"Nur şəhəri"ndə mənzillər bahalaşıb


Ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə əsasən bina evlərində 1, 2 otaqlı mənzillərin qiyməti əl yandırır. Şəhər sakinləri bildirirlər ki, ötən il bu vaxt birotaqlı bina evlərinin qiyməti 20-22 manat idisə, hazırda 28-30 min manata təklif edilir. Rəyi soruşulanlar bildirirlər ki, Mingəçevirdə əsasən satışa çıxırılan “Leninqrad” və “Xruşovka” tipli 1 və 2 otaqlı mənzillərdir ki, onların təmirsiz olanına belə yaxın düşmək olmur. Şəhər sakinləri isə onlar üçün mənzil almağın mümkünsüzlüynü bildirirlər.
Şəhər sakini İslam Şirinov bahalaşmaya ipoteka krediti ilə satışın səbəb olduğunu deyir. Amma əksər şəhər sakinlərinin aldığı maaş ipoteka ilə ev almağa imkan vermir.
Şəhər sakini İslam Şirinov: “Qiymətlər həddən artıq yüksəlib. İpotekaya da çox adamın gücü çatmır, Mingəçevir kimi şəhərdə əmək haqqı 300-400 manatdır. İpoteka almaqdan ötəri aşağısı gərək 700-800 manat əmək haqqın ola. Belə görünür ki, imkansız təbəqəyə ev almaq qismət olmayacaq. “Leninqrad” tipli mənzillər bahadır, birotaqlısı 25-30 minə qalxıb, çünki birotaqlıları ikiotaqlıya çevirib, mətbəxi eyvana çıxarmaq olur. Təmirsiz, bir otaqlı “Xruşovka”nı isə 25 min manata tapmaq olar. 
Digər səhər sakini Mübariz Həsənov deyir ki, şəhərin mərkəzində qiymətlər çox yüksəkdir: "Bahalaşma o dərəcədədir ki, heç soruşmaq olmur. Aşağı olsa, camaat da ala bilər. İpoteka ilə maraqlanırıq, mümkün deyil indiki vəziyyətdə. Minumum əmək haqqı elədir ki, onunla ipoteka almaq mümkün deyil. Yaxın durmaq olmur”.
Mingəçevirdə relitor xidmətdə çalışanlar da qiymətlərin artdığını təsdiqlədilər. İpoteka krediti ilə ev alanların sayının artması bəzi ev satanların süni qiymət artımı etməsinə səbəb olub. Daha çox bina evinə tələbat artdığından, şəraitli həyət evləri nisbətən ucuzlaşıb. Ev alqı-satqısı ilə məşğul olanlar ay ərzində 3-4 ev satışı etsələr də alıcının az olmadığını bildirdilər. 

Relitor Aydın Heydərov: "Birotaqlı "Xruşovka" evi keçən il 21 minə alırdınsa, indi 25-26 minə qalxıb. Evlərdə 5-6 min fərq var. 2 otaqlı evlərdə də, məsələn, keçən il alırdın 33-34 minə, bu il 38-40 minə qalxıb. Buna səbəb də ipoteka kreditinin verilməsi oldu. Ona görə də alqı-satqıda canlanma var. Banklar tərəfindən ipoteka krediti verilməsəydi, inandırım sizi, evlərin qiyməti 30 faiz düşəcəkdi”. 
Relitor Vüqar Yusifov isə deyir ki, ipotekaya görə tələbat çoxdur, müştəriyə ürəyi istəyən kimi ev vermək olmur: ”Birdən olur ki, fantastik qiymətlər deyən olur. Müştəriyə deyirik ki, bu real qiymət deyil, o isə deyir ki, belə sat. 4-5 otaqlı evi 95-100 min manata deyirlər. Belə götürəndə də ondansa məhəllə evi daha sərfəldir".. 
Ev-alqı satqısı ilə məşğul olanlar bildirirlər ki, daha çox müştərilər şəhər mərkəzində mənzil almağa can atırlar. Onu da qeyd edək ki, hazırda Mingəçevirdə kirayə və torpaq alqı-satqısı edənlərin aktivliyi o qədər də müşahidə edilmir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top