Təravih namazının tarixi və qılınma şəkli


Təravih namazı Ramazan ayına məxsus bir ibadətdir və yatsı namazından sonra qılınır. “Təravih” sözü lüğəvi olaraq “rahatlatmaq”, “dincəltmək” mənasına gəlir. Allah Rəsulu (s.ə.s) təravih namazı qılmışdır. İslamda alimləri “Ramazan ayını inanaraq və savabını Allahdan (c.c) gözləyərək ehya edən (gündüzü oruç, gecəni ibadətlə keçirən) şəxsin keçmiş günahları bağışlanar” (Buxari, Salatut-təravih, 1) hədisində nəzərdə tutulan mənanın gecə ibadəti və təravih namazı olduğunu qeyd etmiş, bu hədisi əsas alaraq təravih namazını qadın-kişi hər bir müsəlman üçün sünnə (Peyğəmbər yolu) olduğunu demişlər.
Təravih namazı orucun deyil, Ramazan ayının sünnəsi, yəni Ramazan ayına bağlı ibadət olduğuna görə oruc tutmayan da bu namazı qıla bilər. Allah Rəsulu (s.ə.s) təravih namazını ilk olaraq camaata qıldırmış, ancaq ümmətinin yükünü, məsuliyyət və mükəlləfiyyətini artıra biləcəyindən çəkinərək bunu tətbiq etməkdən vaz keçmişdir. Belə ki, Allah Rəsulu (s.ə.s) təravih namazını 2 və ya 3 gün məsciddə qıldırmış, məsciddə camaatın çoxaldığını gördükdə isə bu namazı qıldırmaq üçün məscidə, camaat hüzuruna çıxmamışdır. Səbəbi isə Allahın (c.c) bu ibadəti fərz etmə qorxusu olmuşdur (Buxari, Təhəccüd, 5). Səhabələr dövründən bu yana, ümumiyyətlə ilk dövr müsəlmanlarından günümüzə qədər bu namaz Peyğəmbər (s.ə.s) sünnəsi olaraq qılınmışdr.
Bəzi alimlərə görə, Həzrət Peyğəmbərimizin (s.ə.s) təravih namazını qıldırdığına dair bu hadisədən başqa əldə hər hansı rəvayətin olmaması, həmçinin səhabələrin bu namazla bağlı Ona (s.ə.s) hər hansı sual verməmələri, Allah Rəsulunun (s.ə.s) bu namazı risalətin, yəni peyğəmbərliyin sonuncu ilində qıldığına dəlalət edir.
Həzrət Əbu Bəkrin (r.a) iki illik xilafəti dövründə təravih namazı müsəlmanlar tərəfindən camaat halında deyil, tək-tək olaraq qılınırdı. Bu hal Həzrət Ömərin (r.a) xəlifəliyi illərində də qismən davam etdi. Həzrət Ömər (r.a) insanların təravih namazını dağınıq şəkildə qılmaqdansa, bir imamın arxasında toplanaraq camaat halında qılmalarının daha uyğun olacağına qənaət gətirmişdi.
Allah Rəsulu (s.ə.s) vəfat etdiyinə görə artıq vəhy kəsilmiş, təravih namazının fərz qılınma ehtimalı da aradan qalxmışdı. Həmçinin tək-tək qılınan təravih namazı məsciddə dağınıq bir mənzərə ortaya çıxarırdı. Bütün bunları nəzərə alan Həzrət Ömər (r.a) 635-ci ildə (hicri 14-cü il) səhabələrdən Quran tilavəti çox yaxşı olan, eyni zamanda Həzrət Peyğəmbərimizin (s.ə.s) vəhy katiblərindən olan Ubey ibn Kabı (r.a) camaata təravih namazını qıldırmaq üçün imam təyin etdi. Bu vaxtdan etibarən təravih namazı camaaat halında qılınmış, günümüzə qədər də bu şəkildə davam edərək gəlmişdir.
