İmanın artması və azalması


İman və əməl arasında çox yaxın bir əlaqə var. Quranda iman və saleh əməldən yan-yana və eyni ayələrdə bəhs edilmiş, möminlərin saleh əməl işləyərək maddi və mənəvi baxımdan inkişaf və tərəqqi əldə etmələri istənmişdir. Düşüncə və qəlb sahəsindən fel, əməl və hərəkət sahəsinə çıxa bilməyən iman meyvəsiz bir ağaca bənzəyir.
Qəlbdəki iman işığının heç sönmədən parlaması və gücünü hər keçən gün daha da artırması üçün saleh əməllərə ehtiyac var. Həmçinin imanın kamil bir zirvəyə, üstün bir dərəcəyə çatması və belə bir iman sahiblərinin sonsuz nemətlərə qovuşması üçün də saleh əməlin danılmaz yeri vardır.
Bir insan iman edilməsi gərəkən xüsusları qəlbən təsdiq və dillə iqrar etməklə yetinər, ancaq İslamın əməllə bağlı buyuruqlarını göz ardı edərsə, dinə, Allaha (c.c) və Peyğəmbərinə bağlılığı yavaş-yavaş azalar və bir gün qəlbindəki imanın da sönməsinə səbəb olar. Bu mənada dinin buyuruqları olan fel, əməl və ibadətlərin yerinə yetirilməsi imanın güclənməsində müstəsna rol oynayır.
İman, inanılacaq xüsuslar, yəni iman əsasları baxımından artmaz və azalmaz. Bir şəxs iman əsaslarının bir qismini qəbul, bir qismini də inkar edərsə, misal üçün mələklərə imanı qəbul etməsə, ya da namaz fərz olduğunu, yaxud bir insanı öldürmənin haram olduğunu qəbul etməzsə o şəxs iman etmiş sayılmaz. Belə bir vəziyyətdə ortada həqiqi və məqbul bir iman olmadığı üçün imanın artması və azalmasından da söhbət gedə bilməz. İman edilməsi lazım olan xüsuslarla bağlı alimlə cahil, peyğəmbərlə digər müsəlmanlar, qadın və kişi arasında heç bir fərq yoxdur.
Hər bir möminin sahib olduğu imanın keyfiyyət baxımından güclü və ya zəif olması, həmçinin bəzi möminlərin imanı həqiqi mənası ilə mənimsəmiş, bəzilərinin isə imanı səthi bir halda qalmış olması mümkündür.
Quranda keçən aşağıdakı ayələr və bu mövzudakı Peyğəmbərimizin (s.ə.s) hədislər imanın inanılacaq şeylər, yəni, iman əsasları baxımıdan deyil, qəlbin dərinliklərinə nüfuz etməsi baxımından arta, yaxud azala bilər:
“Möminlərə gəlincə, (hər bir surə) onların imanını artırar və onlar (bu surələrin nazil olmasına) sevinərlər” (Tövbə, 9/125).
“Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur” (Fəth, 48/4).
“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar” (Ənfal, 8/2).

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top