İnsan nədir?


Bu suala iki şəkildə cavab vermək olar. Birincisi, insan sözünü etimoloji cəhətdən izah etməklə. Yəni, ərəbcə [uns] - ünsiyyət etmək, alışmaq (öyrəşmək, adət etmək) mənasındadır. İkincisi isə epistomoloji cəhətdən, yəni sözün daşıdığı mənanı, təbiətini və mənbəyini anlamaqla izah etmək olar.
Bir şeyi mənsub olduğu bütündən qopmuş bir şəkildə dəyərləndirdikdə onu tam izah edə bilməmiş və anlamamış olarıq.
Müasir psixologiya insana biopsixososial bir varlıq kimi baxır. Bioloji hədəfimiz həyatda qalmaq və çoxalmaqdır. Psixoloji hədəfimiz xoşbəxt olmaqdır. Sosial hədəfimiz isə güvənəcəyimiz bir yuva tapmaqdır. Əgər insana yalnız bədəndən ibarət bir varlıq kimi baxsaq, onu tam əhatə edə bilməyəcəyimiz kimi, yalnız psixoloji varlıq kimi də baxsaq, tam anlaya bilməyəcəyik.
Məsələn, müdrik insanlar tələbələrində "fərqindəlik" əmələ gətirmək üçün belə suallar verərmişlər:
- Sən kimsən?
- Doğulmazdan əvvəl harada idin?
- Dünyada var olmazdan əvvəl harada idin? və s.
Əslində, bu suallar insanı doğru anlamağın əsas, fundamental sual(lar)ıdır. Fundament isə ən altda görünməyən ən vacib şeydir. Biz əvvəlcə "zahir" olan, görünən hissəni düşünürük. "Batin" olan, görünməyən tərəfi isə fikir yürüdərək, müzakirə edərək və araşdıraraq anlaya bilirik.
"İnsan nədir?" sualına əvvəlcə görünən tərəfləri ilə cavab verə bilərik. Hətta, bunun ən görünən tərəfi insanın geyimidir, sonra bədənidir, daha sonra isə ağlıdır. İnsan danışır, söhbət edir və beləliklə də, onun düşüncələri, duyğuları, anlayışı və baxış bucağı müəyyənləşir.
Bir şey bütöv və tam olaraq bilinmədikdə bütövün parçaları və hissələri elə bütövün özü kimi zənn edilə bilər. Bu da bütövün doğru anlaşılmamasına səbəb olar. Qədim müdriklikdə (Qədim yunan, Qədim hind filosoflarının əsərləri, dini mətnlər, Qədim və Orta əsr İslam filosof və alimlərinin əsərləri və s. nəzərdə tutulur) isə insana biopsixospiritual bir varlıq kimi baxılmışdır. Bu nöqteyi-nəzərdən insan üç əsasın bütünündən meydana gəlmişdir:
- ruhi yönü;
- psixi yönü;
- bədəni yönü.
Bəzi psixoloqlar psixikanı ruh, psixologiyanı isə ruh haqqında elm zənn edirlər. Psixika ingiliscə "soul", ruh isə "spirit"dir. Azərbaycan dilində isə psixikanın qarşılığı nəfsdir. Yəni, əslində psixologiya nəfs haqqında elmdir. Psixologiya insanın ruhi yönü olmadığına görə ruh halı ilə psixoloji hal da eyni mənanı daşımır.
Elə isə insan tarixən necə adlandırılıb? Bir şeyin həqiqətı necə müəyyənləşir? Tam və bütöv məlumatın bizə nə faydası var? Bu suallara silsilə yazımızın növbəti sayında cavab axtaracağıq.

Fraza jurnalı, 
Roman Mamedov
@enneagram_master

DİGƏR XƏBƏRLƏR

Top