Bakıda saxta endirimlərin təzə üsulu

Bir çoxumuz 50-70, bəzən 80 faiz endirim yazılan reklamlar görmüşük. Belə hallar demək olar ki, şəhərin bir çox satış nöqtələrinin vitrinində və ya küçələrdə quraşdırılan reklam lövhələrində yayımlanan çarxlarda əks olunur. Lakin bir çox hallarda alış-veriş edərkən yazılan endirimlərin doğru olmadığını anlayırsan. Məsələn, srağagün bir paltar dükanının qapısında 50 faiz endirim yazıldığını görüb içəri daxil oldum. Ürəyimə yatan bir köynəyi götürüb qiymətini soruşdum. Satıcı 16,50 AZN olduğunu dedi. Bildirdi ki, endirimlə isə 15,50AZN olacaq. 50% endirimlə hesablayanda köynəyin qiyməti 8.25 AZN olmalı idi. Satıcıdan bunu soruşduqda dedi ki, biz malın üzərinə əlavə etdiyimiz qazancın əlli faizini nəzərdə tuturuq. Yəni 50 faiz endirim qazanacağımız məbləğə aiddir...

Belə hallarla tez-tez rastlaşırıq və təəssüf ki, çox zaman da haqqımızı tələb edə bilmirik.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeniavaz.com"a bildirib: “Endirimlər bütün dünya ölkələrində mövcuddur. Azərbaycanda, o cümlədən başqa ölkələrdə 50, 70, bəzən 80 faiz endirimlər olur. Lakin endirimlərlə bağlı aşağıdakı problemlər yaranır:

1. Elektron vasitələrdən baxarkən istehlakçı endirim görürür, yaxınlaşır dükana. Sonradan məlum olur ki, endirimlər o mallara aid deyil - müştəri aldadılır.

2. Endirim yazılmış reklam materialını vətəndaş küçədən görürür, girir dükana. Məhsulu seçir, seçəndə deyirlər ki, yox, endirim bu mala aid deyil.

3. Endirim kampaniyasında alınan mal istehlakçının tələbini ödəmədikdə onu dəyişmək və ya qaytarmaq istədikdə deyirlər ki, endirim kampaniyasında alınan mallara bu şamil olunmur.

Hal-hazırda bu 3 növ problem ölkədə yaşanır. Qeyd edək ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, malların etiketində məsul şəxsin imzası ilə ona qiymət yazılmalıdır. Yəni rəsmi sənəd olmalıdır. Əvvəlki qiymətin üstündən xətt çəkilib, ikinci qiymətlə satış etmək qanun pozuntusudur. İstehlakçının hüququ var: malın ilkin qiymətlərini göstərən sənədlər ona təqdim edilsin və onu sonrakı qiymətlərlə müqayisə edə bilsin, real endirim olub-olmadığını araşdıra bilsin. Təəssüf ki, Azərbaycanda satılan malların 70 faizinin rəsmi qiymət sənədləri olmur. Ümümilikdə qarşı tərəf istehlakçını aldatdığı üçün o, dövlət orqanlarına məlumat verərsə, yəni İqtisadiyyat Nazirliyinə məlumat verərsə və həmin qurum özündə cəsarət tapıb normal yoxlama apararsa, istehlakçının hüquqlarını qoruyarsa, saxta endirim edəni 1500 manata qədər cərimə gözləyir”.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top