Ağ ip-qara ip məsəli və orucun başlama vaxtı


Adi ibn Hatim Tay qəbiləsinin başçısı və məşhur səhabələrdən biridir. Bu səhabənin başına gələn bir əhvalat bu gün bizə orucun başlama vaxtını bildirən ayəni (Bəqərə, 2/187) daha yaxşı başa düşməyimizə kömək edir.
Adi ibn Hatim İslamı qəbul etmədən əvvəl mənsub olduğu Tay qəbiləsinə başçılıq etmiş, bu idarəçilik vəzifəsini müsəlman olduqdan sonra da, hətta Həzrət Peyğəmbərimizin (s.ə.s) dövründə də davam etdirmişdir. O özü İslamı qəbul etməklə yanaşı qəbiləsinin də İslamı seçməsinə vəsilə olmuşdu. Bir çox ərəb qəbiləsi Həzrət Əbu Bəkrin (r.a) xilafəti dövründə İslamdan dönərək dövlətə qarşı üsyan etdiyi halda, o öz qəbiləsini çox yaxşı idarə etmiş, onun qəbiləsində bu kimi hadisələr yaşanmamışdı. Adi ibn Hatim müsəlman olanda yaşı 50-dən yuxarı idi. O, ərəblər arasında comərdliyi ilə məşhur olan Hatim ət-Tainin oğludur.
İlk dövrlərdə səhabələr arasında Ramazan orucunu açandan sonra gecənin hansı vaxtına qədər yemək yeyib-su içəcəkləri ilə bağlı yanlış anlaşılma var idi. Bəziləri yatsı namazından sonra ertəsi gün günəş batana qədər yeyib içmənin haram olduğunu düşünürdülər. Bəziləri yatsı namazından sonra oyaq olduğu müddətcə yeyib içmənin doğru olduğunu, ancaq insan yatarsa, artıq yemə və içməni dayandırmalı olduğu fikrini müdafiə edirdilər. Ortaya qoyduqları bu fikirlərə görə də məhz özləri çətinlik çəkirdilər.
Sonra bu məsələ ilə bağlı, yəni növbəti günün orucunun nə vaxtdan etibarən başlaması ilə əlaqədar ayə nazil oldu: “Sübh açılınca, ağ ip qara ipdən fərqlənincəyə (şəfəqin aydınlığı gecənin qaranlığından ayırd edilincəyə) qədər yeyib-için; sonra gecəyə qədər orucunuzu tamamlayın" (Bəqərə, 2/187). Ayə nazil olsa da, hər kəs ayədə nəzərdə tutulan əsas mənanı tam başa düşməmişdi. Allah Rəsulu (s.ə.s) hələ həyatda idi. Onun (s.ə.s) ayə ilə bağlı izah və şərhinə ehtiyac yaranmışdı.
Adi ibn Hatim də bu ayəni yanlış anlayan şəxslərdən idi. O başına gələn əhvalatı belə danışır: “Bu ayə nazil olandan sonra ağ və qara ip götürərək yastığımın altına qoydum. Sahur yeməyində bunlara baxır, ağ iplə qara ipi bir-birindən ayırd edəcəyim zamana qədər sahur yeməyinə davam edirdim. Sonra etdiyim bu işi Allah Rəsuluna (s.ə.s) dedim. O isə belə buyurdu: “Sənin yastığın nə qədər də böyükdür. Ayədə keçən ağ ip dan yerinin aydınlığı (şəfəqin ilk əlamətləri), qara ip isə gecənin qaranlığıdır. Bunları bir yastığın altına necə sığdıra bildin?" (Buxari, Savm, 16).
Allah Rəsulunun (s.ə.s), “sənin yastığın nə qədər də böyükdür” sözünü bu şəkildə anlamaq olar: “Sənin yastığın ayədə buyurulan qara iplə ağ ipi altına qoyacaq qədər geniş olmalıdır. Çünki buradakı iplər gündüzün aydınlığı ilə gecənin qaranlığıdır. Dolayısı ilə sənin yastığın Şərq və Qərbi əhatə edəcək qədər böyük olmalıdır”.
Allah Rəsulunun (s.ə.s) ayəni izah etməsi ilə anlaşılmışdır ki, əslində ağ iplə qara ip sözün həqiqi mənasında ip deyildir. Burada qəsd olunan məna şəfəqin ilk əlamətlərinin (fəcri-sadiq) ortaya çıxması və üfüqdə gecə ilə gündüzün bir-birindən ayrılmağa başlamasıdır.
Sual ortaya çıxır ki, bəs bunlar arasında nə fərq var? Ağ iplə qara ipi bir-birindən ayırd edə biləcəyimiz qədər səhərin aydınlandığı zaman ilə üfüqdə gecə ilə gündüzün təzəcə bir-birindən ayrılmağa başladığı zaman arasında təxminən bir saatlıq fərq var. Səhərin göz-gözü gördüyü, ya da ağ iplə qara ipi ayıd ebə biləcək qədər səhərin aydınlandığı zaman, artıq səhər namazının girdiyi vaxtdır. Sahur yeməyini bu vaxta qədər uzatmaq doğru deyil. Hətta ayəni bu formada başa düşən Adi ibn Hatimə Allah Rəsulu (s.ə.s) burada təşbeh və bənzətmənin olduğunu bildirmişdir (Buxari, Savm, 16). Ağ və qara ipin görünməsi, gündüzün aydınlığı ilə gecənin qaranlığının bir-birindən ayrılmağa başladığı andır ki, bu zaman hava ağ iplə qara ipi bir-birindən ayırd edəcək qədər aydınlanmış olmur.
Xülasə olaraq deyək ki, Ramazan gecələrində yemək və içmək qara ip ağ ipdən ayırd edilənə qədər halal və mübahdır. Ancaq yanlış anlaşılmasın, bu həqiqi ağ və qara ip deyil, fəcrdən olan, fəcri-sadiqdən bir parça olan ağ ipdir. Yəni dan yeri, horizontal və ya üfüq xəttinə paralel ağ ip kimi ağarmağa başladığı andır.
Burada ayədə keçən “minəl-fəcri” ifadəsinə toxunmaq yerində olar. Buradakı “min” (dan-dən) şəkilçisi, fəcrin bir qismini, yəni fəcrin başlanğıcını ifadə edir. Halbuki, bu vaxt ağ iplə qara ipi bir-birindən ayırd etmək mümkün deyil.
Oruca başlama vaxtını bildirən imsak eyni zamanda səhər namazının qılınma vaxtını bildirir. Yəni oruca başlayanda eyni zamanda səhər namazının vaxtı da girmiş olur. Yuxarıdakı ayədəki ağ iplə qara ip məsəlini həqiqi mənada anlasaq, bu zaman səhər namazının vaxtını həm gecikdirmiş, həm də qısaltmış olarıq. Ayədə keçən “qara ip” gecə, “ağ ip” isə gündüzün ilk vaxtını ifadə edir. 

Nazim Mutafayev

DİGƏR XƏBƏRLƏR

Top