Qəzəbin idarə edilməsində oruc ibadətinin rolu


Qəzəb duyğusu hər insanda fitri şəkildə var olan, hər kəsin yaşadığı və ya yaşaya biləcəyi haldır. Ancaq qəzəb duyğusu doğru bir şəkildə idarə edilməz, nəzarət altında saxlanılmaz və sağlam bir şəkildə ifadə edilməzsə, insanların ailə, iş və sosial həyatında, həmçinin fərdlərin əqli və fiziki sağlamlığında bir sıra mənfi nəticələrə səbəb ola bilər.

Qəzəbin emosional bir kamilliyə işarə etdiyi hallar
Qeyd edək ki, qəzəb duyğusu müəyyən çərçivədə, müəyyən zaman və məqamda, həmçinin dozası və çəkisi dəqiq ölçülərək ifadə edilərsə, insan həyatında müsbət təsirlərə malikdir. Bu şəkildə büruzə edilən qəzəb hissi insanın şərəf və ləyaqətinin əzilməsinin qarşısını alır, insanın həyatda məhsuldarlığını artırır. Ümumiyyətlə tərbiyə edilmiş qəzəb hissinin açığa çıxması, ya da büruzə edilməsi cəmiyyət tərəfindən qəbul ediləndir. Bu həm də insanın fiziki və ruhi sağlamlığına dəlalət edir. Qəzəb duyğusunun bu şəkildə ifadə edilməsi həm də insanın emosional bir kamilliyə çatdığını göstərir.
İnsandakı qəzəb duyğusunu psixoloji üsul və metodlarla idarə etmək, nəzarət altında saxlamaq mümkün olduğu kimi, dinin təlqin etdiyi metodlarla da qəzəb duyğusunu idarə etmək mümkündür. Bütün ilahi və bəşəri dinlər insanın idarə və nəzarətindən çıxan qəzəbi ram etmək və onunla mücadilə aparmaq üçün yollar ortaya qoymuşlar.

Nəfsi cilovlamaqda orucun əhəmiyyəti
Oruc tutmaq İslamda insan ruhunun nəfsin əmrinə keçməməsi, həmçinin ruhun nəfsə qarşı mübarizə aparması üçün vacib əməllərdən biri sayılır. Digər bir ifadə ilə oruc ibadəti nəfsi idarə etmənin, nəfs üzərində nəzarəti gücləndirmənin, xüsusilə pis söz və davranışları, əl, dil və bütün orqanları idarə etmənin vacib metodlarından biridir.
Yaradılış olaraq hər bir insanda mövcud olan qəzəb hissinin davam etmə müddəti və dərəcəsi müxtəlifdir. Qəzəb hissi bəzi insanda qısa, bəzi insanda isə daha uzun bir müddət davam edə bilər. Eyni zamanda hər bir insanın qəzəb duyğusunu nəzarət və idarə altında saxlaması, qəzəblə mübarizə üsulları, qəzəbli anlarında bunu ifadə etmə şəkilləri fərqli ola bilər.

Səbr etmək və qəzəbi boğmaq arasındakı fərq
Bu arada bəzi məqamlara toxunmaqda fayda var. Səbr etmək, əfv edici olmaq və insanların xətalarını bağışlamaqla qəzəbi boğmaq, yaxud qəzəbi udmaq eyni şeylər deyildir. Çünki qəzəbi boğmaq dedikdə burada qəzəbə səbəb olan problemi həll etmədən onun üstünü örtmək və qəzəbi udmaq nəzərdə tutulur. Ancaq insan əfvedici olanda, səbr və dua edəndə qəzəbin ortaya çıxma səbəbini görür, anlayır və belə olanda da onun həlli daha da asanlaşır, məsələ donmuş problem olaraq qalmır. İslamın təlqin etdiyi səbr anlayışında heç bir iş görmədən passiv şəkildə gözləmək yoxdur. İnsan oruc ibadəti ilə səbrli olmağı öyrənir, oruc tutaraq insan empatiya, şəfqət, mərhəmət, yardımlaşma və s. kimi müsbət əxlaqi keyfiyyətlər qazanır. Bu zaman insan qəzəb duyğusunu udmaq və ya qeyri-normal şəkildə çölə əks etdirmək yerinə bunu müsbət və doğru bir şəkildə ifadə edə bilir, hiddət və qəzəbi nəzarəti altında saxlayaraq bu hiss və duyğuları cilovlamağı bacarır. Əslində bu mənada oruc ibadətini hiddət və qəzəbin idarə edilməsində mühüm bir ünsür və mexanizm kimi başa düşmək olar.

