaxtda boş vaxt tapıb, qeydiyyatdan keçib, taksi ilə vaksin olunmağa gedirsən, onda da qeydiyyatdan keçdiyin poliklinika öz keyfi ilə işləməsin”. 

Sözügedən poliklinikanın baş həkiminin müavini Sevda İsgəndərova isə "qafqazinfo"ya bildirib ki, məsələ ilə bağlı məlumatlıdırla və həmin vaxt poliklinika işləməli idi:

“Bu məsələ araşdırılacaq və həmin vaxt orada olmalı olan personal barəsində lazımi tədbir görüləcək. Çünki poliklinikalar həmin gün də adi qaydada işləyib.  Araşdırılacaq ki, həmin gün kimlər işdə olub və məntəqəni niyə tez bağlayıblar. Onlarla bağlı müvafiq tədbir görüləcək”.

S. İsgəndərova həmçinin bildirib ki, yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur: “Biz yerindəcə həmin şəxsə randevu götürə bilərik. Nə vaxt istəsə yenidən peyvəndə gələ bilər”.

DİGƏR XƏBƏRLƏR

Top