Ana başqası ilə ailə qurub, amma yolunu gözləyən var... - FOTO

Talehlə Mingəçevirdəki Uşaq Nevroloji Sanatoriyasının qapısının ağzında qarşılaşdıq. O, yoldan keçənlərə baxa-baxa boğuq səslə nə isə deyirdi. Ayaq saxlayıb, onunla maraqlandıq. O, utana-utana: "Anamı gözləyirəm",-dedi.

- Sənin anan haradadır?

- Məni atıb gedib. 15 ildir onun yolunu gözləyirəm.

- Onun gələcəyinə əminsənmi?

- Ümid edirəm ki, nə vaxtsa buradan keçəcək.

Taleh 15 ildir ki, Uşaq Nevroloji Sanatoriyasının sakinidir. Uşaq Nevroloji Sanatoriyasının baş həkimi Fəxrəntac Hüseynovanın sözlərinə görə, o, bir yaşından bu sanatoriyada müalicə alır: "Anası Talehi bura gətirəndə o, nevroloji aşağı ətrafların parezindən əziyyət çəkirdi. Biz Talehin müalicəsi ilə məşğul olduq və o, 3 yaşında yeriməyə başladı".

"Amma nevroloji vəziyyəti hələ var", - sözləri ilə söhbətini davam etdirən Fəxrəntac xanım bunu onun mənəvi aləmindəki boşluqla əlaqələndirdi: "Bu uşaq evlərini, anasını istəyir. Ana isə…"

Baş həkim fikrini tamamlamaqda çətinlik çəkdi. Az sonra özünə birtəhər təskinlik verib dedi: "Atası rəhmətə gedəndən Taleh anasının ümidinə qalıb. Küçələri süpürməklə çörəkpulu qazanan ana uşağı, yəni Talehi də özü ilə işə aparmalı olub. Təbii ki, ana işləyərkən onu gah asfaltın, gah daşın, gah da soyuq oturacaqların ümidinə buraxmalı olub. Nəticədə, Taleh xəstəliyə düçar olub. Sözün düzü, anası Talehi bizim yanımıza gətirəndə onun sağalacağına ümidimiz az idi. Allaha çox şükür ki, səylərimiz nəticəsində Taleh yaxşı oldu. Amma..."

Söhbətinin bu yerində Fəxrəntac xanım yenə tutuldu. "Bu qəmli həyat hekayətini danışa bilmirəm", - deyərək dərindən köks ötürdü. Belə məqamda ona növbəti sualı vermək istəmədik. Handan-hana o dilləndi: "Amma sonradan Talehin anası oğlunun arxasınca gəlmədi".

Daha sonra Talehin anasının axtarışlarından söz açan baş həkim onun Şəkidə yaşayan yaşlı bir kişiyə ərə getdiyini öyrəndiklərini bildirdi: "Bütün bunlar barədə Talehə məlumat vermədik. Taleh isə hər gün onun yolunu səbirsizliklə gözləyirdi. Nəhayət, günlərin bir günü, daha doğrusu, bu yaxınlarda Talehin anası gəldi. Amma…" Növbəti "amma"dan sonra Fəxrəntac xanım fasilə etmədi: "Amma övladına sahib çıxmaq istəmədi. Sadəcə bizə nəql etdi ki, bəs həyat yoldaşı ona deyib ki, get, uşağını gör, ancaq onu dalınca bura gətirmə… İnandırım sizi, o, bura gələndə Talehin: "Ana, məni də özünlə apar", - deyərək necə ağladığını görsəydiniz, ürəyiniz parçalanardı. Oğlunun fəryadları ananın daş ürəyini yumşalda bilmədi".

Fəxrəntac xanımın daha sonra dedi ki, Taleh məktəbə də gedir: "O, 72 saylı köçkünlər məktəbinin 8-ci sinifində oxuyur. Onu da deyim ki, biz Taleh kimi uşaqları 16 yaşına qədər Uşaq Nevroloji Sanatoriyasında saxlaya bilirik. Ona görə də belə uşaqların gələcəyini nəzərə alıb onların bir sənət sahibi olmalarına da çalışırıq. İndi Taleh bərbər uştasından bu sənətin incəliklərini öyrənir. Yeri gəlmişkən, adının çəkilməsini istəməyən bir iş adamı var ki, belə uşaqların təhsil, sənət almasında bizə təmənnasız kömək edir. Allah belə iş adamlarının işlərini həmişə avand eləsin".

