Mövlana Cəlaləddin Rumiyə ilham verən alim – Fəriduddin Əttar


Fəriduddin Əttarın İranın Nişapur şəhərindəki türbəsi

Fəriduddin Əttar 1136-cı ildə Nişapur şəhərində dünyaya gəlmişdir. Onun əsərləri və düşüncə dünyası ilə bağlı geniş məlumat olsa da, həyatı haqqındakı məlumatlar məhduddur. Fəriduddin Əttar həyatının ilk dövrlərində ata məsləyi ilə məşğul olmuş, atadan qalma əczaçı dükanında bitkilərdən hazırladığı dərmanlar və ətirli şeylər satmışdır. Beləcə də “Əttar” təxəllüsü onun həyatının bir parçası halına gəlmişdir. O, Əttar Nişapuri, yəni Nuşapurlu Əttar olaraq da tanınır. Fəriduddin Əttarın əsərləri tədqiq ediləndə onun hədis, təfsir, fiqh və kəlam kimi dini elmlərlə yanaşı fəlsəfə və astronomiya elminə də dərindən bələd olduğu anlaşılır. Fəriduddin Əttar 1221-ci ildə 85 yaşında dünyasını dəyişmişdir. Qəbri və türbəsi onun həm də dünyaya gəldiyi Nişapur şəhərindədir.
Fəriduddin Əttar həyatının ilk dövrlərində əczaçılıq və tibb elmiylə məşğul olsa da, bir gün dükkanına daxil olan alim və arif bir şəxslə arasında keçən dialoq onun həyatında bir dönüş nöqtəsi və həyatında yeni bir mərhələnin başlanğıcı olmuşdur.
Rəvayətə görə bir gün Fəriduddin Attar mağazasında oturaraq bacarıqlı usta və işçilərinə müəyyən işlər tapşırır, mağazaya gəlib gedənlərlə maraqlanır, bir sözlə ticarəti ilə məşğul olur, mağazanı idarə edirdi. Elə bu ərəfədə zahirən divanə dərviş kimi görünən, əslində isə ağıllı və müdrik bir şəxs mağazaya daxil olur. Bu adamın hərəkətləri Fəriduddin Əttarın gözündən qaçmır. Ona, “Ey dərviş! Dükandan çıxıb getsən daha yaxşı olar” deyir. Bu divanə şəxs də Əttara dönərək: “Ey ağa! Mən yükü xəfif olan bir şəxsəm. Üstümdəki bu xirqədən başqa da heçnəyim yoxdu. Çıxıb getmək mənim üçün çətin deyil. Bəs sən üzərindəki bu yük və ağırlıqla bu dünyadan köçüb gedə biləcəksənmi?”
Mağazaya daxil olan dərviş libaslı adamın sözləri sanki Fəriduddin Əttarı can damarından yaxalayır, belə demək mümkünsə “ova gedərkən ovlanır”, qəlbdən çıxan sözlər bir ox kimi onun qəlbinə sancılır. Əslində Fəriduddin Əttarın yaşadığı bu hadisəni müsbət elmlər sahəsində başqa bir alimin yaşadığı hadisə ilə açıqlamaq olar… Özünə yol tapa bilməyən su kütləsi bir dərəyə yığılaraq böyük bir göl əmələ gətirir. Burada cəmləşən güc və enerjinin bir ümmana çevirilməsi isə adətən kiçik bir işarəyə, balaca bir toxunuşa bağlı bir an məsələsi olur. Elə bu səbəbə görə təəccüb doğurmamalıdır ki, daha əvvəl bir çox insanın gözü önündə yüzlərcə alma ağacdan yerə düşdüyü halda bu mənzərəyə baxaraq yerin cazibə qanununu kəşf edən məhz Nyuton olmuşdur. Çünki Nyuton digər insanlardan fərqli olaraq bu məsələ haqqında sistemli və elmi əsaslara söykənərək aylarca düşmüş, bu məsələ haqda baş yormuşdu. Vaxtı zamanı gələndə də ağacdan düşən bir alma başqa insanlardan fərqli olaraq ona kitablar dolusu həqiqətlərdən xəbər vermişdi.


