Empatiya insana nə qazandırır?


Empatiya bir şəxsin özünü qarşısındakı şəxsin yerinə qoyaraq, hadisələrə onun baxış bucağı və onun gözü ilə baxması, o şəxsin duyğu və düşüncələrini doğru bir şəkildə başa düşməsidir. Empatiya quran şəxs bir müddət üçün belə olsa, qarşısındakı şəxsin roluna, onun dünyasına girə bilməli, sonra da yenidən öz roluna, öz baxış bucağına qayıtmalıdır. Empatiya qurarkən əsas məsələ qarşıdakı şəxsin duyğu və düşüncələrini anlamağa çalışmaqdır. Bu zaman onunla eyni kədər və ya sevinci yaşamaq əsas deyil. 
Həyatımızın əksər hallarda başqalarının hal və vəziyyətini anlaya bilmək üzərində qurulduğunu desək, hər halda yanılmarıq. Həyat yalnız sevgi, hörmət, səmimiyyət, həmçinin, qarşılıqlı anlaşma əsasına söykənəndə ünsiyyət və münasibətlər gözəl bir şəkildə davam edə bilər. Buna nail olmağın yolu isə fərdlər arasında qurulacaq empatiya duyğusundan keçir. Empatiya qurarkən əsas məsələ qarşıdakı şəxsi anlamaqdır. Bu zaman empatiya quran şəxs nə nə isə itirmiş, nə də ondan nə isə əskilmiş olar. 
Gündəlik həyatın hər sahəsində insanlar öz aralarında empatiya qursalar, ünsiyyət və əlaqə güclənər, düşmənlik və ədavət ortadan qalxar. İnsanlar onlarla empatiya qurulduğunu hiss edəndə anlaşıldıqlarını, onlara əhəmiyyət verildiyini anlayırlar. Digər insanlar tərəfindən başa düşülmək və əhəmiyyət verilmək insana mənən rahatlıq verir, onun özünü daha yaxşı hiss etməsinə səbəb olur. 
Empatiya qurmaq ər-arvad, müəllim-şagird, xəstə-həkim, valideyn-övlad arasında, bütün peşə sahələrində və bütün insan münasibətlərində keçərli olan bir xüsusiyyətdir. 
Müəllim və şagirdlər arasında qurulan isti münasibətlər və empatiya mühiti şagirdlərin məktəbdən daha çox istifadə etməsini təmin edir. Müəllimlərin şagirdləri ilə empatiya qurmaları şagirdlərin motivasiyasına müsbət təsir göstərir və onların öyrənmə həvəsini artırır. 
Sosial həyatda, insanlar arasında baş verən münaqişələrin kökündə empatiya bacarığının yoxluğu və ya əskikliyi durur. Empatiya duyğusu əsas alınanda isə yaşanan bir çox problemlərin tez bir zamanda öz həllini tapdığını görürük. 
Xəstələrə empatiya ilə rəftar etmək müalicə prosesində onların stress, həyəcan və depressiyadan uzaq olmalarına kömək edir, yaşadıqları vəziyyətlə bağlı müsbət reaksiyalar vermələrinə səbəb olur. Bu da xəstənin ümumi sağlamlığına müsbət təsir göstərir. 
Həkimlərin və ümumiyyətlə bütün tibb işçilərinin empatiya duyğusuna sahib olmaları xəstələrlə müsbət əlaqələr qurmalarına kömək edir. Ümumiyyətlə, tibb bacılarına, polislərə, psixoloq və psixiatrlara, ticarət sahəsində çalışanlara empatiya təhsilinin verilməsinin faydalı olduğu sübut edilmişdir. Bu peşə sahələrindən başqa hər hansı iş yerindəki şəxslərə, eyni evi bölüşən fərdlərə, evli cütlüklərə empatiya təhsilinin verilməsi çox faydalıdır. Qeyd edək ki, empatiya təhsilinin əsas məqsədi insanlarda mövcud olan empatiya bacarığını inkişaf etdirmək, həmçinin, bütün yaş qrupundan olan insanlarla yaxşı münasibətlər qurulmasını təmin etməkdir. 
Uşaqlarda empatiya bacarığının inkişaf etdirilməsində isə ailənin mühüm rolu var. Psixoloqlar uşaqların empatiya qura bilmələri üçün üç əsas faktordan bəhs edirlər: 
1. Ata və ana təkcə öz uşaqlarına qarşı yox, başqa insanlara qarşı da empatiya ilə rəftar etməlidirlər ki, onlara nümunə olsunlar. 
