Yaralı ikən mayor rütbəsi alan Elsevər Paşayev - FOTOLAR


“Elsevər cəbrayıllı olduğu üçün bu torpaqları görmək də, uğrunda döyüşmək də onun ən böyük arzusu idi. Biz o torpaqları azad etdikcə onun üzündə necə sevinc, fərəh hissi yarandığını görürdük”.

Bu sözləri Azərbaycan ordusunun şəhid zabiti Elsevər Paşayev haqqında Yeniavaz.com-a danışan dostu və döyüş yoldaşı zabit Mehman Qaragözov deyib.
Paşayev Elsevər Vaqif oğlu 1988-ci il 1 iyulda Cəbrayılın Qovşudlu kəndində anadan olub. Məcburi köçkün düşdükdən sonra ailəsi ilə birgə Beyləqan rayonunun Milabad kəndində məskunlaşıblar. 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub. Oranı bitirdikdən sonra Ali hərbi məktəbə daxil olub. Bir sıra rayonlarda N saylı hərbi hissələrdə xidmət edib. İşlədiyi müddət ərzində müxtəlif təlimlərdə göstərdiyi uğurlara görə fəxri fərmanlarla təltif edilib. Elsevər Bolqarıstan, Türkiyə, Cexiya, Almaniya, İngiltərə, sonuncu dəfə isə 2019-cu il 11 dekabrda Əfqanıstanda keçirilən hərbi təlimlərdə iştirak edib. Xidməti boyunca bir sıra medallarla ilə təltif olunub.
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Qubadlı istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib. 2-ci Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, 2 qızı var.

Elsevər Paşayevin dostu Mehman Qaragözov onu uzun illərdir tanıdığını və çox yaxın olduqlarını bildirib:
“Bizim onunla tanışlığımız 2013-2014-cü illərdən başlayır. Biz həm hərbi həyatda, həm də kənarda yaxın idik. Döyüşə də çiyin-çiyinə getmək nəsib oldu. Elsevərlə döyüşlərdə iştirak etmək çox rahat idi. Cəbrayılın Qalacıq kəndi uğrunda gedən döyüşlərdə Elsevər çox şücaət göstərdi. Texnikaların hərəkətinə, eləcə də düzgün mövqe tutmalarına görə doğru qərarlar verdi. Orada düşmənin tutduğu mövqeləri və xeyli sayda qənimət ələ keçirdik. Hər gün əldə etdiyimiz nailiyyətlər şəxsi heyət arasında ruh yüksəkliyini artırırdı ki, bu da heyətdə özünə güvən hissi yaradırdı”.

Azərbaycan Ordusunun zabiti deyir ki, Elsevər döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib:
“Yaralanandan sonra mayor rütbəsi alan Elsevər döyüşlərə Füzuli, Cəbrayıl istiqamətində 27 sentyabrdan tabor komandirinin maddi texniki təminat üzrə müavini kimi başladı. Sonradan taborun komandanlığı dəyişdi. Elsevər Cəbrayılın Dağ Maşanlı kəndi istiqamətində tabor komandiri təyin olundu. Orada hündürlüyü 1021 metr olan Gorbaba zirvəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etdi. Həmin istiqamətdə tabor pusquya düşdü və o, taborun azad olunmasında yaxından iştirak etdi. Onun döyüş planının doğru hesablaması Cəbrayıldan Qubadlıya gedən dağətəyi yolu bizim izləməmiz üçün böyük şərait yaratdı”.
Söhbət əsnasında Mehman Qaragözov döyüş yoldaşının yüksək şairlik ruhundan, ailəsinə olan hörmətindən və necə şəhid olmasından da danışdı:
“Elsevər cəbrayıllı olduğu üçün bu torpaqları görmək də onun ən böyük arzusu idi. Biz o torpaqları azad etdikcə onun üzündə necə sevinc, fərəh hissi yarandığını görürdük. Orada ölüm hər addımda bizimlə idi. Dediyim kimi onun şair ruhu da var idi, tez-tez ölümü sevməkdən bəhs edən misralar deyirdi. Qubadlıya çatmamış Dağ Tumas kəndi var idi. O istiqamətdən düşmənin müqaviməti gözlənilirdi, biz də hücuma hazırlaşırdıq. Hücum vaxtı Elsevərlə yan-yana düşdük. Bu hadisə onun minaya düşməsindən bir gün əvvəl oktyabrın 19-da baş verib. Üzbəüz döyüş gedirdi. Ermənilər kəndi əldə saxlamaq istəyirdi, biz isə hücumla almaq istəyirdik. Orda gördüm ki, Elsevər dizi üstə atəş vəziyyətində durub. O anda ona iki güllə dəydi. Güllə də iz buraxan idi. Gündüz olmasına baxmayaraq onun alovu hiss olunurdu. Bir onu gördüm ki, güllə düz Elsevərə tərəf gəldi və həmin anda yerə uzandı. Rabitəçiyə onu yoxlamsını tapşırdım. Rabitəçi onu yoxlayaraq hər şeyin qaydasında olduğunu bildirdi, o atışın təsirindən yerə yıxılıbmış. Yenidən döyüşə davam edib oranı da aldıq. Ölüm ondan o, minaya düşmədən bir gün qabaq yan keçmişdi. Həmin gecə çox uzun gecə idi. Qubadlının Həkəri çayının sahilində Balasoltanlı kəndi var, gecəni orada qaldıq. Səhər isə istiqamətimiz Laçının Güləbird kəndinə idi. 20 oktyabrda hərəkətə başladıq. Tapşırığımız piyada kəşfiyyat xarakterli hərəkət edərək, aşkarlanan düşməni məhv etmək, yolda olan kəndləri düşməndən təmizləmək idi. 1 gün əvvəl ələ keçirdiyimiz mövqelər hakim mövqelər olduğu üçün bilirdik ki, düşmən artıq o kəndləri boşaldıb.