Hədis qaynaqlarında qeyd edildiyi üzrə, Həzrət Peyğəmbərimiz (s.ə.s) gecə namazlarını iki rükət olaraq qılmışdır (Buxari, Vitr, 1-2). Fəqihlər də buradan yola çıxaraq təravih namazının hər iki rükəttə bir salam verərək qılınmasının daha fəzilətli olduğunu qeyd etmişlər.
Həzrət Peyğəmbərimiz (s.ə.s) həyatda ikən, həmçinin səhabələr dövründə təravih namazı olduqca uzun qiraətlə, yəni uzun surələr oxunaraq qılınırdı. Ancaq uzun qiraətlə qılınan təravih namazları camaata əziyyət verməsin deyə, həmçinin namaza gələn camaatın sayını çoxaltmanın qiraəti uzatmaqdan daha faydalı olacağına görə bu namaz daha qısa şəkildə, daha qısa surələr oxunaraq qılınmağa başlanmışdır. Beləcə fiqh alimləri təravih namazının hər rükətində bir uzun, ya da üç qısa ayə oxunaraq qılınmasının yetərli olduğu demişlər. Bununla yanaşı namazın ədəb və ərkanına, xüsusilə tədili-ərkana riayət edilməsi lazımdır. Çünki namazı tədili-ərkana diqqət etməyəcək qədər sürətli qıldırmaq doğru deyildir.
Təravih namazı digər namazlarla müqayisədə daha sürətli qılınır. Ancaq bu, namazda oxunacaq surə və ayələrin məxrəc və tələffüzünü pozacaq, mənanı anlaşılmaz hala gətirəcək formada olmamalıdır. Bu baxımdan təravih namazını həddindən artıq sürətli şəkildə qılmaq və qıldırmaq məkruhdur. Qiraətlə yanaşı namazın digər rüknlərində də tələsmək doğru deyil. Kəlmələri tək-tək oxumaq, məxrəcləri doğru bir şəkildə çıxarmaq, rüknlərə doğru-düzgün əməl etmək lazımdır.
Təravih namazı başlayandan sonra məscidə gələn bir şəxs əvvəlcə yatsı namazını qılmalı, daha sonra da təravih namazı üçün yetişdiyi yerdən imama qoşulmalıdır. Çünki təravih namazı yatsı namazına tabedir və ondan əvvəl qılınmaz. Təravih namazının vaxtı yatsı namazından sonra fəcrə, yəni səhər namazının girdiyi vaxta qədər olan müddətdir. Təravih namazını vitr namazından sonra qılmaq caiz olsa da, təravihi vitr namazından əvvəl qılmaq daha doğrudur. Təravih namazı əzan və qamət oxunmadan qılınır və bu namazı qılmayan şəxs üçün həmin Ramazan gecəsinin təravih namazını qəza etmək borcu yoxdur, yəni təravih namazının qəzası olmaz. Təravih namazı iki rükətdən bir salam verilərək qılınarsa, səhər namazının ilk sünnəsi kimi, dörd rükətdə bir salam verilərək qılınarsa, ikindi namazının sünnəsi kimi qılınır. Ancaq bir fərq var ki, təravih namazı 2, ya da 4 rükətli qılınmasından asılı olmayaraq imam bütün rükətlərdə Fatihə və digər surələri səsli olaraq oxuyur.
Əgər təravih namazı xətmlə qılınmırsa, camaatın da qısa surələri əzbərləməsini təmin etmək məqsədilə imamın “Duha”, ya da “Fil” surəsindən sonrakı surələri oxuması daha faydalı olar.
Ölkəmizdə bir ildən artıqdır davam edən pandemiya şəraitinə görə məscidlər bağlıdır. Həmçinin qonşu ölkələrdə də bu pandemiya şəraitinə görə məscidlərə sadəcə müəyyən sayda insanların sosial məsafəni qorumaq şərtilə namaza gəlməsinə icazə verilir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, əgər Ramazan ayında təravih namazını məsciddə camaat halında qılmaq mümkün deyilsə, bu namazı tərk etməmək üçün evdə ailə üzvləri ilə bərabər qılmaq ən doğru seçim hesab oluna bilər.

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top