"Ailədə rahatlıq tapan, heç yerdə hündürmərtəbəli bina axtarmayacaq" – Psixoloq yeniyetmələrin intiharlarından DANIŞDI


"Bu gün hər bir ailəyə bir psixoloq şərt olub. Əgər valideynlər bacarmırsa, heç olmasa bir saatlıq mütəxəssislə söhbət etsin. Hər şey geyim, pul, gəzmək, hədiyyə deyil. Cəmiyyət bunu anlamalıdır, əks təqdirdə intiharlar səngiməyəcək. Ailədə kimsə pul qazana bilmirsə, dəb-dəbəli geyinmək istəyirsə və pul tapmırsa, bunu problemə çevirir. Bunu da uşaqlara yansıdırlar. Ailədə rahatlıq tapan yeniyetmə inanın ki, heç yerdə hündürmərtəbəli bina axtarmayacaq. Həmin uşağın axtardığı tək şey valideynilə çay içib söhətləşmək, onunla gəzmək, oyun oynamaq olacaq. Valideynlər nə qədər psixoloqların dediyini qəbul etməyəcək, o zaman belə hallar artmış olacaq".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri psixoloq Vəfa Rəşidova saytımıza açıqlamasında bildirib. O qeyd edib ki, intihar şəxsin ailə üzvlərinin və cəmiyyətin laqeydliyinin nəticəsidir: “Son zamanlar intihar halları artıb. Hər zaman çıxışlarımda ən böyük diqqəti valideynin üzərinə kökləyirəm. Ailədə sevgi görməyən, fikirləri evdə diqqətə alınmayan yeniyetmələr intihara daha çox meyilli olurlar. Söhbət 30-35 yaşlı şəxdən deyil, yeniyetmədən gedirsə, ailənin burada böyük rolu var. Amma bu, o demək deyil ki, hər şey ailədən asılıdır. Mən demirəm ki, ata-ana övladına “get intihar et”, deyir. Məsələ bu yox, intihara qədər gedən yoldur. O intihara qədər gedən yolda hansı söhbət olub, nələr baş verib, hansı sözlərdən istifadə olunub, yeniyetməyə qarşı təhqir, tənqid, şiddət olubmu və ya ailə tərəfindən basqılara məruz qalıbmı? Yeniyetmələr arasında intihar hadisəsi olduqda bunu danışmaq lazımdır. Niyə kimsə bunu danışmır? Heç bir cəmiyyət intihara susa bilməz, eləcə də bizim cəmiyyətdə buna susmurlar. Hər kəs etirazını bildirir. Bizdə valideynlərin övladlarına düzgün yanaşıb-yanaşmamasına susulur. Valideynlər deyir ki, 50 il bundan əvvəl bizi də döyüblər, söyüblər. Cəmiyyət birdəfəlik bunu anlamalıdır ki, dünənlə bu gün arasında fərq var. Sən dünən yediyini bu gün yemək istəmirsən, necə bu günlə 50-60 il bundan öncəni müqayisə edə bilərsən. Valideynlər özlərini korreksiya etmirlər və yeniyetmə övladları ilə necə münasibət qurmaq lazım olduğunu bilmirlər. Valideyn ətrafında görür ki, məşhurlar, həkimlər çox pul qazanır buna görə də övladına təzyiq göstrər ki, sən mütləq həkim, professor, hüquqşunas, psixoloq olmalısan. Bu təzyiqlərdən danışmaq lazımdır. Bəli, bu mövzularda susulur. Hər şey ilk öncə ailədən başlayır. Bundan başqa, valideyin övladı ilə dost olmalıdır, onun hər bir işi ilə maraqlanmalıdır, kimlə gedir-gəlir, dostları kimdir, bəlkə düşdüyü mühit, dostları doğru deyil. Ən həssas yaş yeniyetməlik dövrüdür və onların kritik dövrləri olur. Başlayırlar yanlış insanlara təlqin etməyə, onlar necə edirsə, o da elə edir. Belə hallarda valideyn özünü obraz olaraq göstərərsə, övladı intihar edən yeniyetməni deyil də, valideyni obraz olaraq seçəcək”. 
Vəfa Rəşidova məktəb psixoloqlarının fəlaliyyəti haqqında danışarkən bildirdi ki, həmin psixoloqlar biliklərini artırmalı, yeni çıxan metodları öyrənməlidirlər: “Məktəbdə olan psixoloqlar çox yaxşı psixoloqlar ola bilər, amma onlar öz üzərlərində işləmirlər. Əgər bir sinifdə 20-30 şagird varsa, onlardan hansılarının depressiyada olduğunu psixoloq təyin etməli və ən azından valideynə çatdırmalıdır.  Ən böyük cinayətkar o psixoloq ola bilər ki, uşağın depressiv halını görüb, valideynə deməsin. Bu intihar edən şəxslə əlbir olmaq deməkdir. Psixoloq özünü inkişaf etdirməli, yeni metodlar öyrənməlidir. Məktəb psixoloqları yanlız meditasiya edir. Bu doğru deyil. Ağır depressiyada, təşviş pozuntuları yaşayan uşaqlar var. Ağır ailə-münaqişələri yaşayan uşaqlar var ki, fikrini heç dərsinə belə yönəldə bilmir. Bunları görmək lazımdır. Meditasiya belə uşaqlara faydalı deyil. Məktəb psixoloqu öz üzərində işləmsə, belə hallar inanmıram azalsın. Hətta daha qorxulu rəqəmlərə qədər gəlib çıxa bilərik. Hər şeyi məktəb psixoloqu ilə əlaqələndirmirəm, amma onlar məsuliyyət daşımalıdırlar”.

DİGƏR XƏBƏRLƏR

Top