2. Ata və ananın bir vəzifəsi də uşaqlarına digər insanları nəzərə almağı və onları dinləməyi öyrətməkdir. 
3. Ata və ana uşaqlarına isti münasibət göstərməli, sevgi və nəzakətlə rəftar etməlidirlər. 
Araşdırmalara görə uşaqlarda empatiya duyğusunu formalaşdıran amillərdən biri, bir şəxs çətin vəziyyətdə ikən digər insanların onunla necə rəftar etdiklərini görməsidir. Uşaqların xüsusilə çətin vəziyyətdə olan insanlara yardım edildiyini görmələri, hətta, onların cüzi də olsa, belə bir yardımda iştirak etmələri uşaqlar üçün ən yaxşı empatiya təcrübəsidir. 
Aparılan araşdırmalara görə yardıma ehtiyacı olan şəxslərlə empatiya qura bilənlər, bu hissdən məhrum olanlarla müqayisədə daha çox yardım edirlər. Digər tərəfdən, empatiya quran şəxs qarşısındakı şəxsin vəziyyətini anlaya bildiyi üçün o şəxsin problemini aradan qaldırmaq üçün daha çox cəhd edir. 
Quran ayələrində müəyyən şərtlər çərçivəsində möminlərə əmr və tövsiyə edilən sədəqə və zəkat vermək, oruc tutmaq kimi ibadətlər müsəlmanlara həm də empatiya duyğusu qazandırır. Bu və digər ibadətlər özlüyündə fədakarlıq etmək, başqasını düşünmək, paxıl olmamaq kimi keyfiyyətlər ehtiva etdiyi üçün bu da insanın empatiya duyğusunu qazanmasında mühüm rol oynayır. 
Empatiya qurmaq qarşıdakı şəxsi dinləmək, onu başa düşmək kimi davam edən bir proses olduğu üçün bu zaman insan səbirli və təmkinli olmalıdır. Bu minvalla Quranda səbrin tövsiyə edilməsi eyni zamanda empatiya qurmağımızı da asanlaşdıran bir amildir. 
Empatiya qurmağımızı asanlaşdıran xüsusiyyətlərdən biri də zənndən (başqa sözlə, gümandan) qaçmaqdır. Bir insanın qarşıdakı şəxsi doğru bir şəkildə anlaması üçün zənnə qapılmamalı, həmçinin, qərəzdən uzaq olmalıdır. Bu mənada zənndən qaçmaq empatiya qurmaq üçün mühüm addımdır. Quranda da zənnə və ya gümana qapılmaq qadağan edilir (Hucurat, 49/12). 
Xəsislik empatiya ilə tamamilə zidd bir məfhumdur. Həzrəti Peyğəmbərimiz (s.ə.s.) müsəlmanların xəsis olmamalarını, bir mənfəət qarşısında təkcə özlərini düşünməyərək, mömin qardaşlarını da yada salmalarını, hadisəyə yalnız öz pəncərələrindən deyil, qarşıdakı şəxslərin pəncərəsindən də baxmalarını istəyir: "Sizdən biriniz özü üçün istədiyini mömin qardaşı üçün də istəmədikcə həqiqi iman etmiş olmaz" (Buxari, İman, 7). 
Empatiya qurmağı təmin edən və bu prosesdə müsbət təsiri olan xüsusiyyətlərlə yanaşı empatiya qurmağı gecikdirən və bu prosesə əngəl olan xüsusiyyətlər də var. Empatiya qurmağa əngəl olan mühüm amillərdən biri də ənaniyyət və ya mənəm-mənəmlik duyğusudur. Ənaniyyət duyğusu bir insanın qarşıdakı şəxsin roluna girməsini və hadisələri onun baxışı ilə görə bilməsini təmin edir. Buna görə də, bir şəxsin empatiya qura bilməsinin əsas şərti ənaniyyət duyğusundan uzaq olmasıdır. 
Bir araşdırmaya görə qarşısındakı insanlarla empatiya qurmağa meyilli şəxslərdə zorakılıq səviyyəsinin aşağı, ancaq empatiya qurmaqdan uzaq şəxslərdə isə zorakılıq səviyyəsinin yuxarı olduğu ortaya çıxmışdır. 
İnsanlar dünyaya gəldikləri gündən etibarən empatiya qura bilmə bacarığına sahib olurlar. Buna misal kimi 1 günlük körpənin ağlayan digər körpəyə ağlayaraq reaksiya verməsini göstərmək olar. Tarixi şəxsiyyətlər və tarixdə baş vermiş hadisələrlə də empatiya qurmağın mümkünlüyündən bəhs edilmişdir. Belə ki, "keçmişdəki bir şəxsin ayaqqabısını geyinərək addımlamaq və onun gözü ilə hadisələri görə bilmək" empatiyanın bu növünə şamildir. 
