Ukrayna mətbuatı - “Rosneft”in məhsullarını Ukraynada SOCAR satacaq


Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) bağlı olan şirkət Rusiyanın “Rosneft” şirkətinin məhsullarının Ukraynada ixrac operatoru olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Ukraynanın "Enkorr" portalı yayıb.
Məlumatda bildirilir ki, “SOCAR Trading”in İsveçrə ofisi Ukraynadakı tərəfdaşları ilə satışa və əlaqəyə nəzarət edəcək. “Rosneft”in neft məhsullarının tədarükü üçün müqavilələr Kiprdə qeydiyyatdan keçən “SOCAR New Energy” şirkəti tərəfindən bağlanacaq.
Bildirilir ki, bu həftə “SOCAR Trading”in nümayəndələri Kiyevi ziyarət ediblər və Ukraynada “Rosneft”in tərəfdaşı olan “Proton Energy Group SA” ilə danışıqlar aparıblar. 
"Enkorr" portalı yazır ki, yeni operator tərəfindən may ayında 100 min tondan çox dizel yanacağı və 12 min ton maye qazın çatdırılma ehtimalını istisna edilmir. 
Qeyd olunur ki, SOCAR məsləyə şərh verməkdən imtina edib.
“Enkorr”un verdiyi məlumata görə, Ukrayna təhlükəsizlik qüvvələrinin təzyiqi səbəbiylə İsveçrə şirkəti “Proton Energy Group SA” 1 aprel 2021-ci ildən etibarən Ukrayna bazarına neft məhsullarının tədarükünü dayandıracaq. Treyder 2020-ci ildə Ukraynaya 1,74 milyon ton dizel yanacağı (bazarın 23,4%) və 443 min ton  (22,3%) maye qaz göndərib. 
Məlumatda daha sonra qeyd olunur ki, SOCAR-ın Ukraynada nümayəndəliyi 2008-ci ildə açılıb. 2009-cu ildə şirkət Odessa və Nikolaev bölgələrindəki Tala-Nafta şəbəkəsinin 20-ə yaxın yanacaqdoldurma məntəqəsini, habelə Odessa bölgəsindəki böyük “Svitanok” neft anbarını satın alıb. 2012-ci ilin avqust ayında SOCAR Ukraynanın Antiinhisar Komitəsindən 26 yanacaqdoldurma məntəqəsi və Kalina qrupunun bir neft anbarı almaq üçün icazə alıb. Şəbəkə Ukraynada iki yanacaqdoldurma operatoru da daxil olmaqla 63 yanacaqdoldurma məntəqəsini işlədir.
2016-cı ilin sonundan etibarən şirkət Ukraynada təbii qaz ticarəti ilə də məşğul olur. Bundan əlavə, SOCAR 2017-ci ildən bəri “Kremenchuq” neft emalı zavodu üçün neft tədarükçüsüdür. 2020-ci ildə treyder neft emalı zavoduna 950 min ton neft göndərib.
 

DİGƏR XƏBƏRLƏR

Top