İman - qəlblə təsdiq, dillə iqrardır


"İman" sözünün lüğəvi mənası deyiləni təsdiqləmək, doğrulamaq, söylənəni qəbul etmək, könüllü mənimsəmək, qarşısındakı şəxsə etibar hissi vermək, şübhə və  tərəddüddən uzaq, qəlbən inanmaqdır.
"İman" sözü termin olaraq isə Cənab Allahın (c.c) buyurduğu və Həzrət Peyğəmbərin (s.ə.s) söylədiyi dinin qəti hökmlərini təsdiq etmək, onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul etmək, bunların həqiqi və doğru olduğuna qəlbən iman etmək mənasına gəlir.
İmanın əsas mahiyyəti və dəyişməz təməli qəlbin təsdiqidir. Qəlbin təsdiqi imanın əsas hissəsidir. İmanla bilgi arasında çox yaxın bir əlaqə var. Hər mömin nəyə inandığını bilir, ancaq hər bilmə eyni zamanda ona inanmanı tələb etmir. Digər bir ifadə ilə iman bilgi tələb edir, ancaq hər bilgini iman dairəsinə daxil etmək olmaz. Doğru və səhih bir iman üçün inanılacaq bilgilərə qarşı həmin şəxsin hür iradəyə və azad seçimə sahib olması, söylənən həqiqətlərə boyun əyməsi, təslim olması və qəlbən təsdiq etməsi lazımdır. Cənab Allahın (c.c) iman edənə savab və mükafat, iman etməyənə isə cəza vəd etməsində ilahi bir ədalət vardır ki, bu da iman etmək və ya etməmənin insanın azad və hür seçiminə buraxılmasına görədir.
İmanın qəlbin əməli, qəlb işi, ya da qəlbin təsdiqi olduğunu göstərən ayə və hədislər vardır. Bir ayədə belə buyurulub: “Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin” (Maidə, 5/41). Bu haqda digər ayə isə belədir: “Allah kimi doğru yola yönəltmək istəyərsə, onun qəlbini İslama açar” (Ənam, 6/125). Allah Rəsulu da bu haqda belə demişdir: “Cənab Allah (c.c) cənnət əhlini cənnətə, cəhənnəm əhlini də cəhənnəmə qoyacaqdır. Sonra da baxın, qəlbində bir xardal dənəsi qədər imanı olan birini tapsanız, onu cəhənnəmdən çıxarın deyəcək” (Buxari, İman, 15; Müslim, İman, 82).
Buradan aydın olur ki, imanın əsası inanılacaq şeyləri qəlbin təsdiq etməsidir. Bir insan dili ilə inandığını desə də, qəlbi ilə təsdiq etməzsə, mömin ola bilməz. Digər tərəfdən, qəlbi ilə təsdiq edərək inandığı halda dil qüsuruna, ya da danışa bilməməsinə görə inancını diliylə ifadə edə bilməyən və ya qəlbi ilə təsdiq edib inandığı halda təhdid edildiyi üçün küfr ifadələri söyləyən bir insan da mömin sayılır. Bunun ən bariz nümunəsi səhabələrdən Ammar ibn Yasirin başına gələn hadisədir.
Ammar ibn Yasir Qureyş müşriklərinin ağır təzyiqlərinə və ölüm təhdidlərinə tab gətirə bilməyərək qəlbən iman etmiş olsa da, dili ilə müsəlman olmadığını söyləmiş, Həzrət Muhammədin (s.ə.s) dinini tərk etdiyini ifadə etmişdi. Bu hadisə haqqında ayə nazil olaraq Ammar ibn Yasirin və onun timsalında ümmətin digər fərdlərinin dindən çıxmadığı bildirilmişdir: “Qəlbi imanla dolu olduğu halda (küfrə) məcbur edilən istisna olmaqla, kim iman etdikdən sonra Allahı inkar edər və qəlbini küfrə açarsa, onlara Allahdan bir qəzəb gələr. Onlar üçün böyük bir əzab vardır” (Nəhl, 16/106).
İmanın əsas tərkib hissəsi qəlbin təsdiqi olsa da, insanlar qəlbin içində gizlənənləri bilmədikləri üçün qəlbdəki imanın dil ilə ifadə olunması lazımdır. Çünki bir insanın mömin və ya müsəlman kimi rəftar görməsi üçün həmin insanın söylədiyi söz və ifadələri əsas alınır. Bu səbəbə görə qəlbdə olan imanı dil ilə söyləmək, yəni iqrar etmək imanın bir parçası deyil, sanki dünyaya baxan tərəfi ilə bir şərtidir. 
Qəlblərdə gizlənəni yalnız Allah bilir. Bir insanın iman etdiyini ya onun sözləri, ya da camaatla namaz qılmaq kimi müsəlman olduğunu göstərən bəzi ibadətləri ilə anlamaq olar. Bu mərhələdən sonra həmin insan cəmiyyət içərisində bir mömin və ya müsəlman kimi tanınır, müsəlman kimi rəftar görür. Müsəlman olduğuna görə həmin şəxs artıq müsəlman bir qadınla evlənə bilər, kəsdiyi heyvanın əti yeyilər, zəkatla mükəlləf olar, öləndə cənazə namazı qılınar və müsəlman qəbiristanlığında dəfn olunar. Əgər bir insan imanı, ya da inancını dili ilə ifadə etməzsə, müsəlmanlara xas bu və digər hökmlər ona tətbiq olunmaz.
İman etdikdən sonra bunun dil ilə ifadə olunmasının vacibliyi ilə bağlı Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurub: “Qəlbində buğda, arpa və zərrə miqdarında imanı olan və “Allahdan başqa ilah yoxdur, Muhamməd (s.ə.s) onun elçisidir” deyən hər kəs cəhənnəmdən çıxacaqdır” (Buxari, İman, 33; Tirmizi, Cəhənnəm, 9; İbn Macə, Zühd, 37).
Bu dərəcə vacib bir məsələ olduğu üçün iman, “qəlblə təsdiq və dillə iqrar” şəklində tərif edilmişdir. İmanı bu şəkildə tərif etmək, o mənaya gəlir ki, qəlbi ilə inanmadığı halda “inandım” demək, o insanın mömin olmasına dəlalət eləmir. Bu haqda ayədə belə buyurulub: “İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, - deyirlər” (Bəqərə, 2/6).
Qəlbi ilə iman etmədiyi halda dili ilə inandığını söyləyən bir insana dünyada bir müsəlman kimi rəftar edilir. Çünki belə bir vəziyyətdə insanın qəlbindəkini bilmək, həqiqətən də həmin şəxsin mömin və ya kafir olduğunu müəyyən etmək insanları aşan məsələdir. Bu  şəxsin hesabı axirətdə Rəbbi ilə olacaqdır. Ayə və hədislərdə qeyd edildiyi üzrə imanı olmadığı halda riyakar bir şəkildə və münafiq olaraq həyat yaşayan şəxslə axirətdə kafir kimi rəftar ediləcək və o, sonsuza qədər cəhənnəmdə qalacaq.
Bu məlumatlardan aydın olur ki, qəlbin təsdiqi imanın əsas və vacib ünsürüdür. Qəlbin təsdiqi imanın dəyişməz təməlidir. Dilin iqrarı isə bu əsas və dəyişməz təməlin tanınıb bilinməsini təmin edən bir şərtdir.

Mənbə: Diyanət Vəqfi Elmihalı

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top