Mirvari Qəhrəmanlı: “Rövnəq Abdullayevin bu məcəlləyə zidd getməyə ixtiyarı yoxdur” – Əmək Müfəttişliyindən AÇIQLAMA


Xəbər verdiyimiz kimi, SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov qurumun əməkdaşlarının və onların ailə üzvlərinin vaksinasiya olunmaları ilə bağlı qərar qəbul edildiyini açıqlayıb. O bildirib ki, əks təqdirdə ya onlar evdən işləməli, ya da ödənişli məzuniyyətə çıxmalıdırlar.

“Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı Yeniavaz.com-a bildirib ki, belə bir qərar verməyə şirkətin ixtiyarı yoxdur: “Şirkətin ixtiyarı yoxdur desin ki, kimin ailə üzvləri vaksinasiya olunmayıb, işə buraxılmayacaq. Ona heç kəsin cəsarəti çatmaz və ixtiyarı da yoxdur. Nə Əmək Məcəlləsində, nə də Operativ Qərargahın qəbul etdiyi qərarlarda belə şey yoxdur. Təşviqat apara bilərlər. Amma işçini işə buraxmamağa, ya da ödənişli məzuniyyətə göndərməyə cəsarətləri çatmaz. Ümumiyyətlə vaksinasiya könüllü prosesdir. SOCAR-ın hər şeyə burnunu soxmaq ixtiyarı yoxdur. Əmək qanunvericiliyinə, Operativ Qərargahın, TƏBİB-in verdiyi qərara ziddir. Ölkədə işçinin işə qəbulu, işə buraxılmaması, ödənişli və ya ödənişsiz məzuniyyətə çıxarılması ölkənin əmək qanunvericiliyi olan Əmək Məcəlləsi ilə tənzimlənir. Hansı ki, parlament qol çəkib, ölkə başçısı təsdiq edib. Nə Rövnəq Abdullayev, nə də hansısa bir vitse-prezidentin bu məcəlləyə zidd getməyə ixtiyarı yoxdur. Qohum-əqrəba hər yeri bürüyüb, elə bilirlər ki, kimin ağlına necə gəldi qanunvericiliyi poza bilər. Ölkənin əmək qanunvericiliyi var, canları çıxıb ona tabe olmalıdırlar. Şirkətin ixtiyarı yoxdur belə qərar versin ki, əgər ailə üzvləri vaksinasiya olunmasa işə buraxılmayacaq. Belə bir əmr hazırlayıblarsa psxiatra ehtiyacları var”.

M. Qəhrəmanlı bildirib ki, Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən işəgötürən məsuliyyət daşıyır və Dövlət Əmək Müfəttişliyi Xidməti məsələyə münasibət bildirməlidir:
“Azərbaycan Əmək Məcəlləsinin 310-cu əsas maddəsində yazır ki, əgər işəgötürən bu məcəllənin maddələrini, bəndlərini pozursa o qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyır.

Əmək Müfəttişliyi zəhmət çəksin bu məsələyə münasibətini bildirsin. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən, bu məcəllənin maddələrinə dövlət nəzarətini edən Əmək Müfəttişliyidir”.
Dövlət Əmək Müfəttişliyi Xidmətindən Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirildi ki, qeyd edilən məsələ qurumun fəaliyyət istiqamətinə aid deyil: “Hər hansı işçinin əmək hüquqlarının pozulması barədə şikayəti olarsa, bu barədə Xidmətə rəsmi müraciət edə bilər, müraciət araşdırılacaq və vətəndaşa rəsmi cavab veriləcək".

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top