Fəriduddin Əttarın “Məntiqut-tayr” (Quşların dili) əsərində quşların toplantısını göstərən miniatür

Dərviş libaslı bir zatın sözlərinin Fəriduddin Əttara bu qədər təsir etməsini də məhz bu aspektdən baxaraq anlamaq olar. Əslində həyatında belə bir dönüş nöqtəsi yaşayan, həyatlarından bu mənada yeni bir mərhələ başladan sadəcə Fəriduddin Əttar deyildi. Ondan əvvəl Bəlx şəhərinin hökmarı olan İbrahim ibn Ədhəmin, ya da daha sonraları bir Osmanlı müftisi (şəriət hakimi) olan Mahmud Hüdayinin həyatındakı dönüş nöqtələri də məhz haqqında danışdığımız Fəriduddin Əttarın yaşadıqları ilə eyni idi. Sözün özü, bu və başqa onlarca, yüzlərcə mənəvi eşq atəşi ilə dolu insanların çağlar boyu ətrafına işıq saçması üçün sadəcə kiçik bir qığılcım kifayət edirdi. Həmçinin Şəms Təbrizinin ta Konyaya gələrək Mövlana ilə görüşməsi də onda məknuz olan eşq atəşinə bir qığılcım çalmaqdan ibarət deyildimi?
Fəriduddin Əttar təsəvvüf ənənəsində olduğu kimi hər hansı bir şeyxin müridi olmamışdır. O sadəcə təsəvvüf aşiqi idi. Bu həyat tərzini bəyənmiş və mənimsəmişdi. O təriqət qaydalarından daha çox təsəvvüf fəlsəfəsinə və təsəvvüf həyatına sevgi bəsləyirdi. Fəriduddin Əttarın təsəvvüf ənənəsində olduğu kimi üstad və şeyxləri, yetişidirdiyi tələbə və müridləri məlum deyil. Yəni təsəvvüf tarixində özünü Fəriduddin Əttara aid edən və onun tələbəsi olduğunu söyləyənlərə rast gəlmirik. Bu da Əttarın bir təkkə qraraq orada şeyxliq etmədiyi kimi bu mənada mürid də yetişdirməmişdir.
Ümumiyyətlə şərq ədəbiyyatına dərindən nüfuz edən və güclü təsirə malik təsəvvüf anlayışı əsasən bəzi kitablar ətrafında formalaşır. Fəriduddin Əttarın “Məntiqut-tayr” (Quşların dili) adlı əsəri də məhz bu qəbil əsərlərdən biri hesab olunur. Fəriduddin Əttar bir şair və təsəvvüfi həyat tərzini mənimsəyən bir sufi olaraq həm fars, həm də klassik türk ədəbiyyatında dərin izlər buraxan mühüm bir şəxsiyyətdir.
Fəriduddin Əttar “Məntiqut-təyr” əsərində həqiqət yolunun yolçularını quşların dili ilə anladır, fərqli insan xarakterlərini quş simvolizmindən istifadə edərək fəhmin anlaya biləcəyi hala gətirir. Hekayədə keçən quş isimləri əslində müxtəlif tip insanları ifadə edir. “Məntiqut-təyr” əsərində keçən Hüdhüd quşunun rəhbərliyi olmasaydı, digər quşlar Simurqa çata bilməzdilər. Hətta Hüdhüdün rəhbərliyinə baxmayaraq bir çox quş yolda tələf oldu. Ancaq yol göstərən rəhbər olmasaydı, quşların heç biri yolun sonuna çata bilməyəcəkdi.
Əsərin əvvəlində qeyd edildiyi üzrə padişahları olan Simurqa çatmaq istəyən quşlar yol rəhbəri olaraq özlərinə Hüdhüdü seçirlər. Hüdhüd də onlara yolun məşəqqətlərindən, yolda qarşılarına çıxa biləcək təhlükələrdən danışır. Bu çətinlikləri eşidən quşlardan bəziləri bəhanələr gətirməyə başlayır. Ancaq mürşid və yol rəhbəri olan Hüdhüd onları doğru yola sövq edə bilmək üçün hər bir bəhanəyə qane edici cavablar verir.
Yola rəvan olmaqla bağlı Hüdhüdün dəvətinə ilk bəhanə gətirən və bu səfərdə iştirak edə bilməyəcəyini deyən quş bülbüldür. Bülbül gülə aşiq olduğunu bəhanə gətirmiş, onun sevgisiylə sanki sarxoş olduğunu, hətta gülün eşqinə düşərək özünü itirdiyini iddia edir. Hüdhüd ona maddi eşqə aldanmamağı, zahiri gözəlliyə ilişib qalmamağı tövsiyyə edir. Buradakı bülbül obrazı fani və keçici dünyaya ilişib qalan insanı təsvir edir. Buradakı bülbül obrazı həddindən artıq istək və arzulara qərq olmuş bir insanın düşdüyü vəziyyətdir.
Fəriduddin Əttarın məcaz və metaforalarla zəngin “Məntiqut-tayr” əsərindən onu anlamaq olar ki, çətinliklər və problemlərlə dolu bu dünyada insan əvvəla öz daxili aləmində bir səyahətə çıxmalıdır. İnsan özündə olan çatışmazlıqlara və ruhunun zəif tərəflərinə qarşı məğlub olmamalı və nəfsin istəklərini bütləşdirməməlidir.
Günümüzdə də insanlar “Məntiqut-tayr” əsərindəki quşlar kimi həqiqət yolçuluğunda yol yorğunluğu yaşayır, bəzən bezikir, yola davam etməmək üçün bəhanələr gətirməyə başlayır. Fəriduddin Əttar Hüdhüdün dili ilə müridlərə hər şeydən əvvəl xalis bir niyyətlə yola rəvan olmağı söyləyir. Xalis bir niyyətə sahib olduqdan sonra insanlar zəfərdən deyil, səfərdən məsul olarlar.
Hər hansı bir fikir və ya mücərrəd məfhum ifadə ediləndə simvollardan istifadə edilir. Bəşər tarixinin ilk dövrlərindən günümüzə qədər bütün zamanlarda simvolik dilə ehtiyac olmuşdur. Mövlana söz və məramını metaforik və məcazi bir üslubda ən gözəl şəkildə ifadə edən sufi alim və şairlərdən biridir. O, Quran ayələri və Peyğəmbər (s.ə.s) kəlamında insanlara bir çox həqiqətin hekayə, məcaz və metofor yolu ilə çatdırıldığını qeyd edir: “Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (Ənkəbut, 29/41). Quranda və Peyğəmbər (s.ə.s) kəlamında istifadə edilən bu metod sufi-məşrəb şair və alimlərə ilham vermiş, əsərlərində məcaz və metaforadan geniş istifadə etmişlər.