İslam dini də insanların qarşılıqlı münasibətlərdə empatiya qurmalarını istəyir və bir insanın ona edilməsini istəmədiyi bir şeyi başqalarına da etməməyi tövsiyə edir. 
Quranda empatiya qurmaq "isar" sözü ilə ifadə edilmişdir. "İsar" kəlməsi bir şəxsi və ya bir şeyi digərinə tərcih etmək, üstün tutmaq mənasına gələn əxlaqla bağlı bir məfhumdur. "İsar" ehtiyac içində olsa belə, insanın sahib olduğu imkanları başqalarının ehtiyacı üçün verməsi, xərcləməsi mənasına gəlir. "İsar" təkcə malla edilən bir əməl deyil. Başqalarının rahatlığı üçün öz rahatlığından keçmək də bir növ isardır. Şəhidlik "isar" davranışının ən qiymətli və ən şərəfli olanıdır. Çünki bu zaman bir insan ümum xalqın, insanlığın mənafeyini qorumuş, başqalarının yaşaması üçün öz canını fəda etmiş olur. 
Oruc ibadəti bəlkə də həyatı boyu aclıq və susuzluğun nə olduğunu bilməyəcək bir şəxsin ilin müəyyən günlərində və müəyyən vaxtlarda ac və susuz qalaraq, bu duyğuları birbaşa yaşamasını təmin edən bir ibadətdir. Bu yönü ilə oruc ibadəti bir şəxsin ehtiyac sahibi ilə empatiya qurmasını, onun yaşadığı aclıq hissini yaşamasını, onu bu yönü ilə başa düşərək, ona yardım etməsini təmin edir. 
Quran ayələrində əmr edilən və insanı empatiya qurmağa sövq və təşviq edən digər bir ibadət isə zəkat və sədəqə verməkdir. Zəkat və sədəqə ibadəti sosial həmrəylik və sosial-iqtisadi ədaləti qorumaq üçün gətirilən ilahi bir metoddur. Empatiya quraraq təkcə insanları deyil, hətta, digər canlıları belə anlamağın mümkün olduğunu demək olar. 
Hekayəyə görə bir kənddə sevimli bir eşşək var idi. Bu eşşək uzun qulaqları və parlaq gözləri ilə kəndin bütün uşaqlarının sevimlisi idi. Uşaqlar bu eşşəyi o qədər çox sevirdilər ki, hər gün onun yanına gəlir, o da onları belində gəzdirirdi. Hətta, uşaqların haradan ağlına gəlmişdisə, bu eşşəyə "Qəzənfər" adını vermişdilər. 
Bir gün uşaqların sevimlisi olan Qəzənfər gözdən itir. Artıq onu kənddə görən olmur. Bununla da kəndin uşaqları qəm-qüssəyə bürünürlər. Uşaqların bu qəm-qüssəsi bütün kəndə yayılır və kənd əhli Qəzənfəri axtarmaq qərarına gəlir. Hər yerə baxırlar, ancaq bu sevimli eşşəyi tapa bilmirlər. Həmin kənddə adı Qəzənfər olan yaşlı bir kişi də yaşayırdı. Uşaqlar bəzən qocalığına görə bir az ağlını itirmiş bu adamla zarafat edirdilər. Bir gün yenə kənd camaatı yığışaraq, bu eşşəyin hara gedə biləcəyi ilə bağlı danışırdı. Bu ərəfədə hər kəs yaşlı Qəzənfər kişinin uzaqdan itmiş eşşəyi arxasınca sürüyərək gətirdiyini görürlər. Uşaqlar buna çox sevinirlər və dərhal eşşəyin yanına qaçırlar. Böyüklər də o günə qədər kənddə o qədər də sayılıb seçilməyən bu Qəzənfər kişidən eşşəyi necə tapdığını soruşurlar. O da belə deyir: "Əslində, çox asan oldu. Özümdən: "Əgər mən "eşşək" olsaydım, hara gedərdim?" - deyə soruşdum. Ora getdim və eşşəyi tapdım". 
Empatiya qurmaq həm də ona görə lazımdır ki, biz bu bacarığımızla digər insanları düzgün anlaya və tələb olunan köməyi göstərə bilək. Odur ki, cəmiyyətdə nə qədər çox empatiya qura bilən insan olsa, bir o qədər çox xeyirxahlıq və yardımsevərlik olar... 

Fraza jurnalı,
Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top