İman və əməl arasındakı münasibət


Əməl insan iradəsinə bağlı bir iş, davranış və hərəkət deməkdir. Əslində iman əsaslarını qəlbən təsdiq və dillə iqrar etməyi də bir əməl hesab etmək olar. Ancaq əməl dedikdə daha çox qəlb və dilin xaricindəki digər orqanlarla edilən əməllər başa düşülür. Bu mənada əməl imandan bir parça olmasa da, bunlar arasında sıx əlaqə vardır.

Əməl imanın ayrılmaz bir hissəsi deyil
Əksər İslam alimlərinə görə əməllər imanın bir parçası, rüknü və vacib bir hissəsi hesab edilmir. Bu mənada bütün dini əsasları qəlbən təsdiq etsə də, nəfsin aldatması və digər müxtəlif səbəblərə görə bu hökmləri yerinə yetirməyən, ya da dini buyuruq və hökmləri pozan bir insan işlədiyi bu günahı halal hesab etmədiyi müddətcə mömin sayılır.
Quranda “İman gətirib yaxşı əməllər edənlər” ifadəsi ilə başlayan bir çox ayə var (Bəqərə, 2/27; Yunus: 10/9; Hud: 11/23). Bu ayələrdə iman gətirənlərlə saleh əməl işləyənlər ayrı-ayrılıqla zikr edilir. Əgər əməllər imanın bir hissəsi olsaydı, “iman gətirənlər” deyiləndən sonra “yaxşı əməl edənlər” deməyə ehtiyac qalmazdı.
Bəzi ayələrdə iman gətirmək əməllərin qəbul edilməsi üçün bir şərt olaraq irəli sürülmüşdür. Misal üçün, “Hər kim mömin olaraq saleh əməllər etmişsə, o nə haqsızlığa məruz qalmaqdan, nə də (əməllərinin) əskilməsindən qorxar” (Taha, 20/112) ayəsi buna dəlildir. Buradan da görürük ki, əgər iman və əməl eyni şeylər olsaydı, ya da əməl imanın bir parçası hesab edilsəydi, bunlar ayrı-ayrılıqda zikr edilməzdi.
Bəzi ayələrdə böyük günah sayılan bir əməllə imanın bir insanda eyni anda ola biləcəyi bildirilmişdir: “Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın!” (Hucurat, 49/6; Bəqərə, 2/178; Təhrim, 66/6). Bu ayələrdə böyük günah sayılan insan öldürmə əməlini işləyən kəslərdən “möminlər” olaraq bəhs edilmişdir.
Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründən etibarən böyük İslam alimləri qəlbində iman olduğu və bunu dili ilə söylədiyi halda dinin əmr etdiyi əməlləri yerinə yetirməyən, ya da bəzi qadağa və haram əməlləri edən şəxslər, etdiklərini halal və məşru görmədikləri halda mömin hesab etmişlər, ancaq bu şəxslərin günahkar mömin olduqlarını bildirmişlər. Bu haqda əksər İslam alimlərinin görüşü bu yöndədir.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top