Azərbaycan əhalisinin sayı AÇIQLANDI


Bu ilin əvvəlindən ötən 2 ay ərzində Azərbaycan əhalinin sayı 3 min15 nəfər artaraq fevral ayının 1-də 10 milyon 122 min 148 nəfərə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əhalinin 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 49,9%-ini kişilər, 50,1%-ini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı ölkə üzrə 117 nəfər olub.
Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 10 min 812 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib. Doğulanların 53,4%-i oğlan, 46,6%-i isə qız uşaqlarıdır. Körpələrdən 238-i əkiz, 6-sı isə üçəm doğulanlardır.
2021-ci ilin yanvar ayı ərzində ölkədə 7972 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 9,4 təşkil edib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk ayında 2 min 717 nikah və 1 179 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,2, boşanmaların sayı isə 1,4 olub. 
Bu ilin yanvarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top