Fazil Mustafa: "Əgər iftar süfrəsi vermək istəyirsənsə..."


"Pandemiya ilə bağlı qoyulan qadağalar Ramazan ayında iftar süfrələrində də özünü büruzə verəcək. Aidiyyəti üzrə məhdudiyyətlərin forması tərtib olunsa, yaxşı olar. Məsələn, iftar süfrəsində bir masa arxasında 3 nəfərdən artıq şəxsin oturmasına icazə verilməsin".
Yeniavaz.com
 xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa AzTV-nin efirində yayımlanan "Çıxışa doğru" proqramında deyib. 
O bildirib ki, tam qadağalar tətbiq etmək olmur: “Qadağalar çox olduqca insanlar qeyri-rəsmi yollarla bir yol tapıb, bunu edəcək. Sahibkarların da vəziyyətini müəyyən qədər anlamaq lazımdır. Vaxtilə vəsait ayırıb öz biznesini qurub, indi də çevik şəkildə başqa bir iş qurmaq alınmır. Sahibkar da öz işçilərini saxlamalı, onlara əmək haqqı verməlidir”.
F.Mustafa onu da qeyd edib ki, Ramazan ayında iftar süfrəsinə toplaşmaq əvəzinə insanlara yardım etmək olar:
“İndi Ramazan ayıdır. Bizə də çox müraciətlər oldu ki, bu ayı necə keçirək. Dedim ki, biz heç bir iftar süfrəsində olmayacağıq. Əgər iftar süfrəsi vermək istəyirsənsə, ona çəkəcəyin xərclə qida məhsullarını alıb, elə həmin insanların evlərinə aparmaq daha savabdır. Qoy elə evində öz ailəsi ilə iftar etsin.
Şərtlər elədir ki, məntiqlə insanın sağlamlığının əsas olduğunu qəbul etməliyik. Digər bütün qaydaları təxirə salmaq mümkündür. Heç nəyi qadağan etmək olmaz, müəyyən məhdudiyyətlərin tətbiqi daha yaxşı olardı”.
Toyların gizlin keçirilməsi məsələsinə də toxunan millət vəkili nə sahibkarın, nə də toy sahibinin günahının olduğunu bildirdi: “5-10 nəfərlə də olsa qadağadan çıxaraq, müvafiq orqanlara müraciət edərək icazə ala bilər. Bu ailə qurulmalıdır. Ailənin bir aydan sonra qurulmaması, bəlkə də böyük faciələrə, sosial problemlərə səbəb ola bilər”. 

DİGƏR XƏBƏRLƏR

Top