Futbolçunun qayınanasını döyən şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB


Ötən gün Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb. İ. Kvritiya məsələdə ittiham edilən şəxsin saxlanıldığını, daha sonra isə sərbəst buraxıldığını iddia edib. Daxili İşlər Nazirliyi sözügedən iddia ilə bağlı açıqlama yayıb. 

Yeniavaz.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, törətdiyi əməldə təqsirli bilinən, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Namiq Bayramov tutulub: “Onun azadlığa buraxılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Fakt üzrə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir”. 

***16 aprel, saat 22:25
Bakıda yaşayan gürcü model, AZAL-ın sabiq futbolçusu Nuqzar Kvirtiyanın xanımı İnna Kvritiyanın anası döyülüb.

Yeniavaz.com xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında yazıb.

İ.Kvirtiya bildirib ki, aprelin 8-dən 9-na keçən gecə tanımadığı şəxs anasının mənzilindəki eyvan barmaqlıqlarının kilidini qıraraq içəri daxil olub və 5-6 saata yaxın müddətdə qadını girov saxlayıb:
"Anamın bədəninə zərər vurub, boğub, döyüb, boğazına bıçaq tutub və iplə boğmaqla hədələyib. Təsadüfən, dörd yaşlı qızım Qabriella həmin gecə bizim yanımızda idi. Adətən həftənin bu günlərində nənəsinin yanında olur. O gün anam evdə tək olub. Hücum edən şəxs Azərbaycan dilində danışıb, anam, bu dili zəif bildiyinə görə heçnə anlamayıb. Saat 9-a qədər mənzildə qaldıqdan sonra, anamdan polisə xəbər verməyəcəyi sözünü aldıqdan sonra ön qapıdan evi tərk edib".

Hadisədən sonra model və anası 102-yə zəng vurublar:

"Hadisədən sonra 102-yə zəng vurub, Yasamal rayonu 28-ci polis bölməsinə üz tutduq. Bu şöbədə yaşadıqlarımız ayrı bir hekayədir və bəzi əməkdaşlarının zərərçəkənlə təhqiramiz, etik olmayan və bəzən qeyri-peşəkar davranışlarına baxmayaraq, hücum edən şəxsin dərhal tutulması və Nardarana qədər onu kameralarla izləmək üçün keçirdikləri yuxusuz gecələrə görə polis əməkdaşlarına təşəkkürümü bildirirəm. Etnik mənsubiyyətimizə görə hüquqlarımızı pozmayan və son dərəcə nəzakətli, peşəkar bir insan olan R.Məmmədova xüsusilə minnətdaram. Məhkəmə tibbi müayinəsindən, DNT müayinəsindən keçdik. Mənzildən kifayət qədər dəlil (qan izləri olan bir dəsmal, təcavüzkarın içdiyi bir stəkan, qapı çərçivələrindən və soyuducudan qan nümunələri, siqaret izləri) götürüldü... Həmin şəxs tutulduqdan sonra anamın dediklərinin hamısını təsdiqlədi. Üzləşmədən sonra sadəlövhlüklə düşündük ki, indi ən dəhşətli şey arxada qaldı".

İnna Kvirtiyanın sözlərinə görə, bu gün onları Yasamal rayon istintaq komitəsinə çağırıblar:

"Burada yüzüncü dəfə baş verənlər barədə ətraflı danışdıq. Sonra başqa bir ərizəni imzaladıq. Daha sonra bizi İstintaq rəisinin yanına göndərdilər, orada qısa bir müddət yenidən danışdıq və nəhayət sərbəst buraxıldıq. Artıq evə qayıdan zaman bizdən geri qayıtmağı və prokurorluqda Yasamal rayon prokurorunun müavininə ifadə verməyimiz istəndi. Növbəti dəfə danışdıq, təcavüzkarın saxlanıldığı və təhlükə altında olmadığımızı əmin edərək bizi yenidən sərbəst buraxdılar. Çıxan kimi dərhal polis idarəsinə zəng vurdum. Ordan bizə deyirlər ki, hücumçunu buraxırlar".

Sabiq futbolçunun xanımı bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və digər qurumlara şikayət yazıb. O bildirib ki, anasına hücum edən şəxs əvvəllər də mənzildən oğurluğa görə ittiham olunub.

DİGƏR XƏBƏRLƏR

Top