Oruc səbrin yarısıdır


Məlum olduğu üzrə dünyada əsas istifadə edilən təqvimlərdən biri günəş, digəri ay təqvimidir. Müsəlmanların bir ay boyunca oruc tutduqları Ramazan ayı ay təqvimi sistemində yer alır. İstifadə etdiyimiz günəş təqvimindəki aylar hər zaman eyni fəsil və mövsümlər üçün stabil və dəyişməz olaraq qalır. Ancaq qəməri ay təqvimində bu belə deyil. Qəməri təqvim günəş təqvimindən 10-11 gün qısadır. Buna görə də günəş təqvimi ilə müqayisədə qəməri təqvimdəki aylar hər il 10-11 gün əvvələ gəlir. Beləliklə də müsəlmanlar Ramazan orucunu 35 illik bir dövr içərisində ilin bütün fəsillərində tutmuş olurlar.
Müsəlmanlar Ramazan orucuna qəməri təqvimlə Ramazan ayının təzə hilalı çıxanda başlayır, bir sonrakı hilalın, yəni Şəvvəl ayının hilalı çıxana qədər davam edirlər. Qəməri təqvim sistemində yer alan Ramazan ayı bəzən 29, bəzən də 30 gün olur.
Ramazan sözü lüğəvi olaraq isə günəşin qumları həddindən artıq isitməsi, günün hərarətli olması, isinmək və s. kimi mənalara gəlir. Qızğın bir yerdə ayaqyalın gəzərək ayaqların yanması ərəb dilində “ramazan” sözü ilə ifadə edilir. Bu ayın məğfirət, bağışlanma və günahlardan təmizlənmə ayı olması elə Ramazan sözündə də öz əksini tapıb. İnsanların günahları bu ayda yandırıldığı üçün bu aya Ramazan adı verilmişdir.
Həm Ramazan ayında, həm də digər aylarda tutulan oruclar şəriət baxımından eynidir. Bütün oruclar dan yerinin ağarması ilə başlayır və günəş batana qədər davam edir. Ramazan orucunu tutan müsəlmanlar oruca niyyət edərək başlayır, fəcrin doğuşundan günəşin batmasına qədər olan müddətdə orucu pozan yemək, içmək, cinsi münasibət və s. kimi hallardan uzaq dururlar. Müsəlmanlar Ramazan ayında oruc və digər ibadətlərlə Allaha (c.c) yönəlir, iman və əxlaq baxımından daha güclü hala gəlir, maddi və mənəvi olaraq təmizlənirlər.
İl içərisində günlər yay və qış aylarında uzun və ya qısa olur. Həmçinin şimal və cənub yarımkürələrində günəşin dünyaya uzaqlığına görə mövsümlər mütəmadi olaraq daha qısa, ya da daha uzun olur. Əgər müsəlmanların tutduqları Ramazan orucu günəş təqvimindəki aylardan birində olsaydı, isti və soyuq bölgələrdə yaşayan müsəlmanlar arasında bərabərsizlik ortaya çıxacaqdı. Bu zaman bəzi müsəlmanlar ömür boyu ilin ən uzun günlərində, bəzi müsəlmanlar da ən qısa günlərdə oruc tutacaqdılar. Burada qəməri ayın seçilməsi ilə belə bir problemin qarşısı alınmışdır. 
Ramazan ayının oruc ayı olaraq seçilməsi, həmçinin bu ayda dünyanın hər bir tərəfindəki müsəlmanların toplu halda eyni ibadəti icra etmələri müsəlmanlar arasında birlik şüurunun ortaya çıxmasına kömək edir. İslam alimi Qəzalinin ifadəsi ilə, oruc tutmaq bir insanın aclıq və susuzluq hissini, həmçinin cinsi arzu və istəklərini tərbiyə edir, insanın güclü bir iradəyə sahib olmasını təmin edir.
Müsəlmanların oruc tutacaqları bir aylıq müddətin məhz qəməri təqvim sistemindəki Ramazan ayında olmasının bəzi hikmətləri vardır. Orucun başlama və sona çatma müddəti səma cisimlərinin hərəkəti ilə müəyyən edilir, beləcə də başqalarının araya girərək bu oruc ayını ilin başqa günlərinə çəkməsi hardasa mümkünsüz hala gəlir. Həzrət Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “(Ramazan) hilalını gördüyünüzdə oruc tutun. (Şəvvəl) hilalını gördüyünüzdə iftar (bayram) edin. Əgər hava buludlu olarsa (bu səbəbə görə ay görülməzsə), Şaban ayının günlərini otuza tamamlayın” (Buhari, Savm, 2; Müslim, Siyam, 19).
Veysel Uysalın qələmə aldığı “Orucun Psikolojik ve Sosyal Etkileri” başlıqlı elmi işində qeyd etdiyinə görə, Ramazan ayında 30 günlük orucu tam şəkildə tutan müxtəlif peşə və yaş qrupundan olan yüz könüllü insan üzərində bir araşdırma aparılmışdır. Ramazan ayından əvvəl və Ramazan ayının son həftəsində bu yüz nəfərdən qan alınaraq qandakı ümumi protein, albumin, qlobulin, qan şəkəri və s. yoxlanılmışdır. Bu yüz nəfərdən əldə edilən ərtaflı qan təhlilləri ilə ümumi aclıq araşdırmalarının nəticələri müqayisə edilmişdir. Əldə edilən nəticələrə görə, İslamın gətirdiyi oruc ibadətində insanlar fizioloji aclıq, yəni həqiqi aclıq hissi yaşamırlar. Bu zaman ortaya çıxmışdır ki, oruc ibadətində insanın yaşadığı aclıq hissi, “psixoloji aclıq” və ya “yalançı aclıq” hissidir. Bu da il boyu hər istədiyini yeyib-içən insan bədəninin qazanmış olduğu vərdişdən qaynaqlanır.
Aparılan bu qan təhlilləri və araşdırma nəticələrindən yola çıxaraq demək olar ki, Ramazan orucunda insanın hiss etdiyi aclıq ilə mütləq aclıq zamanı insanın yaşadıqları tamamilə fərqli şeylərdir. İlin digər on bir ayında insan bədənində yığılan yağlar Ramazan orucunda metabolizm əldə edir. Beləcə oruc tutmaq əsrimizdə zənginlik və rifah xəstəlikləri adlanan bir çox xəstəliyin qarşısını alır.
İslam alimlərinə görə oruc və səbr arasında sıx əlaqə var. Belə ki, səbr güclü bir iradənin nəticəsidir. Güclü iradəyə sahib olmayan səbrli ola bilməz. Quranda 60-a yaxın ayədə səbr sözü keçir. Səbrli olmaq müsəlmanın üstün vəsflərindəndir. Orucun səbrin yarısı, səbrin isə imanın yarısı olduğu ilə bağlı rəvayətlər var (İbn Macə, Savm, 44). Müsəlmanın imanını qoruması və bir müsəlman olaraq İslama uyğun şəkildə yaşaması üçün səbrin danılmaz yeri var.
Oruc insanın duyğu və düşüncələrini daha incə və zərif hala gətirir, insanı şəfqətli və mərhəmətli edir. Oruc tutan insan alcığın nə demək olduğunu anlayır. Yaşadığı bu təcrübə ilə davamlı olaraq aclıq və səfalət içərisində qıvranan insanların halını daha yaxşı anlayır.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top