Burada iki istiqamətdə hərəkət edirdik. Elsevər bir qrupa rəhbərlik edirdi, mən bir qrupa. Mən sağdan təpələrlə, Elsevər isə yolla hərəkət edirdi. Təxminən saat 2-3 radələrində rabitə ilə əlaqə saxladıq. Mərkəzdə Elsevərlə görüşdük. Bir mövqe var idi, yol kəsişməsi idi, oradan düşmən arxadan bizə hücum edə bilərdi. Bu məqsədlə oraya kəşfiyyat qrupu yerləşdirməli idik. Orada xeyli vaxt keçirdik, onunla birgə sonuncu naharımızı da etdik. Axşamüstü 5-in yarısı, 5 radələri olardı, biz dağla hərəkət elədiyimizdən yavaş, onlar isə daha tez irəliləyirdilər. Ona görə də onlar hədəfə bizdən tez çatmışdılar. Rabitə ilə kəndə girdiklərini bildirdi. Mən də bizi gözləmələrini istədim. Orada da Muradxanlıdan Güləbirdə gedən istiqamətdə bir köpü var idi. Ermənilər oranı partlatmışdı ki, biz hərəkət edə bilməyək. Körpü dərənin üstündəydi. Sən demə aşağıdan da həmin yerə mina döşəyiblərmiş. Elsevər də istəyib ki, biz gələnə kimi təpəyə keçib bizi orda gözləsinlər. Bir anda rabitə ilə yaralı olduğu bildirilərək, təcili təxliyə olunması istəndi. Maşınlar arxada idi, kimliyini bilmədən məlumat ötürdük ki, yaralı var. Təxliyə qrupunun maşınının keçdiyini gördüm. Maşın qayıdanda biz də mövqeyə çatanda Elsevərin yaralandığını öyrəndim. Komandiri yaralandığı üçün qrup da çökmüşdü. Elsevər piyada əleyhinə minaya düşmüşdü, onu ordan çıxararkən uşaqlardan biri də minaya düşmüşdü. Özünü görməmişdim, amma uşaqların məlumatına görə danışa-danışa yola salıblarmış. Üstündən 5 gün keçəndən sonra da şəhid xəbərini almışdıq. Onda biz rəhbərliyə Elsevərin minaya düşməsini məlumat vermişdik. Elə yaralı ikən ona mayor rütbəsi verilmişdi. Bunu heyətə bildirdim, bundan sonra rəhbərlik mənə keçdi və biz hədəfimizə doğru hərəkət etdik”.
Qeyd edək ki, şəhadətindən sonra Elsevər Paşayev Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.


Aygün Zayıdova
 

DİGƏR XƏBƏRLƏR

Top