Fəriduddin Əttarın “Məntiqut-tayr” (Quşların dili) əsərində quşların toplantısını göstərən miniatür

Fərqli-fərqli məkanlarda və müxtəlif dövrlərdə yaşayan insanların bir-birinə bənzər metafora və simvollardan istifadə etməsi bu məcazi və metaforik dilin ümumbəşəri və beynəlmiləl bir xüsusiyyətə sahib olduğunu göstərir. Əsərlərində dilin bu zənginliyindən istifadə edən alim, mütəfəkkir və şairlərin əsas məqsədi məramlarını daha təsirli bir şəkildə çatdırmaq olmuşdur. Fəriduddin Əttarın “Məntiqut-təyr” (Quşların dili) əsərinin timsalında deyə bilərik ki, təsəvvüf əhli və sufi-məşrəb alimlər mənanı gücləndirmək üçün bu üslubdan geniş istifadə etmişlər.
Göz önündə olan və insanların anlamaqda çətinlik çəkmədiyi bir həqiqətdən danışarkən adətən məcaz və metaforaya ehtiyac yaranmır. Anlaşılması nisbətən çətin olan həqiqətlər isə məcaz və metaforanın təsir gücündən istifadə edilərək anladılır. Bu mənada metafora və məcaz bilinən bir həqiqətdən bilinməyənə uzanan bir körpü rolunu oynayır.
Fəriduddin Əttarın “Məntiqut-tayr”, yəni “Quşların dili” əsəri bir çox şərq alimi və şairlərinin yaradıcılığına güclü təsir edib. Fəriduddin Əttar Mövlana Cəlaləddin Ruminin zehin dünyasını formalaşdıran ən mühüm simalardan biri kimi tanınır. Məlum olduğu üzrə bütün dünya Mövlananı metafora və məcazın dilindən çox usta bir şəkildə istifadə edərək həqiqətləri bəyan edən bir alim olaraq tanıyır. Ancaq Mövlana təsəvvüf yolunda bir öndər və özü üçün bir ilham bənbəyi olaraq Fəriduddin Əttarı görmüş, əsərlərindən istifadə etmiş, ona dərin hörmət və ehtiram göstərmişdir.
Mövlana, “Həllacı Mənsurun ruhu Əttarda təcəlli etdi” deyərək onun təsəvvüf anlayışını xülasə bir şəkildə tərif etmişdir. Fəriduddin Əttarın təsəvvüf anlayışı Həllacı Mənsur, Bəyazid Bistami və Əbu Said Əbil-Xayr kimi mütəfəkkir və alimlərin təsəvvüf anlayışının inkişaf etdirilmiş və tamamlanmış bir davamı mahiyyətindədir.
Fəriduddin Əttarın qeyd etdiyinə görə əldən çıxdıqdan sonra heç vaxt geri dönməyən şeylər var. Ağızdan çıxan söz bunlardan biridir. Söylənən bir söz yaydan çıxan ox kimidir, atdıqdan sonra geri gəlməz. Düşünmədən söz söyləyənin peşman olması qaçınılmazdır. Söyləmədiyin bir sözü nə vaxtsa söyləyə bilərsən. Ancaq söylədiyini geri gətirmək artıq mümkün deyil. Əttara görə ömür də söz kimidir. İnsan hər bir nəfəsini qənimət bilməlidir. Çünkü ömür bittikdən, söz də ağızdan çıxdıqdan sonra bir daha geri dönməzlər.

Fraza jurnalı, 
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top