
Bəşəriyyət Həzrəti Adəmlə (ə.s.) başladı, Həzrəti Nuhla (ə.s.) tufandan keçərək yer üzünə yayıldı, Quran və Həzrəti Muhammədlə (s.ə.s.) zülmətdən Nura çıxdı, yeni Ruha qovuşdu, yeni mahiyyət qazandı.
Quran - Allahın Adəm oğluna göndərdiyi Həyat kitabıdır.
Quran - Quranın Özünün bildirdiyinə görə, Adəm oğlu üçün həm Nurdur (hər şeyi Onun işığında görməyə), həm Şəfadır (hər mənada sağlam olmaq üçün), həm Ruhdur (mənəviyyatını, əxlaqını Quranla qurmağa)...
Quran - Allah-Taalanın (c.c.) hər bir bəndəsinə göndərdiyi MƏKTUBudur. Kimsə yaxasını kənara çəkməsin, hər kəs Quranı əlinə alanda Allah-Taalanın şəxsən ona ünvanladığı və üstünə də "Qulum, burada yazılanları oxu və əməl elə!" yazıb göndərdiyi MƏKTUB kimi alsın.
Quran - Allah-Taalanın Adəm oğluna ən böyük lütfü, mərhəmətidir.
Ağlını Qurandan alanlar, Quranda birləşənlər nə dünyada, nə də axirətdə zaval görməzlər.
Quran - ən xeyirli ağıldır, əslində ağıl dediyin elə Qurandır. Quranla uzlaşmayan ağıl ağıl deyil, fəlakətdir.
Qədr gecəsi - Quranın nazil olmağa başladığı gecədir.
Qədr gecəsini bilənin, onun bərəkətinə qovuşmaq üçün çırpınanın qədri bilinər.
Quran - müsəlmanın həyat rəhbəri, yol xəritəsidir. Demək Qədr gecəsi Adəm oğlunun AD GÜNÜDÜR. Özünə bayram, yubiley keçirmək istəyən elə bu gecəni seçsin.
Bəşəriyyət Qədr gecəsində Quranın nazil olunmağa başlamasıyla sanki Hira mağarasında yenidən doğuldu. Hər şey də "Oxu!" əmri ilə başladı. Allahın buyurduğu kimi oxumaq, oxuduğunu anlamaq, anladığını yaşamaq ibadətdir.
Həzrəti-Muhammədə peyğəmbərlik verildiyi, İslamın doğulduğu gecədir Qədr gecəsi.
Min aydan, yəni bir insan ömründən daha xeyirlidir Qədr gecəsi.
Qədr gecəsi - Quran gecəsidir, dua məqamıdır, duaların qəbul olunduğu, günahların bağışlandığı, Allah-Taalanın öz yaratdıqlarına mərhəmətinin sel olub çağladığı gecədir.
Qədr gecəsi - ilin ən xeyirli, ən bərəkətli zaman dilimidir. Ömrün zirvəsidir Qədr gecəsi.
Ramazan ayı kimi bir xeyir içində xeyir, bərəkət içində bərəkətdir Qədr gecəsi.
Bu elə bir gecədir, elə bir gecədir ki, içindəki xeyir-bərəkəti Allah-Taaladan savayı kimsə bilməz.
Allah bizi əvvəlcə Öz mərhəmətinə, sonra da bu gecənin bərəkətinə qovuşdursun!
Qədr gecəniz mübarək olsun!