İdarə olunmayan qəzəbin insana verdiyi zərərlər
Qəzəb duyğusunu boğmaq, ya da insanın davamlı olaraq bu hissi udması bir çox fizioloji (ürək, migren, xora, yüksək qan təzyiqi, xərçəng və s.) və psixoloji (depressiya, stress, intihar və s.) problemlər ortaya çıxarmaqla yanaşı, sosial həyatda insanlar arasındakı münasibətlərə də zərər verir, insanın hörmət və ləyaqətinə xələl gətirir, insanın etibar və nüfuzunu itirməsinə səbəb olur. Buna görə də qəzəbi boğub saxlamaqdansa, yuxarıda qeyd edildiyi kimi müsbət və doğru bir şəkildə ifadə etmək daha düzgün metoddur.

Oruc tutma günləri artdıqca qəzəb halı azalır
Oruc tutan insan özünü tək, zəif və ya çarəsiz hiss etməz. Oruc ibadəti ilə insan özünü Cənab Allaha (c.c) daha da yaxın hiss edər, həyatın sıxıntı, çətinlik və qayğıları qarşısında Uca Allaha (c.c) pənah gətirər, Ona (c.c) güvənər və ehtiyaclarını Ondan (c.c) istəyər,  beləliklə stress, sıxıntı, narahatlıq, ümidsizlik və bədbinlik yaşamaz. 30-40 yaş arasındakı 100 nəfərlik bir qrup üzərində aparılan araşdırmada iştirakçılar oruc tutmanın insanı mənəvi cəhətdən gücləndirdiyini qeyd etmiş, bununla da stresslə daha yaxşı mübarizə apara bildiklərini söyləmişlər. Aparılan araşdırmaya görə Ramazan orucunu tutma faizi artdıqca qadınlar arasında hiddət və qəzəb duyğusunu çölə əks etdirmə hallarının azaldığı müşahidə edilmişdir. Bu da Ramazan orucu tutan qadınların hiddət və qəzəb hissini daha yaxşı idarə edə bildiklərini göstərir.

Oruc, niyyət və qəzəb faktoru arasındakı əlaqə
Aparılan araşdırmaların nəticəsində ibadət niyyətini əsas alaraq və Allah rizası üçün oruc tutan şəxslərin hiddət və qəzəb duyğularını daha yaxşı idarə edə bildikləri ortaya çıxmışdır. Allah (c.c) rizasını qazanma və ibadət etmə niyyəti olmadan, başqa hər hansı məqsəd və niyyətə görə Ramazan orucunu, ya da digər nafilə orucları tutan insanların isə qəzəb duyğusunu idarə etmədə hər hansı müsbət təsirlər müşahidə edilməmişdir.
Şübhəsiz ki, belə bir mənzərənin ortaya çıxmasında bəzi amillər rol oynayır. Əvvəla, Allah (c.c) rizası üçün oruc tutan bir insan iradəsini idarə etməyi öyrənir. Çünki bir müsəlman oruc tutarkən susuzluq hiss etdikdə su içmək imkanı olduğu halda Allahın (c.c) əmrinə itaət etdiyi üçün su içmir və bir mənada iradəsini tərbiyə etmiş olur. Diqqətlə nəzər yetirsək, görərik ki, bir müsəlman oruc tutanda normalda halal olan yemək, içmək və cinsi əlaqədə olmaq kimi onu sövq və təhrik edici güc və duyğularını cilovlaya və iradəsi altına ala bilir. Bununla da digər günlərdə onsuz da haram olan içki içmək, qeyri-məşru əlaqədə olmaq (zina etmək), pis söz demək və s. kimi arzu və istəklərini, daha asan bir şəkildə nəzarət altında saxlaya bilər. Digər bir ifadə ilə desək, oruc ibadəti ilə normalda ona halal olan feil və əməllərdən müəyyən bir müddət uzaq duraraq nəfsini cilovlamağı öyrənən bir müsəlman, bir ay ərzində qazandığı bu təcrübə ilə Ramazan ayının xaricində də haram, pis və günah olan əməllərdən rahatlıqla uzaq dura bilmə gücü qazanır. 

Qeyd: Yazının hazırlanmasında Nurten Kimterin “Oruç ve Öfke Kontrolü Arasındaki İlişki Üzerine Bir Araştırma” başlıqlı məqaləsindən istifadə edilmişdir.
Mənbə: http://ktp.isam.org.tr/?url=makaleilh/findrecords.php


Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top