Ölkəmizdə uşaq hüquqları nə dərəcədə qorunur? Əgər belə demək mümkünsə, bu hüquqlar nədənsə, yalnız bir gün - 1 iyunda müzakirə olunur, halbuki bu hüquqlar hər gün yada düşməlidir. Biz deyirik ki, uşaqlar bizim gələcəyimizdir. Uşaq evinin soyuq divarları arasında inildəyən Taleh kimi uşaqların hansı gələcəyindən danışmaq olar? Bu uşaqlar uşaq evlərini tərk etdikdən sonra zorakılığa da məruz qalırlar. Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə məşğul olan xüsusi Dövlət Komitəsi də fəaliyyət göstərir. Lakin bütün bunlara baxmayaraq, ölkədə zorakılığa məruz qalan kifayət qədər uşaq var. Mingəçevirdəki uşaq evinin 22 yaşlı sakini Namiq (getməyə yeri olmadığına görə bu günə qədər uşaq evində gecələyir) dəfələrlə polis şöbəsi tərəfindən saxlanılıb. Ona görə ki, uşaq evindən kənara çıxan kimi küçə uşaqlarına qoşulub istədiyini edir.

Lakin Taleh deyir ki, burada ona doğma münasibət göstərirlər: "Lakin mən bu divarların arasında sıxılıram".

O, sanatoriyanın işçilərinin onu hərdənbir evlərinə apardıqlarını da söylədi: "Mən onlara gedəndə heç bura qayıtmaq istəmirəm. Onda nələr keçirdiyimi bir Allah bilir. Xəyal qurmağı da xoşlayıram. Hərdən tək bir otağa çəkilib anamla "danışıram". Bilirsiniz, mən onu nə qədər istəyirəm?"

Bəli, Talehin ən böyük arzusu anasına qovuşmaqdır: "Anamı istəyirəm, anamı. Bilirəm ki, o, məni atıb, amma yenə mən onu istəyirəm, onu".

Talehə bir sual da verdik: "Sən böyüyəndə ananı bağşlayacaqsanmı?" Cavabı belə oldu: "Anamı çox istəyirəm, amma bu istəyim qədər ona nifrətim var. Axı mən uşaqlıq illərinin nə olduğunu bilmədim. Anamın əlindən tutub heç yerə getmədim. Hərdən pəncərədən valideynlərinin əlindən tutub dərsə gedən uşaqları görəndə qəhər məni boğur. Onların arxasınca elə həsrətlə baxıram ki... Kaş mənim də valideynlərim olaydı. Axı mənim günahım nədir?"

...Sanatoriyadan ayrılanda Taleh bir ismarıc da göndərdi: "Əgər anamı görsəniz, deyin, gəlib məni aparsın".

- Onun gələcəyinə əminsənmi?

- Ümid edirəm ki, o da nə vaxtsa buradan keçəcək.

Bəli, Talehə görə o ana buradan nə vaxtsa keçəcək. Amma Taleh bilmir ki, zaman ötür, artıq iki ildən sonra uşaq evindən çölə atıldıqdan sonra onu hansı tale gözləyir. Bax, bunlardan Talehin xəbəri yoxdur. Bu kimi uşaqların problemləri ilə məşğul olmaq gələcəyin təməlini qoymaq deməkdir. Gələcək məhfumu isə mücərrəd bir anlayış deyil. Gələcək bu günkü uşaqlardır və biz onların problemlərinin həlli ilə nə dərəcədə məhəbbətlə, qayğı ilə məşğul olacağıqsa, gələcəyin təməli də o dərəcədə möhkəm və sağlam olacaq.

Məqalə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)"Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma"regional proqram çərçivəsində elan olunan müsabiqəyə təqdim etmək üçündür.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top